"Nahaqdan onlara "iaşə müxalifəti" deyilmir ki"

Müxalifətin xaricdəki söyüş qrupu sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinə, ayrı-ayrı insanlara qarşı növbəti ittihamlar, şər və böhtanlar səsləndirir, statuslar paylaşırlar. Söz yox ki, qondarma sosial şəbəkə fəallarını yaşadıqları ölkələrin hansısa qaranlıq dairələri bu kimi əməllərə təhrik edirlər.

Millət vəkili Azər Badamov: "Azərbaycanın uğurları müəyyən dairələri ciddi narahat edir"

- Seçkiqabağı xaricdən sosial şəbəkələr vasitəsi ilə müəyyən şəxslərin ünvanlarına ittihamların artması gözləniləndir. Çünki bu gün güclənən və inkişaf edən, sabitlik məkanına çevrilmiş Azərbaycanın uğurları müəyyən dairələri ciddi narahat edir. Bəzi dairələr var ki, ölkəmizə qısqanclıqla yanaşır və hər bir fürsətdən istifadə edərək, ölkəmizin imicinə ləkə yaxmaq istəyirlər. Onlar müəyyən adamlar tapıb, onların maliyyələşməsini təşkil edirlər. Belə adamlar xaricdə sığınaraq, öz dolanışıq mənbəyini həmin dairələrdən aldıqları vəsaitlər üzərində quraraq, sosial şəbəkələrdə müəyyən tapşırıqların icraçılarına çevirirlər. Onlar ölkəmizdə təmin olunmuş söz azadlığı və mətbuat azadlığından maksimum dərəcədə sui istifadə edərək, öz fəaliyyətlərini qurublar. Amma bu, heç də o demək deyil ki, onların ittihamları həqiqəti əks etdirir. Bu ittihamların yalan olduğunu Azərbaycanın hər bir vətəndaşı çox yaxşı bilir və belə aldadıcı ittihamları qətiyyətlə rədd edir. Ölkəmizdə keçiriləcək prezident seçkiləri yüksək səviyyədə təşkil olunur və hər bir Azərbaycan vətəndaşı aprelin 11-də demokratik şəraitdə öz prezidentini seçəcəkdir. Artıq hamı bilir ki, kimə səs verilməlidir, kimin arxasınca getməlidir və Azərbaycanın işıqlı gələcəyinin qurucusu kim ola bilər. Təbii ki, bu, Cənab İlham Əliyevdir və hamı "İlhamla irəli" getmək arzusundadır. Qaldı ki, bəd niyyətli dairələr və onların xidmətçilərinə, onlar da seçki prosesi başa çatandan sonra sakitləşəcəklər.

Siyasi şərhçi Azər Həsrət: "Ucuzluqda onlardan ən aşağı səviyyəli işlər üçün istifadə edilir"

- Xaricdəki muzdlu qrup özünü Azərbaycanın düşmənlərinə könülü surətdə təslim edib. Bu da səbəbsiz deyil. İş ondadır ki, onlar keyfiyyətsiz insanlar olduqları üçün Azərbaycandan siyasi mühacir adı altında qaçıblar. Getdikləri ölkələrdə bunların əsl mahiyyəti tez bir zamanda aşkar edildiyi üçün status ala bilməyiblər. Belə bir durumda da özlərini ən ucuz qiymətə satışa çıxararaq, satılıblar. Təbii ki, bu ucuzluqda onlardan ən aşağı səviyyəli işlər üçün istifadə edilir. Nahaqdan onlara "iaşə (zibillik) müxalifəti" deyilmir ki.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə