ABŞ Aya nüvə reaktoru yerləşdirməyi planlaşdırır...

ABŞ administrasiyası 2030-cu ilə qədər Aya nüvə reaktoru yerləşdirmək niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Trampın Ağ Evin saytında dərc olunmuş "Amerikanın Kosmosda Üstünlüyünün Təmin Edilməsi" adlı sərəncamında deyilir.

Sənədə əsasən, reaktorların aşağı Yer orbitində də yerləşdirilməsi planlaşdırılır.

Amerikalı astronavtların 2028-ci ildə Aya enməsi və iki il sonra ilk forpostları qurması gözlənilir.

Ay proqramı Marsa gələcək missiyalar üçün bir addım kimi qəbul edilir.

Sərəncamda qeyd olunur ki, Vaşinqton Ay iqtisadiyyatını inkişaf etdirmək və kosmosda nüvə silahlarının mümkün yerləşdirilməsi də daxil olmaqla, kosmik təhdidləri aşkar etmək və neytrallaşdırmaq niyyətindədir.

Noyabr ayında Tramp ABŞ-ın kosmik yarışda Rusiya və Çindən irəlidə olduğunu bəyan etdi.

ABŞ Prezidentinin sözlərinə görə, Pentaqonun Kosmik Qüvvələri kosmosda "inanılmaz işlər" görür.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə