“Şərq-Qərb” beynəlxalq avtomobil magistralının Rikoti aşırımındakı hissəsində tikinti işləri davam edir

“Şərq-Qərb” beynəlxalq avtomobil magistralının Gürcüstan ərazisindən keçən hissəsində - Rikoti aşırımında tikinti işləri davam edir.

Gürcüstan Avtomobil Yolları Departamentindən AZƏRTAC-a bildiriblər ki, ölkənin şərq və qərb bölgələrini birləşdirəcək Rikoti aşırımında yolun ümumi uzunluğu 51,6 kilometrdir. Gürcüstan üçün misli görünməmiş layihə əsasında bu yolda 96 körpü və 53 tunelin tikintisi nəzərdə tutulur. Yolun tikintisinin 2020-ci ilin iyun ayında başa çatdırılması gözlənilir.

Yolun tikintisi başa çatdıqdan sonra Azərbaycan ilə sərhəddəki Qırmızı Körpü keçid məntəqəsindən Türkiyəyə qədər (“Sarpi” sərhəd keçid məntəqəsi) 8 saatlıq yolu 4 saat yarıma qət etmək mümkün olacaq.

Hazırda avtomagistralın Xevi-Ubisa (12,2 km) və Ubisa-Şorapani (13 km) hissələrində tikinti işləri sürətlə davam edir. Xevi-Ubisa yolunda işlərin 75 faizi yerinə yetirilib. Bu ərazidə tikiləcək 20 tuneldən 7-də, 35 körpüdən 11-də işlər başa çatıb. Ubisa-Şorapani hissəsində 6 tuneldə və 5 körpüdə iş gedir.

Magistralın Çumateleti-Xevi hissəsində tikinti işləri ilə bağlı bütün sənədləşmə başa çatıb. Yolun Şorapani-Arqveta hissəsinin tikintisi ilə bağlı tender sənədləri hazırlanır.

Departamentdən bildiriblər ki, relyef, dağlıq və keçilməz ərazi, eləcə də mühəndis planlaşma və mürəkkəblik baxımından bu layihə Cənubi Qafqazda ilk hesab olunur.

Şərq-Qərb dəhlizinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edən bu layihə Gürcüstanın regiondakı mövqelərini də xeyli möhkəmlədəcək. Eyni zamanda, regiona turist axınının güclənməsində, sərnişin və yük daşınmalarında mühüm rol oynayacaq.

“Şərq-Qərb” və ya E 60 magistralı Avropa tranzit dəhlizləri sırasında ikincidir. Bu yol Brestdən başlayıb Fransadan keçərək Qırğızıstanın İrkeştam şəhərində başa çatır. E 60 magistralı Gürcüstan üçün Azərbaycan ilə sərhəddən başlayır və Qara dənizin Poti limanında başa çatır; ümumi uzunluğu 392 kilometrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...