Hindistanda qatarın fil sürüsünü vurması nəticəsində səkkiz heyvan ölüb

Hindistanın şərqində sərnişin qatarı fil sürüsünə çırpılıb, nəticədə səkkiz heyvan ölüb. SİA xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Hadisə gecə vaxtı şərqdəki Assam ştatında baş verib. Sairanq–Yeni Dehli marşrutu ilə hərəkət edən "Rajdhani Express" qatarı vəhşi fil sürüsünə çırpılıb. Yerli meşə təsərrüfatının məlumatına görə, səkkiz heyvan həlak olub.

Qəza nəticəsində qatarın beş vaqonu və lokomotivi relsdən çıxıb. "Lakin sərnişinlər arasında xəsarət alan olmayıb", – Şimal-Şərq Sərhəd Dəmir Yolunun rəhbərliyi bildirib.

Zərər çəkmiş dəmir yolu sahəsindən keçməli olan qatarlar başqa marşruta yönləndirilib. Hazırda bərpa işləri aparılır.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə