İqtisadi sabitləşmə sosial sahədə ciddi dəyişikliklərə səbəb olub

Şəhid vərəsələrinə birdəfəlik ödəmə ilə təminat proqramı 93 faiz icra edilib

Hər bir Azərbaycan vətəndaşı, ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi olur və iqtisadi inkişafın nəticələrini həyat səviyyəsinin yüksəlməsində hiss edir. Müstəqillik dövründə Azərbaycanda həyata keçirilən islahatlar, dövlət proqramlar və layihələr ölkəmizi sürətlə sosial iqtisadi cəhətdən inkişaf edən ölkəyə çevirib. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Son 16 ildə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar və əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin ilk aylarında imzaladığı fərman və sərəncamlar dövlətin yeni sosial paketinin işə başladığını göstərmiş oldu. İmzalanan sənədlər əsasında sıravi vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin və tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb. Görülən işlər, bir daha təsdiq edir ki, ölkədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən, aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb və insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin Onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə, birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrasının nəticəsi olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi üçün dövlət büdcəsindən 135 milyon manat vəsait ayrıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrasının nəticəsi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların və şəhid polis əməkdaşlarının vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. Birdəfəlik ödəmə ilə təminat proqramı artıq 93 faiz icra edilib. Belə ki, daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub. Birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək. Qeyd etdiyimiz ki, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 11403 şəhidin 16949 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul olunub. Əlbəttə ki, ölkəmizdə iqtisadi sabitləşmə sosial sahədə ciddi dəyişikliklərə səbəb olub. Bu və ya digər sərəncamlar dövlət siyasətinin sosialyönümlülüyünü, xalqın sosial qayğılarının həllinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə prioritet təşkil etdiyini göstərir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə