“Məhsul”u niyə doldura bilmirlər? – Kameralarda axtarılan bəhanə…

Nicat DAĞLAR

20 il əvvəl dinlədiklərimizi bu gün də eşitmək əzabını yaşayırıq… Eyni mahiyyət, eyni ritorika. Nə hadisələrə yanaşma tərzi dəyişib nə də insanlara münasibət. Gözümüzün önündə siyasi proseslərdən şəxsi qazanc vasitəsi kimi istifadə edən, insanların faciəsindən belə yararlanmağı özünə ar bilməyənlər, dünən olduğu kimi, bu gün də birinin ölüsü, o birinin yaralısı, başqa birinin xəstəsi üzərindən oyun qururlar… Əslində isə məqsədlərinə çatmaq üçün həmin ölünü də, yaralını da, xəstəni də ayaqlarının altına almağa hazır vəziyyətdədirlər…

Görmüşük!

Bilirik!

Yaşamışıq!

Dünən də belə idi – düşüncənin “qida rasionu” üçün nəzərdə tutulan “şirin vitamin qatqıları”ndan istifadə olunurdu. İllər keçib ey… Əllərində istifadə müddəti bitmiş “həblər” düşüblər ortalığa ki, bəs Azərbaycanın səadəti bizim əlimizdədir, dəstəyinizi əsirgəməyin, səsimizə səs verin ki, hakimiyyətə gəlib hamıya süd vannası qəbul etmək kimi bəxtəvərlik yaşadaq. Bu yolla nə qədər adamı 20 il, nə qədərini 10 il, neçəsini 5 il, neçəsini də 1 il əvvəl bədbəxt elədilər…

Görmüşük!

Bilirik!

Yaşamışıq!

Müxalifətçı adı altında min hoqqadan çıxanlar bu illər ərzində ancaq öz fərdi maraqlarını təmin etməyə çalışdılar. Kiminsə həyatı, kiminsə gələcəyi, kiminsə ailəsi onlara maraqlı olmadı. Dünyanın gedişatından baş çıxara biləcək qədər yaşda və başda olmayan neçə-neçə gəncin taleyinə qənim kəsildilər. Ana qucağından təzəcə ayrılmış saf, hər nağıla inanacaq sadəlövh uşaqlardan “demokratiya mücahidi” düzəldib küçələrə saldılar. Beyinlərini zəhərləyib polisin üstünə göndərdilər ki, başınızı dəyənəyin altına verin, tökülən qan “milyonlara xoşbəxtlik bəxş edəcək”…

Görmüşük!

Bilirik!

Yaşamışıq!

Oyuna salındığının, qurban seçildiyinin fərqində olmayanlar, şeytanın bütün parametrlərini daxilində biləşdirmiş partiya sədrlərini İmam övladı sandılar, danışdıqlarını Quran ayəsi bilib, göstərdikləri yolu müqəddəs zənn etdilər. Ağıllarına da gətrimədilər ki, sözünə ,söhbətinə heyran olduqları, dəyənək altına verilən hər bir başa görə qrant layihəsi hazırlayır, tökülən qanın hər qramını “şotkaya” vururlar…

Bu gün də belədir: aksiyalarda “sutkalıq” alanların öz qiməti, dərinə gedib “srok” alanların isə öz qiyməti var. Nə qədər çox tutulan olarsa, bu, hazırladıqları hesabatların qalınlaşması deməkdir. Hesabatın qalın olması isə şübhəsiz ki, “qonorar”ın artmasını təmin edən vacib şərtlərdən biridir.

Görmüşük!

Bilirik!

Yaşamışıq!

“Milyonlara xoşbəxtlik bəxş edəcəyik” deyənlər, əslində özlərinin milyonlarla dollarlıq xoşbəxtliyi üçün çalışdılar. Pul üstündə bir-biriləri ilə davalarını da gördük. Gah birləşdilər, gah da dağılışıb düşmənə çevrildlər. Küsüb gedənləri, “mübarizə” adı altında oyun oynamaqdan bezənləri ağır təhqirlərə məruz qoyub, ünvanlarına hədyanlar yağdırdılar. Niyə getdiyini izah etməyə, dünənə qədər ocaq bildiyi partiyada nələrin baş verdiyini, idarəetmədə hansı fırıldaqlara əl atıldığını açıqlamağa çalışanlar barədə isə palaz-palaz yazılar yazdırıb, “xəyanətdə” sucladılar. İllərlə çiyin-çiyinə yol getdikləri, çörək kəsdikləri adamların arxasınca küçə söyüşləri işlətməkdən belə çəkinmədilər… Beləcə hər növbəti mərhələdə “yoldaş”, “silahdaş”, “əqidədaş” itkisi baş verdi. VƏTƏNDAŞ isə bütün bunları görür, müşahidə aparır, nəticə çıxarırdı. Anlayırdı ki, Azərbaycandakı müxalifət təsisatları insan talelərinin qəbristanlığından başqa bir şey deyil və onlar cəmiyyətin inkişafında heç bir rol oynaya bilməzlər. Həqiqətlərə tədricən işıq salındıqca, vətəndaş dərk edirdi ki, həşəmətli “liderlər” hansısa problemin həllində maraqlı deyillər – əslində dərinləşməsini arzulayırlar. İstədikləri odur ki, ölkə nizamsız hala gəlsin, insanlar aqresssiv havalara düşüb, rahat idarə olunan, “milyonların xoşbəxtliyi üçün” özünü qurban verməyə tərəddüd etməyən başsız, beyinsiz zombilərə çevrilsinlər…

Görmüşük!

Bilirik!

Yaşamışıq!

Dəfələrlə “yeni ideyalarla” silhalanmış kimi görünməyə çalışdılar. Bloklar, birliklər, ittifaqlar, koordinasiya mərkəzləri yaradıldı. Dedilər ki, “zəfər yürüşünə” çıxmışıq, bu dəfə gücümüz yeri-göyü lərzəyə gətirəcək… Amma hər dəfə həmişəki kimi oldu və hər dəfə də “xəyanətkar” axtarışı ilə bir-birinə barmaq tuşladılar. Biri dedi, “Əli yenə satdı”, o biri dedi, “Yox, xəyanət yolunu tutan Müsavat oldu”… Qərəz, rəzilliyin son həddinə qədər yuvarlanıb, hərəsi öz qınına çəkildi.

Görmüşük!

Bilirik!

Yaşamışıq!

İndi də sossial şəbəkələrdə yuva qurublar. Cəmiyyətin real dəstəyindən təbii ki, söhbət gedə bilməz. Azərbaycan adamı “mələk liderlərin” əsl siması ilə tanış olduğundan, hansısa çağırışa rekasiya vermir, deyilən heç bir sözə inanmır. Adına Milli Şura deyilən dərnək isə ümumiyyətlə “iqnor”a qoyulub. Bax, elə ona görə də “Məhsul” adlı ovuc boyda yeri yarıya qədər də doldura bilmirlər. Ötən il dəfələrlə çalışdılar ki, dəstəyin itirilmədiyini göstərmək üçün izdiham yaratsınlar. Az qala dizlərini yerə qoyub yalvardılar, günlərlə çağırış edib çeşidli şüarlar yaydılar. Olmadı! Alınmadı! Dindar çevrələrə xitab edib qara bayraqlara qədər əl atdılar – “Məhsul” dolmadı ki, dolmadı… Bəhanələrinə baxın: “Ərazidə kameralar çəkir, insanlar qorxur ki, tanıyan olar, işdən qovularlar”. Bir tərəfdən də hər gün dil boğaza qoymurlar ki, ölkədə işsizlik baş alıb gedir, insanların itirməyə heç nəyi qalmayıb. Onda hanı bu “işsizlər ordusu”? Niyə mitinq çağırışlarına məhəl qoymurlar? İşsiz adam kameralardan niyə qorxsun ki? Onu hansı işdən çıxaracaqlar? “İtirməyə heç nəyi qalmayan” adamı kamera ilə qorxutmaq olarmı?

Bəylər, əslində itirməyə sizin heç nəyiniz qalmayıb. Siz bütün cəmiyyətlər üçün xüsusi gərəkliyi olan institutu məhv etdiniz. Alternativ gücə çevrilmək, rəqabət mühiti yaratmaq əvəzinə, insanların taleyi üzərindən çirkin oyunlar qurdunuz. Müxalifətin olması cəmiyyəti inkişafa aparan vacib şərtlərdən biridir. Hikkəniz, şəxsi maraqlarınız, ordan-burdan alınan qrant üstündə saçyolduya çıxmağınız müxalifət adına ortada heç nə qoymadı – darmadağın etdiniz. Məhz sizin əməlləriniz nəticəsində indi sıravi vətəndaşdan soruşsan ki, müxalifətə münasibətin necədir? Cavabı sual şəklində olacaq: “Müxalifət var ki?” Hansı üzlə indi yenə cəmiyyətdən dəstək istəyirsiz? Haqqınız çatırmı buna?.. Bunca oyunlarınızdan sonra ağlı başında olan adamlar sizin göstərdiyiniz yola ayaq basarlarmı?..

Əmin olun, halını dəyişmək istəyən adamlar maneə tanımaz. “Kameralar çəkir”, nə bilim, “Avtobuslar işləmir” kimi əttökən bəhanələri yığışdırın. Mənzərə ortadadır: Cəmiyyət sizi müxalifət kimi qəbul etmir! Kim gələcəyini təhlükə altına atmaq istəyər?..

Odur ki, yanvarın 19-na da ümid eləməyin. Ötən il “Məhsul”da hansı rüsvaçılığı yaşadızsa, bu dəfə də eyni aqibətlə üzləşəcəksiniz. Hətta desəz ki, özümüzü meydanda öldürəcəyik, gəlin meyitimizi ortdan götürün, “Məhsul” yenə dolmayacaq.

Görmüşük!

Bilirik!

Yaşamışıq!

Bütün xəbərlər Facebook səhifəmizdə