Bu il Darıdağda 4500-dən çox yerli və əcnəbi vətəndaş müalicə olunub NAXÇIVANDA

Mineral suların təbii “muzeyi” olan Naxçıvan nəinki regionda, hətta dünyada termal və müalicəvi suların ən çox yayıldığı yerlərdəndir. Müalicə əhəmiyyətli sulardan biri də Darıdağın ətəyində qaynayır.

Naxcivantv.az xəbərinə görə, Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşən Şorsu dərəsində yay-qış demədən 53-57 dərəcə selsi temperaturda qaynayan bulaqlar insanların şəfa ocağıdır. Darıdağ Arsenli suyundan Polşada, Fransada, Almaniyada və Rusiyada da var. Amma suyun tərkibindəki mineral duzların mütənasibliyi ilə Darıdağ onlardan üstündür.

Darıdağ Arsenli su müalicəxanasında bir çox xəstəliklər müalicə olunur. İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su ona müalicəvi təsir göstərməklə onun iş qabiliyyətinin bərpasına səbəb olmasın. Buraya müraciət edənlərin sayı ildən-ilə daha da artır. Cari ilin birinci yarısında 4500-dən çox yerli və əcnəbi vətəndaş bu şəfa ocağına müraciət edib. Müalicənin müsbət nəticələrini görən xəstələr hər il təkrar Darıdağa üz tuturlar.

Darıdağ arsenli su müalicəxanasında müalicə olunan xəstələr üçün müəyyən edilmiş bir seansın müddəti gündə 10-12 dəqiqə olmaqla, 12-14 gündür.

Baloğlan Kərimov

NTV Xəbər

Bütün xəbərlər Facebook səhifəmizdə