Ermənistan Müdafiə Nazirliyi əsgər ölümünü gizlədib İTTİHAM

Ermənistanın tert.am saytı yeni il gecəsi açılan atəş nəticəsində öldürülmüş müqavilə əsaslı hərbi xidmətçi Edqar Qriqoryan barədə məlumat yayıb. SİA xəbər verir ki, bu barədə ermənilərin digər informasiya agentliyi – 1in.am-ın analitik bölməsində yazılıb. Yazıda bildirilir ki, nə müdafiə nazirliyi, nə də istintaq komitəsi bu informasiyanı dərc etməyiblər. “Öldürülmüş hərbçinin isə 3 azyaşlı övladının olduğu bildirilir”, deyə qeyd edilən məlumatda o da bildirilir ki, müdafiə nazirliyinin bu faktı inkar etməməsi anlaşılmazdır və sual olunur – əgər belədirsə, məlumat hansı səbəbdən gizli saxlanılıb?

“Ermənistan silahlı qüvvələrində müqavilə əsasında hərbi xidmət keçən Edqar Qriqoryan hərbi mövqedə olarkən, yanvarın 1-də, saat 4:00 radələrində döş qəfəsindən aldığı güllə yarası nəticəsində ağır yaralanıb və qeyd edilən yerdə aşkarlandıqdan sonra, “Meğri” tibb mərkəzinə aparılıb, saat 8:10-da isə orada ölüb. İstintaq komitəsində mövcud faktla bağlı Ermənistanın cinayət məcəlləsinin 110.1 - ölüm həddinə çatdırılma maddəsi ilə cinayət işi açılıb”, Ermənistanın müdafiə nazirliyinin məlumatında yazılıb.

“Maraqlıdır ki, müdafiə nazirliyi ilə yanaşı, istintaq komitəsi də susub. Bu fakt özü-özlüyündə kədərli və ciddi qayğılar üçün bir səbəbdir”, yazılan analitik məqalədə bildirilir ki, erməni ordusunda əsgər ölümləri hansı şəraitdə baş verməsindən asılı olmayaraq, heç vaxt gizlədilməyib və bir-birinin ardınca gələn hakimiyyətlər belə, bu kimi faktları ictimailəşdiriblər.

Beləliklə, sözügedən yazıda orduda əsgər ölümünün gizlədilməsinin Paşinyan hakimiyyəti dövründə baş verməsi, yəni “inqilabdan” sonra bu halın yaşanması sərt şəkildə hədəfə alınıb, bildirilib ki, mövcud iqtidar öz hakimiyyətini “xalqın hakimiyyəti” kimi təqdim edir.

Digər məqam isə, Edqar Qriqoryanın ölümü ilə bağlı verilən suallarla bağlıdır: “Həqiqətənmi Edqar Qriqoryanın ölümü ilə bağlı rəsmi versiya intihardır? Əgər belədirsə məsuliyyəti kim daşıyır və məlumatlar niyə gizlədilib? Biz ehtimal edə bilərikmi ki, hansısa insanlara bu cinayətin açılması sərf eləmir? Əslində, bizdə də faktlar yoxdur, lakin ehtimal edə bilərik...”

“Əgər erməni əsgərinin ölümü sirr kimi saxlanılıbsa, onda ictimaiyyətin istənilən versiya barədə ehtimallar irəli sürməyə haqqı çatır”, yazıda bildirilir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə