15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi olaraq “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazası möhkəmləndirilib, hərtərəfli xidmət şəraiti yaradılıb. Müasir yaşayış və xidmət kompleksləri tikilərək istifadəyə verilib, sərhəd zastavaları yenidən qurulub, sərhədlərimizin etibarlı mühafizəsi təmin edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 17-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib. Bildirilib ki, ikimərtəbəli qərargah binasında xidməti otaqlar, sinif otağı, əsgər və zabit yataqxanası, yeməkxana və ərzaq anbarı vardır. Yataqxana mebel dəstləri ilə təmin edilib, məişət guşəsi yaradılıb, soyutma və istilik sistemləri qurulub. Sinif otağında sərhəd xidmətinə aid ədəbiyyatlar və qəzetlər, eləcə də oxunması zəruri olan kitablar qoyulub.

Sərhədçi ailələri üçün tikilmiş yeni xidməti yaşayış binasında 4 mənzil yerləşir. Mənzillərdə lazımi kommunal-məişət şəraiti yaradılıb, mebel dəstləri qoyulub, xalça hədiyyə edilib.

Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşüb, onları xidməti mənzillərlə təmin olunmaları münasibətilə təbrik edərək deyib: Zastavada xidmət edən sərhədçi ailələri üçün hərtərəfli şərait yaradılmışdır. Bu gün yeni xidməti yaşayış binası istifadəyə verilir. Burada həm xidmət edən sərhədçilərin, həm də onların ailələrinin rahatlığı tam təmin olunacaqdır.

Sərhədçi ailələri adından çıxış edən Dilbər Bayramova yeni xidməti yaşayış binasının istifadəyə verilməsini göstərilən qayğının təzahürü kimi dəyərləndirib, bütün sərhədçi ailələri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sərhədçi anası Elza İbrahimova deyib: Dövlətimiz tərəfindən hərbçi ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Bu tədbirlərin davamı kimi tikilən yeni yaşayış binası da övladlarımızın rahatlığına hesablanıb. Ana, valideyn olaraq rahatıq və fəxr edirik. Çünki bütün hərbi qulluqçular, o cümlədən övladım hər cür şəraiti olan mənzildə yaşayacaqdır.

Sonra şəxsi heyətlə görüş olub. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev çıxış edərək deyib: “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Diviziyanın maddi-texniki bazası möhkəmləndirilib, hərbi qulluqçuların xidməti və məişət şəraiti yaxşılaşdırılıb. 15-ci sərhəd zastavası da ən müasir xidmət və yaşayış şəraiti ilə təmin edilib, ərazidə geniş quruculuq işləri aparılıb. Niyaməddin Tağıyev yaradılan şəraitə görə şəxsi heyət adından minnətdarlıq edib.

Sonra şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən amildir”, - fikrini xatırladaraq deyib: Müstəqil Azərbaycan dövlətinin öz sərhədləri vardır. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da beynəlxalq hüquq normaları çərçivəsində tanınan 204 kilometrdən artıq dövlət sərhədimiz “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası tərəfindən mühafizə olunur. Sərhədin qorunması vacib amildir. Çünki sərhədləri etibarlı qorunan ölkədə inkişaf və sabitlik olar.

Qeyd olunub ki, muxtar respublikada sərhədlərimizin qorunması sahəsində ardıcıl tədbirlər görülür, şəxsi heyət üçün lazımi əsgəri-məişət şəraiti yaradılır. 15-ci Sərhəd zastavası da 1962-ci ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Ona görə də ərazidə yenidənqurma işləri aparıldı, binalar tikildi, zastavaya ilk dəfə yol və qaz xətti çəkildi, həm əsgərlər, həm də sərhədçi ailələri üçün lazımi şərait yaradıldı. Bu da imkan verəcəkdir ki, əsgər və zabitlər xidmətlərini layiqincə yerinə yetirsinlər. Bütün bunlar Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Dövlətimiz tərəfindən 20 ildən artıq qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillərin verilməsi, fərqlənənlərin dövlət mükafatları ilə təltif olunması, eyni zamanda, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə bu ilin sentyabrından hərbi qulluqçuların əməkhaqlarının artırılması ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Göstərilən qayğı “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında da xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir.

Ali Məclisin Sədri deyib: Ölkə Prezidentinin 2015-ci il 17 avqust tarixli Fərmanı ilə “Naxçıvan” Sərhəd Diviziyasının bazasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılmış, vəzifə və səlahiyyətlər artırılmışdır. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi isə müasir xidmət və yaşayış şəraitinin yaradılmasını zəruri etmişdir. Bu gün bütün sərhəd zastavalarında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və muxtar respublikanın yerli icra orqanları tərəfindən birgə təmir-bərpa və yenidənqurma işləri aparılır.

Ali Məclisin Sədri yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə bir daha şəxsi heyəti təbrik edib.

Əsgər Elvin Kamilli minnətdarlıq edərək deyib: “Sərhədlərin qorunması Vətənin müdafiəsinin ayrılmaz tərkib hissəsidir. Muxtar respublikamızda sərhədlərimizin mühafizəsi üçün yaradılan şərait məsuliyyətimizi daha da artırır. Şəxsi heyətin yaşayışı, qidalanması və xidməti üçün bütün imkanlar var. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə edəcək, sərhədlərimizi etibarlı mühafizə edərək göstərilən etimadı doğruldacağıq”.

Tikinti işləri aparılarkən zastavanın ərazisində yeni vertolyot meydançası, müşahidə qülləsi, təlim şəhərciyi və yardımçı binalar da tikilib. Ərazidə videonəzarət sistemi quraşdırılıb, istənilən hava şəraitində müşahidələrin aparılması təmin edilib. Zastavaya 10 kilometr məsafədən yol və qaz xətti çəkilib, ərazi abadlaşdırılıb, yeni artezian quyusu qazılıb, meyvə bağı və yaşıllıqlar salınıb.

Ali Məclisin Sədri sərhəd xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib. Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına “Niva” markalı iki xidməti avtomobil təqdim olunub. Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...