"Hədəfdə mediadan sui-istifadə edən məmurlar da olmalıdır" ŞƏRH - ÖZƏL

“Prezident İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə ölkə mediası barədə fikirləri media ictimaiyyəti olaraq dəstəkləyir, özümüzə mənəvi dəstək hesab edirik”. Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Artıq 10 il müddətdir ki, Azərbaycan jurnalistikasının, mediasının təmizlənməsi, siyasiləşmədən xilas olunması, reket jurnalistikanın aradan qaldırılmasına dair mübarizənin aparıldığını deyən M. Ələsgərli söyləyib ki, belə bir mübarizə həm cəmiyyət, həm də ictimaiyyət üçün vacib məsələdir.

O bildirib ki, məsələnin aktuallığını nəzərə alaraq, Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti ölkə başçısının səsləndirdiyi fikirlərlə bağlı toplantı keçirib: “Biz orada Azərbaycan Prezidentinin çıxışına öz dəstəyimizi və minnətdarlığımızı ifadə etdik. Hesab edirik ki, dövlət başçısının bu çıxışı media sahəsində çatışmazlıqları aradan qaldırmaq üçün böyük dəstəkdir. Azərbaycan Mətbuat Şurası 10 ildən artıqdır ki, reket mediaya qarşı mübarizə aparır. Amma onun kökünü tamamilə kəsmək mümkün olmur. Çünki, həmin qurumların arxasında çoxsaylı mərkəzlər, qruplar dayanırlar. Çox təəssüf ki, bəzən onların arxasında bəzi məmurların əli çıxır”.

Qurumun sədr müavini vurğulayıb ki, həmin məmurlar “media qurum”larında öz maraqlarını təmin etmək, bəzən də ayrı-ayrı məmurlara qarşı kompramatların işıqlandırılması üçün istifadə edirlər: “Bununla da onlar reket jurnalistikaya dəstək vermiş olurlar. Çox təəssüf ki, bəzən həmin məmurlara qarşı mübarizə aparmaq da bizim gücümüz xaricində olur. Bu məsələ dəfələrlə öz təsdiqini tapıb. 2015-ci ildə MTN komandası ifşa olunnda da, onların böyük media şəbəkəsi vardır. Həmin media şəbəkəsində ayrı-ayrı iş adamları, eləcə də məmurları ləkələmək üçün istifadə olunurdu. Həmin komanda ifşa olunsa, onların hələ də kökü kəsilməyib, varisləri bitməyib. Bu kimi məsələlər hələ də mediada var”.

M.Ələsgərli qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də media ilə bağlı çıxışından yararlanaraq, reket media və onlarla əlaqədə olan məmurlarla bağlı ciddi ölçü götürülməsinə nail olmalıyıq ki, bu kimi əməllərin kökü kəsilsin: “Amma bu işdə təkcə media orqanları yox, onlardan sui-istifadə edən məmurlar da hədəfdə olmalıdırlar. Əlbəttə ki, elə” media”, “jurnalistlər” var ki, onlar bu cür kompramat savaşlarına alət olurlar. Amma məsələ ondadır ki, bu cür məmurlar da var ki, onlar mediaya kompramat metariallar yayır, onların məlumatlarını yayacaq “media qurum”larına dəstək göstərirlər. Ölkə başçısının da söylədiyi kimi hər iki tərəfə qarşı mübarizə aparılmalıdır ki, bu sahədə müəyyən səliqə səhmana nail olunsun”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...