“Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun növbəti xəyanətidir

Müxalifət anlayışı əfsuslar olsun ki, bizdə xəyanət deyilən satqınlıq kimi başa düşülür. Yaxud, xəyanətkarlar etdikləri xəyanəti müxalifət komuflyajı altında ört-basdır etməyi düşünürlər. Yəni, doğrudanmı öz xalqını, vətənini, dövlətini, milli maraqlarını satan, düşmən dəyirmanına su tökən xəyanətkarlar elə başa düşür ki, bu müxalifətçilikdir?

Azərbaycanın hüdudlarından kənarda olan mühacirlərdən tutmuş bir sıra üzdəniraq “ziyalılara” qədər kim özünü müxalifətçi hesab edirsə yalnız bu xalqın, hətta millətin əleyhinə fəaliyyət üzərində köklənib. Biri adını “siyasətçi” qoyub tərbiyəsizliklə siyasi mübarizəni qarışdıraraq xəyanət edir, digəri də “ziyalı” adı altında ziyasızlıq, hətta həyasızlıq, satqınlıq edərək yalnız xəyanətkarlığını nümayiş etdirir. Azərbaycan cəmiyyətində belə ünsürləri necə adlandıraq? Bunlara cəmiyyətin tör-töküntülərimi deyək, satqınlarımı deyək, xəyanətkarlarımı deyək, yoxsa eləcə müxalifət desək kifayət edər?

Əylislinin “yuxuları”ndan sonra Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” cəmiyyətdə ciddi rezonans doğurub və hiddətlə qarşılanıb

Bir müddət əvvəl Əkrəm Naibovun “Daş yuxuları” cəmiyyətdə ciddi bir rezonans doğurdu və onun bu cızmaqarasını hətta xəyanətin qapısı da adlandırmaq olar. Çünki, onun Azərbaycanı və azərbaycanlıları aşağılamaq cəhdləri bir müddət sonra tamam başqa bir müstəviyə, mühacirlər müstəvisinə daşındı. Əkrəm Əylisli imzası ruh verə bilməzdi axı xain qəlbli insanlara. Bu yazarın “yuxuları” hiddətlə qarşılandı və ictimai qınağa səbəb oldu axı. Cəmiyyətimiz Əylislini qınadı desək fikrimizi tam ifadə edə bilmərik. Çünki, bu qınaq nifrətə belə çevrildi. Belə olan halda, Orduxanlar, Mirzəlilər, Sadıqlılar, Yunuslar bəs bu xalqın nifrətindən, onlara qoyulan xəyanətkar damğasından heçmi çəkinmədilər, qəlblərində olan xəyanət toxumlarını cücərtmək üçün nəyə istinad etdilər?

Əylislinin “yuxuları”ndan sonra indi də Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi cəmiyyətdə ciddi rezonans doğurub və ölkə ictimaiyyəti bu ssenaristin əsl simasının Əkrəmin simasından fərqlənmədiyinin də dəfələrlə şahidi oldu. İllərlə öz içində saxladığı və bu xalqa qarşı bəslədiyi kinini son dərəcə çılpaqlığı ilə ortaya qoydu İbrahimbəyov. Doğrudur, İbrahimbəyovun ssenarisi ilə çəkilən filmlərin əksəriyyətində Azərbaycan cəmiyyəti eyiblərlə dolu bir cəmiyyət kimi təqdim edilib. Məsələn, “Bir cənub şəhərində” filmində Azərbaycan gəncliyini küçədə avara kimi qələmə verən kinosenaristin elə əvvəldən də bu xalqa qarşı kini, aşağılamaq cəhdləri bəlli idi. Nəinki, bu xalqa, hətta Türk millətinə olan antipatiyası da gizli deyildi və “Səhranın bəyaz günəşi” filmində də Türk əsilli Abdullanı qorxaq kimi təqdim etməsi sadalananları təsdiq edir.

Erməni ictimai-siyasi dairələrinin "bravo" deməsi bu ssenaristin onların maraqlarını müdafiə etyini təsdiq edir
Maraqlıdır, R.İbrahimbəyov özünü bu millətin, bu xalqın nümayəndəsi hesab etmirmi? Görəsən, azərbaycanlılara, bütövlükdə isə türk dünyasına nifrət edən, əleyhində fəaliyyət göstərən erməni ictimai-siyasi dairələri bu ssenaristə niyə "bravo" deməlidir? Yəni, ermənilər onun bu xalqın, bu millətin əleyhinə olan fəaliyyətindən belə razıdırlar ki, onu xüsusilə dəyərləndirirlər? Yoxsa üzdəniraq qonşularımızla, işğalçılarla, terroristlərlə onu birləşdirən hansısa tellər, məsələn, qohumluq kimi əlaqələr var? Əks halda ermənilərə olan bu sevgi hardan qaynaqlana bilər? Azərbaycan xalqını qəddar, yalançı, mədəniyyətsiz, milli kökləri olmayan, erməniləri isə kübar, “türkün qurbanı” olan mədəni xalq kimi təqdim edən İbrahimbəyov erməni maraqlarını, özü də riyakarcasına niyə müdafiə etməlidir?

Əgər, Maqsud İbrahimbəyov kimi qardaşı olmasaydı Rüstəmin erməni olduğuna belə şübhələrin əsası var idi və inanmaq olmur ki, onun belə bir qardaşı var. Doğrudur, məhz layiqli olduğuna və dəyərli fəaliyyətinə görə bu xalq M.İbrahimbəyovu unutmayacaq. Onun xatirəsinin əbədi olaraq yaddaşlarda yaşamasını da inkar etmək olmaz və ona qarşı bu xalqın hörmət və etiramı da göz qabağındadır. Amma Rüstəmin bu etirama zərrə qədər ümidi yoxdur və əksinə öz çirkin, məkirli fəaliyyəti ilə nifrət qazandığının fərqindədir. Çünki, Maqsud İbrahimbəyov milli maraqları, bu xalqın mənafeyini üstün tutduğu halda, qardası bunun əksini düşünüb.

R.İbrahimbəyov bu xalqın, bu millətin nümayəndələrini deyil məhz erməniləri, rusdilli əhalini üstün hesab edib. Kim rus dilində danışıbsa, baxmayaraq ki, o ermənidir, yaxid digər bir milli mənsubiyyəti var onu kubar hesab edən ssenarist, rusdilli olmayan azərbaycanlıları “çuşka” hesab edib. Hətta Qarabağda döyüşən, şəhid, yaxud qazi olan həmvətənlərimiz belə onun nəzərində heç də ermənilərdən, rusdillilərdən üstün deyildi. Bu ruhda kim tərbiyə etmişdi R.İbrahimbəyovu? Bəlkə elə “Milli Şura” adı altında birləşən milli xəyanətkarlar? Axı onlar da xəyanətlərə rəvac verən ünsürlər hesab olunur və mühacir xəyanətkarlardan tutmuş, elə İbrahimbəyovun özünə qədər kimin mənfur əməli peyda olursa, daşın altından bu “şura”, onun xəyanət üzərində köklənmiş məfkurəsi, siyasəti çıxır. Bunların bir zamanlar bir yerdə olduğu, hətta “şura”nın məhz R.İbrahimbəyovu dəstəkləməsi, onun namizədliyi üçün dəridən-qabıqdan çıxması deyilənləri təsdiq edə bilər. Hətta bu gün bu “Milli Şura” adı altında birləşən və aksiyalarından tutmuş video müraciətlərinə qədər “sevgili millət” deyə xalqa xitab edənlər hələ də susurlarsa, hələ də R.İbrahimbəyovun bu “Qafqaz üçlüyü” filmi, onun xəyanətkarlığı barədə fikir bildirmirlərsə, bu ümumiyyətlə o deməkdir ki, Rüstəm heç də tək deyil və onun “şura” kimi, radikallar kimi əqidədaşları var.

İstər Rüstəm olsun, istər Əli olsun, istərsə də Orduxan, sadalanan adlar şərtidir və bunların yeganə adı var, xəyanətkar və bunları birləşdirən erməni sevgisi, erməninin büdcəsindən əldə etdikləri vəsaitlərə olan sevgidir. Rüstəm İbrahimbəyova bilməsə belə, məlumatsız olsa belə ermənilərin törətdikləri vəhşilikləri, Azərbaycan torpaqlarında işğal faktlarını bir-bir sadalamaq olar. Amma qeyd etdiyimiz kimi, əgər digərləri kimi bu ünsürün də erməni və erməni puluna olan sevgidən başqa qəlbində yer yoxdursa, təbii ki, ona yalnız bir söz söyləmək olar, “Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun növbəti xəyanətidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə