"ABŞ-ın idarə edilməsində mürəkkəb vəziyyət yaranıb" ŞƏRH

“Bu gün hər kəs də görür ki, ABŞ hansı qaydada idarə olunur. Rəsmi Vaşinqtonun idarə edilməsində çox mürəkkəb vəziyyət yaranıb. Məncə, orada bəzi mütəxəssislər, rəhbərlər yerində deyil. ABŞ Dövlət Departamentində də vacib olan işi bilən, regonu yaxşı tanıyan mütəxəssislər oradan uzaqlaşdırılıb. Ona görə də ABŞ Dövlət Departamentinin Azərbaycanı riskli ölkələr siyahısına daxil etməsini orada olan mütəxəssislərin savadsızlığı ilə əlaqələndirərdim”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, orada olan mütəxəssislər doğurdan da Ermənistanı və Azərbaycanı, Gürcüstanı, ümumiyyətlə isə regionu tanımırlar: “Bu gün elə Gürcüstanda prezident və baş nazir cəmiyyətdə olan aqressivlikdən narahatdır. Vaxtaşırı olaraq orada anti terror əməliyyatları keçirilir. Gürcüstanın keçirdiyi anti terror əməliyyatları həmişə uğurla nəticələnib. Amma istər-istəməz bunun əlavə fəsadları da olur.

Ermənistan isə ümumiyyətlə bərbad vəziyyətdədir. İşğalçı ölkədə hər həftə Yerevanın mərkəzində güllə atılır. Orada olan kriminal avtoritetlər Sarksiyanın siyasi müttəfiqi, tərəfdaşıdır deyə, onlara gözüm üstdə qaşın var deyən yoxdur. Ona görə də kriminal avtoritetlər Ermənistanda at oynadır. Hətta bildiyiniz kimi Ermənistanda bir nəfər kriminal avtoritet qəza törədərək iki erməni polisini öldürdü. Bu kimi hallar daha çoxdur. Ermənistanda xarici pasport və viza açıq şəkildə satışdadır. İşğalçı ölkə bu dərəcədə kriminallaşıb. Ermənistanın milli təhlükəsizlik xidmətinin yaydığı məlumata görə, 2017-ci il ərzində rəsmi Yerevana 986 nəfərin terrorçu olması şübhəsi ilə Ermənistana daxil olmasına icazə verilməyib.

Amma Ermənistanın içərisində xeyli sayda terrorçular da var. ABŞ mütəxəssislərinin bunları görmədən hansısa siyahı hazırlaması onlara heç də başucalığı gətirmir. Amma bu gün Azərbaycanda tam sabitlikdir, cəmiyyət özünü çox normal aparır. Hətta Azərbaycan ən güclü turist axını olan bir ölkədir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə