Pərvanə Qurbanova: "O olmasaydı, mən mən olmazdım" MÜSAHİBƏ-FOTOLAR

Gəncə Dövlət Dram Teatrının aktrisası, xalq artisti Pərvanə Qurbanovanın müsahibəsini SİA oxucularına təqdim edirik:

- Pərvanə xanım, yaradıcılığınızda hansı yeniliklər var?

- Hazırda Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşası hazırlanır. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır.

- Gəncə Dövlət Dram Teatrında keçmiş baş rejissorunuz Gümrah Ömərin yerinə İradə Gözəlova təyin olunub. Bu dəyişikliyi necə dəyərləndirirsiniz?

- İradə Gözəlova çox istedadlı rejissordur. Biz çox fəxr edirik ki, bu xanım bizim teatra gəlib. Onu da deyim ki, Gümrah müəllimin işlərini danmaq olmaz. O da işini layiqincə yerinə yetirən rejissor olub.

- Gəncə Dövlət Dram Teatrında 30 ildən çox fəaliyyət göstərməyinizə baxmayaraq, tamaşaçılar sizi seriallardan tanıdı. Bunun səbəbi nədir?

- Xüsusilə diqqətinizə çatdırım ki, ölkəmizdə ilk çəkilən seriallarda mən rol almışam. Buna görə də rejissor Rövşən İsaxa təşəkkür edirəm. 30 il Gəncə Dövlət Dram Teatrında işləmişdim. Gəncədə tanınmağıma baxmayaraq, bu serialdan sonra daha da məşhurlaşdım.

- Hazırda hansı seriallara çəkilirsiniz?

- Hələlik heç bir seriala çəkilmirəm. Sonuncu "Tufanlı səmada" serialında rol almışam. Hələlik təklif yoxdur. İnşaallah yaxşı təklif olsa, razılaşaram.

- Bir aktyorun eyni vaxtda bir neçə serialda rol almağına necə baxırsınız?

- Düşünürəm ki, bacarırlarsa niyə də olmasın? Bizim hər zaman örnək götürdüyümüz Türkiyə seriallarıdır. Ancaq onu deyim ki, sözügedən ölkədə aktyorlara kifayət qədər pul ödədikləri üçün aktyorlar da başqa seriallara çəkilmək məcburiyyətində qalmır. Bu zaman da maddiyyata görə aktyor özünü 5-6 yerə bölür. Bir sözlə, aktyor üçün bir serialda çəkilmək daha rahatdır. Çünki bütün gücünü bir seriala qoyur və çalışır ki, mükəmməl rol yaratsın. Hesab edirəm ki, hansı kanalı açıb məni görsələr, tamaşaçılar da bezəcək və onların yaddaşında obrazım deyil, özüm qalacam.

- Hansı filmlərə çəkilmisiniz?

- 1992-ci ildə "Xocalı harayı" filmində rol almışam. Daha sonra "Cavad xan"da epizoda çəkilmişəm. Buna görə məni qınadılar ki, belə kiçik rola niyə razılıq verdin. Onlara da söylədim ki, əgər Gəncə xanı "Cavad xan" haqqında film çəkilirsə və məni ora hətta kütləvi səhnəyə çıxmağımı istəyirlərsə, düşünmədən razılaşaram.

- Bu gün ölkəmizdə filmlər və seriallar çəkilir. Ancaq nədənsə tamaşaçılar öz istehsalımız olan ekran işlərinə baxmaq istəmir. Buna səbəb nədir?

- Təəssüf ki, son 2-3 ildir seriallarda peşəkar aktyorlar yoxdur. Əvvələr işini bilən aktyorları dəvət edirdilər. Ancaq bu gün seriallarda peşəkarlıqdan xəbəri olmayan insanlar çəkilir. Odur ki, rejissorlar peşəkar aktyorlara müraciət etməlidirlər ki, gənclər nə isə öyrənsinlər.

- Rejissorlar peşəkar aktyorla işləmək istəyirlər. Lakin onlar daha çox pul tələb etdiklərinə görə rejissorların bunu ödəməyə gücləri çatmır. Bu haqda siz nə deyə bilərsiniz?

- Mən çəkildiyim seriallardan aldığım qonorardan narazı deyiləm. Çox sağolsunlar ki, mənə böyük hörmətlə yanaşırlar. Onu da deyim ki, başqa ölkələr kimi seriallara ayrılan pul bizim filmlərimizə ayrılmır. Ona görə də belə tez zamanda mükəmməllik gözləməyimiz doğru deyil. Bütün seriallarda aylıq maaş alırdım. Nə qədər olduğunu sirr saxlasam yaxşıdır (gülür).

- Bildiyimizə görə ali təhsiliniz yoxdur. Bu sizin fəaliyyətinizə mane olubmu?

- Bəli, ali təhsil almamışam. Amma bu gün universiteti bitirib gələnlərə mən danışıq öyrədirəm (gülür). Əslində ali təhsil almaq yaxşıdır. Mən burada böyük sənətkarlardan teatr sirrləri öyrənmişəm. Ələddin Abbasov, Rəmziyyə Veysəlova, Sədayə Mustafayeva, Məmməd Bürcəliyev, Zülfüqar Baratzadə kimi görkəmli sənətkarların əhatəsində olub, onlardan dərs almışam. Vaqif Şərifov birbaşa əlimdən tutub səhnəyə gətirib. Ancaq ali təhsilim olsaydı daha yaxşı olardı. Bu gün özünü bilməyən, ümumiyyətlə sənətdən xəbəri olmayan, təsadüfən gəlib düşən insanlar ali təhsildən danışanda içimdə bir balaca qıcıq yaranır.

- Bəlkə sonradan istəmisiniz təhsil alasınız. Amma həyat yoldaşınız qoymayıb?

- Qətiyyən elə deyil. Həyat yoldaşım təyinatla mənim çalışdığım teatra gəlib. Onun özü də aktyor idi. O, mənə heç nəyi qadağan etməyib. Həyat yoldaşım mənə arxa-dayaq olub. Bəlkə də o olmasaydı, bu gün mən Pərvanə xanım olmazdım. Əgər mən bu gün Gəncə kimi böyük şəhərdə bu dərəcədə hörmətlə qarşılanıramsa, bunun səbəbi həyat yoldaşımın mənə düz yolu göstərməsi olub. Bəlkə də, o olmasaydı çox çaşardım. Hər hansı problemim olanda məni sakitləşdirib, düzgün qərar çıxarmağıma səbəb olurdu. O, indi həyatda yoxdur. Lakin hər zaman onu yanımda hiss edirəm.

- Belə bir məlumat yayılıb ki, Akademik Milli Dram Teatrda çalışmağınız üçün sizə təklif gəlib. Bu doğrudurmu?

- Əslində mənə rəsmi heç bir təklif gəlməyib. Amma Ramiz Novruz kimi böyük sənətkar onu deyibsə, ürəklərindən keçibsə, mənim üçün çox xoşdur.

- Bəs, sizə dəvət gəlsə qəbul edərsinizmi?

- Onu deyə bilmərəm. "Yox" desəm də yalan olar, "hə" desəm də. Əgər rəsmi şəkildə mənə belə bir təklif gəlsə dəyərləndirərəm. Amma mənə çox xoşdur ki, Ramiz müəllimlə İsrafil müəllim arasında elə bir söhbət gedib. Onu da deyim ki, əyalətdə işləyib paytaxtda görünmək çox çətindir.

- Pərvanə xanım demək olar ki, gənc Xalq artisti adını almış aktrisalardan biri sizsiniz. Bu sənətdə sizə mane olan insanlar olubmu?

- İnanın səmimiyyətimə ki, belə bir hadisə ilə qarşılaşmamışam. Ancaq qohumlarım arasında mənə mane olmaq istəyən olub. Hətta bu sənətə gələndə dayılarım razı olmayıb. Uzun illər mənimlə küsülü qalıblar. Gəncə teatrında elə bir münbit torpağa düşdüm ki, elə bir insanlarla tanış oldum ki, əzizlərimlə birlikdə onlara da rəhmət oxuyuram. Onlar ancaq mənə yaxşı keyfiyyətlər aşılandı. Görmədim ki, kimsə mənə badalaq vursun.

- Həyatda nədən qorxursunuz?

- Həyatda nədən yox kimdən qorxmaq lazımdır. Düşünürəm ki, bu dünyada ən qorxunc varlıq insanlardır. Həyatda qorxunc nə varsa onların hamısını yaradan insanlardır. Ona görə insanlardan qorxmaq lazımdır

- Sizin qarşınıza elə insanlar çıxıb?

- Bəli, elə insanlarla rastlaşmışam. Həmişə özünü satışa çıxardan varlıqdan qorxun. Hamı mükəmməl deyil. Mükəmməl peyğəmbərdir. Hər kəsin səhvi var. Əsas odur ki, səhvini başa düşüb düzgün yola qayıdasan. Bu çox gözəl keyfiyyətdir. Amma o xüsusiyyət çox insana aid deyil. Elə dəhşətli şeylər görürük ki, sanki qiyamətin içindəyik.

- Etdiyiniz hər hansı bir hərəkətə görə peşmançılıq çəkmisiniz?

- Bu həyatda düz insan yoxdur. İnsan bu həyatdan yaşı ilə deyil, yaşadıqları ilə öyrənib öz yerini tapır. Səhv edə-edə mükəmməl olur. Bu gün etdiyimiz hərəkətə görə peşmançılıq hissi keçiririk. Şükürlər olsun böyük bir peşmançılığım olmayıb.

Həyat yoldaşınızla birlikdə çalışdığınız üçün yoxsa xarakterinizə görə açıq-saçıq səhnələriniz olmayıb?

- Heç zaman açıq-saçıq səhnələrdə rol almaq istəməmişəm. Bu cür rolları ifa edən aktrisalara da pis baxmıram. Belə səhnələr də olmalıdır. Kənardan adam gətirib, rolu ona verməyəcəklər ki... Düşünürəm ki, hərənin bir cür baxışı var. Mən heç zaman açıq-saçıq səhnələrdə rol almağa razı olmaram.

- Bildiyimizə görə iki qız övladınız var. Ancaq onlar tamamilə başqa peşə sahibləridir. Övladlarınızın sizin sənətinizi davam etdirməyini istəyərdinizmi?

- Yox, qətiyyən istəməzdim. Çünki onların seçdikləri sənət çox gözəldir. Biri tibb təhsili alıb, digər qızım isə Azərbaycan Dillər Universitetini bu il bitirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə