Şəmsəddin Hacıyev: “Mehriban Əliyevanın gördüyü genişmiqyaslı işlər insanlar tərəfindən böyük rəğbətlə qarşılanır” MÜSAHİBƏ

Milli Məclisin deputatı, professor, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyevin müsahibəsi:

- Bu yaxınlarda cənab Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Mehriban xanım sizin partiya təşkilatında qeydiyyatdadır. Bu təyinat sizin üçün gözlənilən idimi?

- Azərbaycanın Birinci xanımı, partiyamızın sədr müavini, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizin Birinci vitse-prezidenti təyin edilməsi tamamilə gözlənilən idi və bu xalqımızın böyük əksəriyyəti tərəfindən rəğbətlə qarşılandı. Hesab edirəm ki, bu təyinat Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, xalqımızın rifahının yüksəldilməsinə əhəmiyyətli töhfələr verəcək və dövlətçilik tariximizə yeni mərhələ kimi daxil olacaqdır.

Bu təyinat bizim üçün ikiqat fərəhlidir. Çünki Mehriban xanım Əliyeva həm Yeni Azərbaycan Partiyasının sədr müavinidir, həm də Səbail rayonunda partiya qeydiyyatındadır. Fürsətdən istifadə edərək YAP Səbail rayon təşkilatının 25 minlik partiya üzvləri adından Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işində daha böyük uğurlar arzulayıram.

Ötən müddət ərzində Mehriban xanım Əliyeva özünü təcrübəli siyasətçi, yüksək idarəetmə və təşkilatçılıq məharətinə malik olan səriştəli idarəedici kimi tamamilə doğrultmuşdur. Bu gün Mehriban xanım Əliyeva nəinki Azərbaycanda və yaxın coğrafiyada, eləcə də dünyada böyük nüfuza malik olan dövlət xadimidir. Bu da təsadüfi deyil, çünki onun gördüyü genişmiqyaslı və çoxşaxəli işlər bütün insanlar tərəfindən böyük rəğbətlə qarşılanır və nümunə kimi göstərilir. İndiyədək Mehriban xanım Əliyeva son dərəcə həssas, problemli məsələlərlə məşğul olub, bu sahələrdə müstəsna uğurlar və nəticələr əldə edib. Yüzlərlə misallar göstərmək olar. Təbii ki, bütün bunları Azərbaycan vətəndaşları və bütövlükdə dünya ictimaiyyəti də lazımınca qiymətləndirir.

Şəxsən mən referendumdan sonra düşünürdüm ki, Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə kimlər təyin oluna bilər? Tam səmimi deyirəm, mən burada Mehriban xanıma alternativ görmürdüm. Bu təkcə mənim yox, 700 minə qədər sayı olan YAP üzvlərinin və Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin fikiri idi. Cənab Prezidentin bu müdrük qərarı ilk növbədə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, milli təhlükəsizliyimizin qorunmasına və Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin təmin edilməsinə xidmət edir. Mehriban xanım olan yerdə haqq-ədalət, mərhəmət, humanizm, həssaslıq, şəffaflıq, insanlara diqqət, qayğı və digər bu kimi yüksək dəyərlər bərqərar olunur və milli-mənəvi dəyərlərə, adət və ənənələrimizə, müstəqilliyimizə, dövlətçiliyimizə sədaqət nümunəsi göstərilir. Bütün bu məsələlər daha çox ideoloji, humanitar, sosial və mədəni sferaları əhatə edir. Ötən həftə Mehriban xanım Əliyeva öz çıxışında əsasən sosial məsələlərlə məşğul olacağını bildirdi. Sosial məsələlər deyəndə, birinci növbədə məşğulluq, əmək haqqları, pensiya və digər sosial təminatlar, qaçqın və məcburi köçkünlərin problemləri, elm və təhsil, səhiyyə, mədəniyyət, idman, gənclər siyasəti, ailə və digər bu kimi mühüm əhəmiyyət kəsb edən məsələlər nəzərdə tutulur ki, bütün bunlar da ölkəmizin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edən sahələrdir. Biz əminik ki, Mehriban xanım Əliyevanın fəaliyyəti ilə yaxın gələcəkdə bu sahələrdə əsaslı dönüş yaranacaqdır.

- Son vaxtlar Azərbaycan tarixinin bəzi məqamları (tarixi etnik köklərimiz, azərbaycançılıq ideologiyası və s.) mütəxəssislərin və elmi ictimaiyyətin ciddi müzakirə obyektinə çevrilməklə bu mövzularda diletant fikirlər səsləndirilir. Bu cür yanaşmalara münasibətiniz necədir?

- Bu məsələlərlə bağlı səsləndirilən fikirləri ciddi qəbul etmirəm. Belə fikirləri bilərəkdən gündəmə gətirənlər bunu ya millətimizin və xalqımızın tarixini, etno-genezisini lazımınca bilmədiklərindən, ya da cəmiyyətdə süni gərginlik yaratmaq məqsədi ilə edirlər. Mən burada xarici qüvvələrin də fəaliyyətini istisna etmirəm. Milli mənşəyimizlə bağlı aşağılayıcı fikirlər, ifadələr yolverilməzdir. Bizim mənsub olduğumuz millət türkdür. Bu haqda ulu öndər Heydər Əliyevin aforizmə çevrilən çox düzgün və müdrük kəlamını yada salmaq kifayətdir: "Biz bir millət, iki dövlətik". Azərbaycan coğrafi addır və o, çox qədim zamanlardan mövcud olub, millət olaraq biz türkük - Azərbaycan türkü. Şəxsən mən türkəm və bununla qürur duyuram. Amma Azərbaycan tamamilə multikultural dəyərlərə malik olan çoxmillətli, müxtəlif dinlərin mövcud olduğu, çoxkonfessiyalı cəmiyyətdir. Bu gün türk, rus, ləzgi, talış, kürd, yəhudi, tat, avar, lahıc və digər millətlər Azərbaycanda qardaş və dost kimi, çox tolerant bir mühitdə yaşayırlar. Biz bir ailə kimi yaşayırıq, Azərbaycan bizim birgə Vətənimizdir, hamımız üçün eynidir və əzizdir. Azərbaycanda yaşayan heç bir millətin nümayəndəsi deyə bilməz ki, ona qarşı milli zəmində hər hansı bir ayrı-seçkiliyə yol verilir. Əksinə, Azərbaycanda digər millətlərdən olan şəxslər iş karyerasında daha tez irəliləyirlər. Sadəcə biz türklər say baxımından dominantlıq təşkil edirik. Azərbaycan bu gün dünyada nadir ölkələrdən biridir ki, burada bütün millətlərin nümayəndələri bir ailə kimi yaşayır, inkişaf edir və dünyaya nümunə kimi göstərilir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası əsasında ölkəmizdə yaşayan bütün millətlər vahid bir xalq – Azərbaycan xalqı kimi elə möhkəm platformada birləşiblər ki, onu nəinki gündəmə gətirmək, heç az da olsa, zəiflətmək qeyri-mümkündür. Məhz, Azərbaycançılıq konsepsiyasınun uğurla reallaşması sayəsində bu gün ölkəmizdə dözümlülük, tolerantlıq, multikulturalizm sözün əsl mənasında həyat tərzinə çevrilib ki, bu da müstəqillik dövründə Azərbaycanın ümummilli inkişaf modelinin mühüm səciyyəvi cəhətlərindən biri kimi özünü tam doğrultmuşdur. Bütün bunlar partiyamızın rəhbəri, möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş müdrük siyasətinin nəticəsi kimi əldə etdiyimiz ən mühüm dəyərlərimizdir və onları qorumaq, daha da inkişaf etdirmək hər bir vətəndaşımızın müqəddəs borcudur.

- Son günlərdə Niderland hökuməti tərəfindən atılan və diplomatik qalmaqala səbəb olan təxribat xarakterli addımlar Avropada bəyan olunan demokratik dəyərlərə nə dərəcədə uyğundur?

- Son günlər Avropanınbəzi ölkələri ilə, xüsusilə Niderland Krallığı ilə Türkiyə arasında yaşanan gərginliklər, beynəlxalq hüquqa, demokratiya və insan haqlarına zidd olan münasibətlər, diplomatik normalara, hətta dövlətlərarası etik davranış qaydalarına sığmayan hərəkətlər, hökumət rəsmilərinə qarşı edilən hörmətsizliklər – Türkiyənin xarici işlər nazirinin təyyarəsinin Amsterdama enməsinə icazə verilməməsi, Ailə və sosial siyasət nazirininTürkiyə konsulluğunun binasına buraxılmaması, onun arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarılması bizi həm təəccübləndirir, həm də düşünməyə vadar edir. Bu hadisə ilə bağlıAvropanın digər ölkələrinin – Almaniya, Belçika, İsveçrə və Avstriyanın həmrəylik nümayiş etdirməsi də xüsusi təəssüf doğurur.

Hər şeydən öncə qeyd edilməlidir ki, baş verən bu hadisə Avropanın tarixində indiyə qədər analoqu olmayan siyasi insidentdir və o, Diplomatik və Konsulluq əlaqələrinin Vyana konvensiyalarının əsas prinsiplərinin, demokratik dəyərlərin, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi demokratiyanın təməl prinsiplərinin kobud şəkildə pozulması və tapdanılmasının əyani sübutudur, ikili standartlar, ayrı-seçkilik kimi neqativ meyllərin bariz nümunəsidir. Daima demokratik dəyərlərdən dəm vuran bu ölkələr müxtəlif bəhanələrlə, bu kimi çirkin kampaniyalarla türk-müsəlman dünyasının güclənməsini əngəlləməyə çalışır və həmin dəyərləri təzyiq vasitəsi kimi spekulyativ formada istifadə edirlər. Lakin görünür avropalılar hələ də tarixdən dərs götürməyiblər və Türk xalqının cəsarətindən, öz millətinə, torpağına, Vətəninə bağlılığından ya xəbərsizdirlər, ya da xatırlamaq istəmirlər. İstənilən halda bu cür antidemokratik yanaşmalar beynəlxalq hüquq və normalara böyük hörmətsizlikdir və qəbulolunmazdır.

Baş verən bu proseslərin səbəbləri də aydındır. Əvvəla, Avropada açıq-aşkar islamofobiya, ksenofobiya, eləcə də son zamanlar türkofobiya, miqrantlara qarşı ayrı-seçkilik, qeyri-insani münasibətlərgeniş vüsət almaqdadır. Digər tərəfdən, siyasi proseslərdə ultra-sağçılar, qatı millətçilər, hətta faşizm ünsürləri meydan sulamaqdadır. Təbii ki, belə bir siyasişəraitdə bu qüvvələr Avropanın istənilən ölkəsində başqa bir ölkənin öz həmvətənləri ilə təbliğat kampaniyası aparmasına qarşı qətiyyətlə "yox" deyəcəklər. Lakin bunlar məsələnin yalnız görünən tərəfidir. Görünməyən tərəfi isə odur ki, Avropa Birliyi və böyük güclər Avropa ailəsinə 80 milyona qədər əhalisi olan və dinamik inkişaf edən böyik bir müsəlman dövlətinin daxil olmasını heç bir vəchlə qəbul edə bilmirlər. Əksinə, bu dövlətin mövcudluğunun belə onlar üçün qlobal təhlükə mənbəyi olduğunu açıq və ya gizli şəkildə iddia edərək, onu daxildən zəiflətmək və parçalamaq üçün ciddi cəhdlər göstərirlər. Aydındır ki, söhbət yalnız Türkiyədən getmir, qlobal kontekstdə bu qüvvələr dünya siyasətində və beynəlxalq münasibətlərdə islam dünyası ölkələrinin mövqeyinin güclənməsini və onların real bir güc mərkəzi kimi formalaşmasını qətiyyətlə istəmirlər. Elə bu səbəbdəndir ki, hazırda dünyada müşahidə edilən ən kəskin ixtilaflar, qanlı müharibələr, terrorlar, kütləvi qırğınlar, ağılasığmaz vəhşiliklər, dağıntılar, milyonlarla qaçqın və məcburi köçkünlər məhz müsəlman dövlətlərinin yerləşdiyi coğrafiyalarda baş verir.

Təbii ki, hər bir ölkənin, cəmiyyətin inkişafını və tərəqqisini təmin edən əsas fundamental prinsip onun milli təhlükəsizliyi və ictimai-siyasi sabitliyinin təmin edilməsidir. Referendum keçirməklə Türkiyə bu məqsədlərə nail olmaq, daha güclü dövlət idarəçiliyi sistemi yaratmaq, ölkənin iqtisadi və sosial inkişafını əhəmiyyətli dərəcədə yüksəltmək və onu xarici təhdidlərdən və destruktiv təsirlərdən qorumaq kimi qarşıya böyük vəzifələr qoyub. Türkiyə yaxın gələcəkdə dünyanın ən güclü on iqtisadiyyatından biri olmaq, hərbi qüdrətinə görə dünyanın ilk beşliyində mövqeyini daha da möhkəmləndirmək iddiasındadır. Referendumda səsverməyə təqdim olunan yeni idarəçilik sistemi Türkiyə Respublikasını son on illiklərdə baş vermiş dövlət çevrilişlərinə, xarici qüvvələrin dəstəyi ilə törədilən üsyan cəhdlərinə son qoymağa, dövlətin demokratik əsaslarının qorunmasına və onun daha da möhkəmlənməsinə hədəflənib. Bu səbəblə, qüdrətli, güclü, öz iqtisadi və hərbi potensialına görə dünyanın aparıcı dövlətləri sırasına daxil olan Türkiyəni bir sıra Avropa dövlətləri açıq-aşkar qəbul etmək istəmir, ona qarşı qısqanclıq, qorxu sindromu yaratmağa çalışırlar. Avropanın bütün səyləri, həmlələri Türkiyənin beynəlxalq nüfuzuna, imicinə xələl gətirmək, onun demokratik dəyərlərdən uzaqlaşan bir ölkə kimi dünya ictimaiyyətinə təqdim etmək və ölkəni daxildən zəiflətməyə yönəlmişdir.

Türkiyə demokratik dövlətdir. Ümumxalq səsverməsi – Referendumla əlaqədar rəsmi təşviqat kampaniyası çərçivəsində Avropada yaşayan türk əsilli vətəndaşlarla görüşlərin keçirilməsindən bu dərəcədə narahat olmaq, məsələni bu şəkildə şişirtmək, nazirlərin görüşlərinə əngəllər yaratmaq, insanları təhqir etmək, təbii ki, pərdəarxası başqa məqamların mövcudluğundan xəbər verir. Avropanı narahat edən məqamlar sırasında müsəlman dövləti olan Türkiyənin güclənməsi, Türkiyənin Rusiya və İranla yaxınlaşması, PKK-ya və digər terrorçu təşkilatlara və qruplara qarşı barışmaz mövqeyi və mübarizəsi, dünyada və yaxın coğrafiyada baş verən proseslərə öz milli maraqları çərçivəsində müstəqil mövqe sərgiləməsi də istisna olunmamalıdır. Bu münasibətlər, eləcə də Türkiyə-Rusiya-Azərbaycan münasibətləri və digər geosiyasi formatlarda da nəzərdən keçirilməlidir.

Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycan xalqı olaraq biz, hər zaman Türkiyənin, türk qardaşlarımızın yanındayıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışı zamanı səsləndirdiyi "Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam" sözləri Azərbaycan xalqının Türkiyəyə olan qardaş münasibətinin ən bariz təzahürüdür.

- Konkret olaraq Niderlandda baş verənlərin nəticələrini necə qiymətləndirmək olar və Avropa İttifaqı ölkələri ilə Türkiyə arasında əlaqələrin gərginləşəcəyi ehtimal olunurmu? Bu barədə fikrinizi bilmək maraqlı olardı.

- İlk öncə qeyd etmək istərdim ki, bu gün Avropanın elə bir ölkəsi yoxdur ki, orada minlərlə, bəlkə də milyonlarla türk əsilli insanlar yaşamasın. Son rəsmi məlumatlara görə, bu gün ümumilikdə xarici ölkələrdə 5,5 milyondan çox Türk əsilli insanlar yaşayır ki, bunların da 4,6 milyon nəfəri məhz, Qərbi Avropa ölkələrində yaşayırlar. Niderland Krallığında yaşayan Türk əsilli insanların sayı isə 400 minə qədərdir və onların əksərinin ikili vətəndaşlığı mövcuddur. Həm beynəlxalq hüquqa, həm də hər iki ölkənin Konstitusiyasına müvafiq olaraq bu insanların Türkiyədə keçiriləcək Referendumda iştirak etmək hüquqları mövcuddur. Bu məqsədlə Türkiyə rəsmilərinin həmin insanlarla onların yaşadıqları ölkədə açıq və ya qapalı məkanlarda görüşmələri və Referendumla bağlı təbliğat aparmaları normal qəbul olunmalıdır. Əgər nəzərə alsaq ki, bu xarakterli görüşlər əvvəllər də dəfələrlə keçirilmiş və heç bir insident baş verməmişdir, onda sual oluna bilər ki, indi nə baş verdi? Rəsmi məlumatlara görə, təhlükəsizlik baxımından görüşlərin keçirilməsinə icazə verilməmişdir. Əslində isə bu gərginlik yuxarıda deyilənlərlə yanaşı, Niderlandda keçirilən parlament seçkiləri ilə də izah oluna bilər. Avropanın digər ölkərinin də Niderlandla həmrəylik nümayiş etdirməsi əsasən bununla izah edilməlidir. Təsəvvür edin, parlament seçkilərinə cəmi üç gün qalır və təbliğat kampaniyası öz pik nöqtəsinə yaxınlaşır. Bu kampaniyada iştirak edən əsas namizədlər - bir tərəfdə öz siyasi kampaniyasını açıq şəkildə anti-islam, anti-Türkiyə çağırışları üzərində quran, millətçiliyi, irqçiliyi, faşizmi təbliğ edən ultra-sağçılar - Azadlıq Partiyasının rəhbəri Geert Vilders (Quranın qadağan edilməsi, camilərin bağlanması, miqrantlara qarşı sərt siyasət və s.), digər tərəfdə isə öz siyasi hakimiyyətini qorumağa çalışan liberal xalqçılar, sosial-demokratlar–Azadlıq və Demokratiya üçün Xalq Partiyasına rəhbərlik edən hazırkı Baş nazir Mark Rutte. Hər iki tərəfböyük qalmaqala səbəb olan bu hadisəni ölkənin daxili auditoriyasına yönəltməklə siyasi dividend qazanmaq məqsədilə maksimum yararlanmağa çalışdılar. Nəticəsi nə oldu? Seçki öncəsi Niderlandın Baş nazirinin reytinqi aşağı endi, ultra-sağçıların reytinqi isə bir qədər yüksəldi. Ən başlıcası isə Türkiyənin Referendum təbliğatına qarşı edilən sərt çıxışlar, qoyulan qadağalar, onların özlərinin də gözləmədiyi halda həm Avropada, həm də ölkə daxilində Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi reytinqini əhəmiyyətli dərəcədə yüksəltdi.

Sualınızın ikinci hissəsi ilə bağlı qeyd etmək istərdim ki, qarşılıqlı ittihamlara, incikliklərə, hədə-qorxulara, xəbərdarlıqlara, diplomatik münasibətlərdə yaşanan gərginliklərə baxmayaraq, fikrimizcə, bu qarşıdurma o qədər də uzun sürməyəcəkdir. Çünki bu münasibətlərin normallaşdırılmasını zəruri edən və şərtləndirən çox ciddi arqumentlər mövcuddur. İlk növbədə hər iki ölkənin, eləcə də Aİ-yə üzv olan əksər ölkələrin NATO-nun üzvü olaraq strateji müttəfiqlər olması; Türkiyənin Aİ-nin Gömrük İttifaqına üzv olması və bu ölkələr arasında istehsal amillərinin (işçi qüvvəsi istisna olmaqla) sərbəst hərəkətinin təmin edilməsi; Birləşmiş Krallığın Aİ-dən çıxmaq qərarı – "BREXİT" ilə başlayan dezinteqrasiya meyllərinin güclənməsi fonunda bu münasibətlərin zəifləməsinin Aİ-nin maraqlarına uyğun olmaması; Avropanın demokratiya və insan hüquqları anlayışlarına ikili standartlarla yanaşması; Daha bir mühün faktor – Türkiyənin Avropa İttifaqına daxil olan ölkələrlə sıx və çoxşaxəli qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin mövcud olması.

Bu istiqamətdə yalnız bir faktı göstərmək kifayətdir ki, bu əlaqələrin tərəflər üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyi haqda düzgün təsəvvür yaransın. 2016 - cı ildə Türkiyənin Avropa İttifaqı (Aİ 28) ilə ümumi ticarət dövriyyəsinin həcmi 145,9 mlrd. dollardan çox olmuşdur, o cümlədən ixrac - 68,4 mlrd. dollar, idxal isə 77,5 - mlrd. dollar təşkil etmişdir. Konkret olaraq Türkiyənin Niderland Krallığı ilə ticarət-iqtisadi əlaqələrinə baxsaq, görərik ki, 2016-cı ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 6,8 mlrd. dollara bərabər olmuşdur. Türkiyənin Niderlanda ixracı 3,6 mlrd. dollar, idxalı 3,2 mlrd. dollar həcmində qeydə alınmışdır. Türkiyə Cümhuriyyəti İqtisadiyyat Nazirliyinin məlumatlarına əsasən, Türkiyənin ixracında Niderlandın payı 2,5%, idxalında isə 1,5% təşkil edir. Əgər 2015-ci ildə Niderland ABŞ-dan sonra Türkiyəyə ən çox investisiya yatıran ikinci ölkə idisə (11,9 mlrd. dollar həcmində birbaşa investisiya), 2016-cı ilin birinci yarımilliyində Niderland ümumi investisiya qoyuluşlarında 19%-lik paya sahib olmaqla Türkiyə iqtisadiyyatına ən çox sərmayə yatıran ölkə olmuşdur. 2016-cı ilin göstəricilərinə əsasən hazırda Türkiyədə 2694-dən çox Niderland investisiyalı müəssisələr, Niderlandda isə 23000-ə qədər türk sahibkarı fəaliyyət göstərir. Qarşılıqlı ticarət və investisiya əlaqələri ilə yanaşı, bu iki ölkə arasında işçi qüvvəsinin miqrasiyası, birgə sahibkarlıq fəaliyyəti, xüsusilə turizm və digər xidmət sektorlarında da əməkdaşlığın miqyası kifayət qədər böyükdür.

Bütün bu göstərilənlərdən aydın olur ki, yalnız iqtisadi münasibətlərin pisləşəcəyi təqdirdə hər iki ölkə milyardlarla dollarlıq həcmində gəlirlərdən məhrum olmaq təhlükəsi ilə üzləşə bilərlər ki, bu da onların milli maraqlarına birmənalı olaraq uyğun gəlmir. Bunları nəzərə alaraq hesab edirəm ki, Türkiyə - Niderland münasibətlərində mövcud olan gərginliyin gələcəkdə daha da dərinləşmək və ya uzanmaq ehtimalı o qədər də böyük deyildir.

- Son günlərdə Ermənistan prezidentinin bir sıra aqressiv bəyanatları kontekstində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli perspektivləri barədə nə deyə bilərsiniz?

- Azərbaycan dövlətinin bu ağrılı problemin həllinə münasibəti birmənalıdır. Ermənistanın işğalçı hərbi birləşmələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır, respublikamızın ərazi bütövlüyü bərpa olunmalı və tam suverenliyi təmin olunmalıdır. Möhtərəm Prezidentimiz dəfələrlə öz siyasi iradəsini və qətiyyətini nümayiş etdirərək bəyan etmişdir ki, status-kvo vəziyyəti qəbul edilməzdir və bunu ATƏT də etiraf etmişdir.

Məlumunuz olduğu kimi, cari ilin aprel ayında Ermənistanda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulmuşdur. Sarkisyan həmişəki kimi ikiüzlü siyasətini davam etdirir, hakimiyyətini qoruyub saxlamaq üçün şaiyə-təbliğat maşınını işə salıb. Guya Rusiyanın Ermənistana təzyiq etməsi kontekstində müharibə çağırışları edir, Ermənistanın Fransaya sığınması kimi görüntülər yaradır, mövcud olmayan "Lavrov Planı"nı gündəmə gətirir, mətbuatda bu mövzuda diskussiya yaranır, Azərbaycanın beynəlxalq nüfuzunu qaralamaqda davam edir. Bütün bu baş verənlərin də pərdəarxası məqsədi bəllidir. Təqdim olunan "Lavrov Planı" münaqişənin Madrid prinsipləri ilə həlli üzrə Azərbaycanın təklif etdiyi varianta çox yaxındır. Madrid prinsiplərinə görə, Ermənistan tərəfindən işğal edilmiş və Dağlıq Qarabağa daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusu müzakirə olunmalıdır. Azərbaycan bu gün həm iqtisadi, həm hərbi gücünə görə Ermənistanı dəfələrlə üstələyir. 2016-cı ilin Aprel döyüşlərində bizim parlaq qələbəmiz bir daha bunu sübut etdi. Həmin hadisələrdən sonra Ermənistanın dəfələrlə törətdiyi təxribatlar bir daha göstərir ki, Sarkisyanı hakimiyyətdə saxlayan yalnız Qarabağ amilidir. Ona görə də, Aprel hadisələrinin ildönümündə yeni təxribatlar da istisna olunmur. Beynəlxalq ictimaiyyət də Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sarkisyanı hərbi cinayətkar olduğunu bilməlidir və o gec-tez beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Sarkisyanın son zamanlar sərsəm bəyanatlarında səsləndirdiyi müharibə hədələri, təxribat xarakterli ifadələri və çağırışları seçki kampaniyasında müsbət nəticə əldə etmək məqsədi daşıyır. Çünki, Sarkisyan bilir ki, seçilməsə xalq özü onu tarixin zibil qutusuna süpürüb atacaqdır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, biz heç vaxt Azərbaycan torpağında ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Münaqişənin həllində Azərbaycanın mövqeyi dönməzdir, bu münaqişənin həlli yalnız Azərbaycan ərazisinin bütövlüyü çərçivəsində mümkündür. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həllində ölkəmizin, ölkə başçımızın kredosudur. Azərbaycan öz torpaqlarını azad edəcəkdir. Bu birmənalıdır. İşğalçı rejim, Ermənistan rəhbərliyi və onların havadarları nə qədər tez bu həqiqətləri dərk etsə, nə qədər tez beynəlxalq hüquq müstəvisinə qayıtsa, bir o qədər onlar üçün və region üçün faydalı olacaqdır.

Ermənistan prezidentinin son sərsəm bəyanatları, hərbi ritorikası onların əsl xislətini nümayiş etdirir. Onlar belə təxribatlarla məşğuldurlar, biz isə Cocuq Mərcanlıya köçü başlamışıq, onlar Qarabağdan, Ermənistanın özündən qaçırlar, biz isə işğaldan azad olunmuş ərazilərə qayıdırıq. Artıq sentyabr ayında Cocuq Mərcanlıdakı kənd məktəblərində dərslər başlayacaq. Əminik ki, Cocuq Mərcanlıdan başlayan bu qayıdış Şuşaya, Xankəndinə qədər gedəcəkdir.

Nailə MƏHƏRRƏMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə