UNEC-də “qış məktəbi”nin işi təkmilləşdirilir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov “qış məktəbi”ndə iştirak edən müəllimlərlə görüşüb.

UNEC-dən SİA-ya bildirilib ki, görüşdə universitetin akademik heyətinin elmi və pedaqoji potensialının yüksəldilməsi məqsədilə təşkil edilən “qış məktəbi”nin ənənəvi hal almasının üstünlüyü vurğulanıb. UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan “qış məktəbi”nin kollektivdə sağlam mühitin formalaşmasında mühüm rol oynadığı bildirilib. Müəllimlər “qış məktəbi”nin “Tədris materiallarının keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması” mövzusuna həsr olunmasını yüksək qiymətləndirərək növbəti “qış məktəbi”nin mövzularını interaktiv sorğularla müəyyənləşdirməyi təklif ediblər.

“Qış məktəbi”ndə Fransanın Lyon Universitetinin müəllimi Jennifer Veillonun, ABŞ-ın Leigh Universitetinin professoru Jill Sperandionun və Türkiyənin İstanbul Universitetinin professoru Sedat Muratın apardığı təlimlərin effektivliyindən söz açılıb.

Görüşdə “qış məktəbi”nin işinin təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndirilib və bu çərçivədə konfransların təşkil olunmasının əhəmiyyəti qeyd edilib.

Sonda “qış məktəbi”nin iştirakçılarına sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə