Muxtar respublikada insan hüquq və azadlıqları etibarlı şəkildə qorunur

1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan hüquqları haqqında Ümumi Bəyannamə qəbul edib. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada İnsan Hüquqları Günü kimi qeyd olunur.

Bu gün Naxçıvan Muxtar Respublikasında da insan hüquq və azadlıqları daim diqqət mərkəzində saxlanılır, muxtar respublikanın sosial-iqtisadi və demokratik inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən bildirilib ki, muxtar respublikasında insan hüquqlarının müdafiəsi ilə bağlı hüquq institutlarının inkişafı tarixində ən əhəmiyyətli və yaddaqalan hadisə Ali Məclis Sədrinin təşəbbüsü ilə insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və müstəqil məhkəmədənkənar alternativ hüquq müdafiə vasitəsi olan müvəkkil təsisatının yaradılması olub. Belə ki, 2006-cı il fevralın 20-də “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilib, fevralın 21-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiq edilməsi haqqında Fərman imzalayıb. Ötən dövrdə təsisatın fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılıb, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa edilmiş dəyişiklərlə təsisatın səlahiyyətləri daha da artırılıb. Həyata keçirilmiş bu tədbirlər insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət edib.

Dövlətimizin başçısının “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada bu sahədə inkişafı təmin edib. Belə ki, ötən dövrdə Naхçıvan Muхtar Rеspublikasında hüquq institutlarının inkişafı, hüquq-mühafizə оrqanlarının və məhkəmələrin fəaliyyətlərinin müasir tələblər nəzərə alınmaqla təşkili, eləcə də оnların maddi-tехniki bazasının daha da möhkəmləndirilməsi sahəsində mühüm işlər görülüb, dövlət orqanlarının, o cümlədən məhkəmə orqanlarının müasir texniki avadanlıqlarla təchiz edilməsi, habelə onların fəaliyyətində yeni informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi istiqamətində bir sıra zəruri addımlar atılıb. Müvəkkil təsisatının fəaliyyəti təmin edilib, məhkumların hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə penitensiar xidmətin infrastrukturu təkmilləşdirilib, hər bir vətəndaşın öz konstitusion hüquq və qanunla qorunan mənafelərinin həyata keçirilməsi, o cümlədən əhalinin yüksəkkeyfiyyətli hüquqi yardımla təmin edilməsi məqsədilə vəkillik institutunun hüquqi statusu müəyyənləşdirilib və inkişaf etdirilib.

Bu gün Naxçıvan Muxtar Respublikasında aparılan məqsədyönlü sosial siyasət nəticəsində insanların maddi rifah halı yüksəlib, hüquq və azadlıqların qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsi kimi məşğulluq probleminin həlli mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların sosial müdafiəsinin güclənməsinə, səmərəli məşğulluq üçün əlverişli şəraitin yaradılmasına, özünüməşğulluq və peşə hazırlığı imkanlarının artırılmasına zəmin yaradıb.

Ötən dövrdə muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan sərəncamlarla “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul olunub. Dövlət proqramlarının icrası çərçivəsində bu kateqoriyadan olan şəxslərin sosial təminatının yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait formalaşdırılıb.

Muxtar respublikada qadın hüquqlarının müdafiəsi, o cümlədən məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılıb, onların fəaliyyəti üçün yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını səmərəli şəkildə reallaşdırmalarına yol açıb.

Naxçıvan Muxtar Respublikasında dövlət gənclər siyasəti də uğurla həyata keçirilir. Son illər muxtar respublikada Gənclər Mərkəzi, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, məktəb binaları, olimpiya idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının üzə çıxarılması, o cümlədən onların hüquq sahəsinə olan maraqlarının artırılması, gənclər arasında insan hüquq və azadlıqlarının təbliği daim diqqət mərkəzində saxlanılır və bu tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə mütəmadi olaraq hüquq olimpiadaları və bilik yarışları, intellektual oyunlar keçirilir.

Məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə saxlanılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. 2008-ci ildə məhkumların və saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi ölkəmizdə ilk dəfə olaraq muxtar respublikada istifadəyə verilib. Müasir tələblərə cavab verən bu müəssisənin yaradılması insan hüquqlarının müdafiəsi sahəsində mühüm tədbirlərin davamı kimi xüsusi əhəmiyyətə malikdir. Məhkumların asudə vaxtlarının təşkili və əmək fəaliyyətinin daha səmərəli təmin edilməsi məqsədilə 2016-cı ildə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilib, məhkumlara xalçaçılıq və misgərlik sənəti üzrə kurslar təşkil olunub, onların istehsalat sahəsində hazırladıqları əl işləri muxtar respublikada keçirilən müxtəlif sərgilərdə nümayiş etdirilib.

Miqrantların hüquq və azadlıqlarının qorunması və təminatı da diqqət mərkəzindədir. Saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Saxlanılması Mərkəzi istifadəyə verilib. Qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq mərkəzdə hər cür şərait yaradılıb.

Muxtar respublikada azad mətbuatın fəaliyyət göstərməsi, söz və fikir azadlığının təmin olunması, sürətli internetə çıxış imkanlarının yaradılması insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Ötən dövrdə milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının yaradılması, 2012-ci ildə “Şərq qapısı” qəzetinin internet saytının fəaliyyətə başlaması, 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi üçün yeni internet saytının yaradılması və teleradio verilişlərinin internet üzərindən yayıma başlaması, 2018-ci ildə isə muxtar respublikanın ilk informasiya agentliyinin “Nuhçıxan” İnformasiya Agentliyinin və onun internet saytının yaradılması Ali Məclis Sədrinin mətbuata və kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğısının parlaq təzahürü olmaqla yanaşı, həm də ictimai tribuna kimi insan hüquqlarının təminatı sahəsində görülən işlərin davamıdır.

Muxtar respublikada sosial-iqtisadi inkişafın təmin edilməsi və bu sahədə həyata keçirilən tədbirlər, bütün sahələrdə müasir çağırışlara əsaslanan yeni üsul və sistemlərin tətbiqi, habelə dövlət orqanlarının fəaliyyətinin davamlı təkmilləşdirilməsi insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə, səmərəli müdafiəsinə şərait yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə