DSX Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirləri davam etdirir FOTOLAR

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçirilir. SİA-nın verdiyi məlumata görə, keçirilən tədbirlərdə Azərbaycanın şanlı səhifələrindən olan və müasir dövlətçilik tariximizdə önəmli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında ətraflı məlumatlar verilib və bu əlamətdar hadisənin təkcə Azərbaycan üçün deyil, bütün Şərq dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Respublika Günü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin Aparatında, Sahil Mühafizəsində və Azərbaycan İstiqlal Muzeyində keçirilən tədbirlərdə Şərqin və türk dünyаsının ilk dеmokrаtik dövləti olаn Аzər­bаycаn Xаlq Cümhuriyyəti dövründə etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, dövlət atributlarının qəbul olunması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli ordumuzun yaradılması, dövlət sərhədlərinin və təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlər iftixаr hissi ilə qeyd olunub.

Tədbirlərdə Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünya dövlətləri arasında layiqli yer tutmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri böyük minnətdarlıq hissi ilə vurğulanıb.

Ümummilli Lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi olaraq qeyd olunub.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi bir daha milli dövlətçilik tariximizə olan hörmət və ehtiramın bariz nümunəsi olması vurğulanıb.

Tədbirlərin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileynə həsr edilmiş sənədli filmlər nümayiş etdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə