İtaliyanın “Scenari Internazionali” jurnalı Bakının “Ekspo 2025” sərgisinə namizədliyindən yazır

İtaliyanın “Scenari Internazionali” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi barədə “Xəzər dənizinin xəzinəsi olan Bakının namizədliyi” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazısında diplomat ölkəmizin son illərdə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməklə qazandığı uğurlardan və mötəbər tədbirlərin yüksək səviyyədə təşkilində özünün sübuta yetirdiyi təcrübəsindən bəhs edir. Bu xüsusda Bakıda “Ekspo” sərgisinin təşkilinin bu təcrübənin məntiqi davamı olacağını vurğulayır.

Səfir Bakının namizədliyinin irəli sürməsi istiqamətində görülən işlər və atılacaq addımlar barədə məlumat verir. O, Azərbaycanın “Ekspo 2025” sərgisi üçün “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun universal və aktual bir mövzu olaraq ölkəmizin uzunmüddətli milli inkişaf strategiyasına və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluq təşkil etdiyini bildirir.

Səfir Azərbaycanın əsrlərboyu mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşdiyini, Şərq ilə Qərb, Şimal ilə Cənub arasında siyasi, ticarət və mədəni körpü rolunu oynadığını qeyd edir, dövlət müstəqilliyimizin bərpa olunmasından sonra ölkəmizin keçdiyi yol, inkişaf strategiyası, sosial-iqtisadi inkişafı, yoxsulluq və işsizliyə qarşı mübarizə, təhsilin inkişafı üzrə həyata keçirilmiş tədbirlər və onların nəticələri barədə məlumat verir.

Məqalədə diplomat Azərbaycan-İtaliya əlaqələrinə də toxunaraq, bu münasibətlərin strateji tərəfdaşlıq xarakterinə malik olduğunu qeyd edir. Bu məqamın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri zamanı qəbul olunmuş Birgə Bəyanatda təsbit olunduğunu diqqətə çatdırır.

Səfir iki ölkə arasında davamlı olaraq yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu, bu xüsusda cari il ərzində İtaliya Prezidenti Sercio Mattarellanın və Senatın sədri Maria Elisabetta Alberti Kasellatinin ölkəmizə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərlərinin həyata keçirildiyini qeyd edir, iki ölkə arasında iqtisadiyyat və mədəniyyət sahələrində geniş əməkdaşlıqdan bəhs edir.

Azərbaycanın “Milan Ekspo 2015” beynəlxalq sərgisindəki pavilyonunun ən çox ziyarət olunan və yüksək dəyərləndirilən povilyonlardan biri olduğunu yazan diplomat Azərbaycan pavilyonunun böyük rəğbət qazandığını, həmin pavilyonun qısa müddət öncə Bakı Bulvarında qurulduğunu diqqətə çatdırır, eləcə də “Bakı Ekspo 2025” sərgisi üçün nəzərdə tutulan ərazinin xüsusiyyətləri barədə məlumat verir.

Bütün xəbərlər Facebook səhifəmizdə