"Heydər Əliyev və tarixi qayıdış"

Suraxanı rayonunda 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə bu mövzuda konfrans keçirilib

Suraxanı rayonunda 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilir. Növbəti tədbir - "Heydər Əliyev və tarixi qayıdış" mövzusunda konfrans Suraxanı rayonu Heydər Əliyev Mərkəzi, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi, Suraxanı rayon icra hakimiyyəti və YAP Suraxanı rayon təşkilatı tərəfindən təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə rayondakı Ümummilli Liderin Heydər Əliyev Parkında ucaldılan Heydər Əliyev abidəsini ziyarət edib, önününə gül dəstələri düzüblər.

Daha sonra tədbir iştirakçıları Suraxanı rayonu Heydər Əliyev mərkəzi ilə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş poçt markaları və kitab sərgiləri ilə tanış olub, mərkəzin sifarişi ilə hazırlanmış "Xilaskar" filminə baxıblar.

Dövlət himni səsləndirildikdən sonra konfransı giriş sözü ilə açan Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi xalqımızın qurtuluş və qəhrəmanlıq tarixidir: "Xalqın arzu və təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi qarşısında olan Azərbaycanı düşdüyü ağır vəziyyətdən, qardaş qırğınından qurtarmaq üçün qısa zamanda təxirəsalınmaz və qətiyyətli tədbirlər gördü. Ulu Öndər dövlət idarəçiliyi sahəsində qazandığı zəngin təcrübə ilə fitri istedadını birləşdirərək, ölkədə möhkəm və dönməz sabitlik yaratdı, qeyri-qanuni silahlı dəstələri tərksilah etdi, xarici müdaxilə cəhdinin qarşısını aldı, atəşkəsə nail oldu".

İ.Abbasov onu da bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev Ulu Öndərin siyasətini yaradıcı şəkildə həyata keçirərək, sürətlə dəyişən müasir dünyada Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm və taleyüklü addımlar atır.

Konfransda çıxış edən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, müasir Azərbaycanda dövlət quruculuğu ilə yanaşı, ümumilikdə, dövlətçiliyin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyamızın müəllifi, məhz Ümummilli Lider Heydər Əliyevdir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları öz əksini tapmışdır.

Ə.Hüseynli bildirib ki, Ulu Öndərin ən böyük nailiyyət hesab etdiyi hadisə Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin təmin edilməsi idi. Azərbaycanın öz maraqlarına uyğun işlənib-hazırlanmış müstəqil siyasi kursu da Heydər Əliyevin əsəridir. Bu gün də həmin kurs böyük uğurla davam etdirilir.

Konfransda çıxış edən Milli Məclisin deputatları Rafail Cəbrayılov, Fəzail Ağamalı, Sevinc Fətəliyeva, Ağacan Abiyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd ediblər ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşmüşdür. Bu Dahi İnsanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.

Sonda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə rayonun tam orta məktəblərində təhsil alan 9-11-ci sinif şagirdlərinə "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda keçirilən açıq dərslərin tədrisində fərqlənən müəllimlər, rayonun ictimai həyatında fərqlənən bir qrup şəxs rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə məktəblilər arasında keçirilmiş inşa yazı və rəsm müsabiqəsində fərqlənən şagirdlər isə Təşəkkürnamə ilə təltif olunublar.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...