Gürcü nazir: “Azərbaycanlılar arasında gürcü dili ilə bağlı vəziyyət ürəkaçan deyil”

“Azərbaycanlıların yaşadığı kəndlərdə gürcü dili ilə bağlı vəziyyət ürəkaçan deyil və biz bunu bilirik”. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə parlamentdə “nazir saatı” formatında Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili deputat Savalan Mirzəyevin müvafiq sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, dövlət dili ilə bağlı problem rayon mərkəzləri və kəndlərdə, həmçinin müəyyən yaş qrupuna daxil olan şəxslər arasında da var. Dövlət naziri qeyd edib ki, 2018-ci ildə gürcü dilinin tədrisi ilə bağlı bir sıra proqramlar reallaşdırılıb: “B2 sertifikatını 3400 nəfər alıb. 246 təlim qrupu yaradılıb ki, bunların da 151-i mobil qruplar olub. Bu qrupların cəlb olunması ilə 10 şəhər və 67 kənddə gürcü dili kursları təşkil olunub. 2019-cu ildə 118 təlim qrupu yaradılıb və 1500 nəfərə gürcü dili öyrədilir”.

K.Tsixelaşvili 2018-ci ildən başlayaraq hərbi xidmətdə olan milli azlıqları təmsil edən çağırışçılara gürcü dilinin tədrisinə başlanıldığını əlavə edib. O, Marneuli və Dmanisidə ruhanilər üçün də gürcü dilinin tədrisi üzrə proqramın həyata keçirildiyini vurğulayıb. Dövlət nazirinin sözlərinə görə, milli azlıqlar arasında gürcü dili ilə bağlı problemin həlli üçün kompleks yanaşma tələb olunur: “Ümid edirəm ki, gələn il bizə verilən suallara daha konkret cavablarımız olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...