Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Milli-mənəvi dəyərlər və Azərbaycançılıq – bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması, xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir.

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra aşkar-gizli tədbirlər həyata keçirmişdir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın- Azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət vermişdir.

Ümummilli lider Heydər Əliyevin böyüklüyü rəhbər vəzifəyə gəldiyi gündən bu dəyərləri düzgün qiymətləndirməsi, daim diqqət mərkəzində saxlamasıdır.

Ümummilli liderin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev üç tərkib hissəsini xüsusi qeyd edirdi: dil, din, adət-ənənə (bunların şüur müstəvisində proyeksiyası olan milli mentalitet.)

Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur. Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir.

“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, - deyən Heydər Əliyev Azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğuları ilə yanaşan hələ ötən əsrin 70-ci illərində görkəmli dövlət xadimi, müdrik şəxsiyyət kimi o, yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir.

Milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Ümummilli lider nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbir və təmkinlə həyata keçirtdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- deyən ulu öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Hələ keçmiş sovetlər dönəmində tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında sərəncam imzaladı. Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirildi. İti fəhmi, intuisiyası ilə gələcək müstəqilliyi duyub-hiss edən Heydər Əliyev o illərdə milli-mənəvi intibah üçün möhkəm zəmin hazırlayırdı.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə gələn Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə başladı. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Heydər Əliyev hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxır, azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı. Heydər Əliyev bu tədbirləri təkcə Azərbaycan yox, bütün türk dünyası miqyasında həyata keçirirdi. Ortaq türk mədəniyyəti və mənəviyyatının öyrənilib təbliğ edilməsi, keçmişdən gələcəyə ötürülməsi yönündə müstəsna xidmətlər göstərirdi. Qırğızların “Manas” eposunun 1000 illik yubileyində iştirak və çıxış edən Heydər Əliyev bütün türk dünyası üçün əvəzedilməz müdrik bir şəxsiyyət olduğunu bir daha sübut etdi.

Ulu öndər Heydər Əliyev islamiyyətlə bağlı olan dini-mərasim və adətlərin də layiqincə keçirilməsi üçün hər cür şərait yaratmışdı. 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbəni ziyarət etməsi, Mirmövsüm Ağa ziyarətgahında din xadimləri və möminlərlə görüşməsi, Bibiheybət məscid kompleksinin yenidən qurulmasına xeyir-dua verməsi Ulu öndərin dini-əxlaqi dəyərlərə sadiqliyinin, Allahını və peyğəmbərini sevən imanlı bir insan olmasının real təsdiqi idi. Qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. Ulu öndərin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir”- bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi. “Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, - deyən ümummilli liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir.

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz. Elə buna görə də, Prezident İlham Əliyev bizim uğurlarımızın əsas şərti olaraq “Müstəqil siyasət, milli maraqların qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq” , - olduğunu söyləmişdir.

Bu gün ulu öndərin ali ideyalarının gerçəkləşməsində cənab İlham Əliyevlə birgə onun xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək mənəvi-əxlaqi dəyərləri parlaq şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban xanım Əliyeva demokratik, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci Xanım ənənəsini də gətirmişdir. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansısa mərhələsində unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

Hazırlayan: t.ü.f.d Abbas Qurbanov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...