Qoynunda yaşayıb, ad-san qazandığı Azərbaycanın ərazisinin 20 faizindən çoxunun düşmən tapdağı altında olmağından, 1 milyondan çox qaçqının-köçkünün həyatından, torpağındakı şəhid məzarlarından, hələ də əsirlikdə qalan ana-bacılarımızdan, itkin düşmüş oğullarımızdan xəbəri olmayan, əksinə, erməni qardaş-bacılarına yalaqlıq edən bir rejissorun çəkdiyi filmlə bağlı saysız-hesabsız cavabsız suallar meydana gəlməkdə davam edir...

Yəqin ki, bir çoxları söhbətin kimdən getdiyindən agah oldu - qoca və satqın "professor" Rüstəm İbrahimbəyov! Ümumiyyətlə, zaman-zaman bayrağının hansı tərəfə əsdiyi bəlli olmayan R.İbrahimbəyov, əslində, kimdir..? Bu sualın cavabı kifayət qədər bəsitdir. Daha doğrusu, ermənilərin Azərbaycana ərazi iddialarını yenə də özünün yaratdığı bədii obrazların dili ilə təsdiq edən, Azərbaycanın bütün tarixi keçmişini təhrif edən R.İbrahimbəyov, görəsən, heç xəcalət çəkirmi? Mənfur ermənilərin Qarabağdan azərbaycanlıları didərgin salmasını rejissor xatırlayırmı? Onu boya-başa çatdırmış bir xalqa xəyanət edən bir insanı (əgər insan demək olarsa-A.T.), görəsən, Allah bağışlayarmı? O da maraqlıdır, necə ola bilər ki, qaniçən, şovinist və türk düşməni olan ermənilərə bəraət qazandıran R.İbrahimbəyov Qarabağdan zorla didərgin salınmış soydaşlarımızı həqarətlə təhqir etməyə, erməniləri sevməyə başlayıb? Torpaqları erməni işğalı altında olan bir dövlətdə yaşadığını unutmuş R.İbrahimbəyov bu torpağın çörəyi, suyu, havası ilə bəslənən, lakin millətinə düşmən olanlara məhəbbət ərz edən, öz millətini aşağılayan və utanmadan da öz nifrətini dünyaya car çəkən "ziyalıya" nə ad vermək olar?

Rüstəm İbrahimbəyov haqqında ictimai rəy yekdildir!

Bəri başdan deyək ki, erməniyə "dayı" deyən R.İbrahimbəyov haqqında ictimai rəy yekdildir. "Qafqaz üçlüyü" adlı erməni diktəsi, erməni düşüncəsi, erməni təfəkkürü, erməni təxəyyülü və erməni vəhşiliyi kontekstində lentə alınıb. Bu "film", bütünlüklə, yəni birbaşa Azərbaycanın milli-mənəvi, o cümlədən, mədəni, dini, əxlaqi dəyərlərinə qarşı çevrilmiş qondarma "əsərdir"! R.İbrahimbəyovun lentə aldığı bu üzdəniraq görüntülər, birmənalı şəkildə, erməni xislətinin mənafeyinə xidmət göstərir və əlbəttə ki, onlardan ötrü göydəndüşmə bir fürsətdir. Əbəs deyil ki, hazırda bu "film" ətrafında erməni mediası öz xeyrinə bar-bar bağırır. Misal üçün, təxminən belə bir fonda - "Görürsünüzmü azərbaycanlılar öz vəhşiliklərini, qorxaqlıqlarını, ermənilərin isə məzlum və mərd xalq olduqlarını necə etiraf edirlər?" Bax, indi bundan artıq xəyanət, bundan artıq şərəfsizlik ola bilərmi?!

Bu gün yəqinliklə demək olar ki, Azərbaycan xalqını, Vətən torpağı uğrunda canını qurban vermiş şəhidlərimizin ruhunu təhqir etməklə qürurlanan erməni-daşnak ideoloqları özlərinə qardaş saydıqları R.İbrahimbəyova ən yüksək mükafat verməyə belə hazırdırlar. Çünki R.İbrahimbəyov vətəndaşlıq hissini və duyğusunu itirən bir "insandır". Necə deyərlər, taylı-tayını tapar...

Onun aldığı bütün mükafatlardan və titullarından məhrum edilməsini məqsədəuyğun hesab etməsi doğru tələbdir!

Yəni o, dərk etmir ki, verdiyimiz şəhidlər, torpaqlarımızın işğal altında olması və digər çoxsaylı qanlı faciələrimiz erməni vəhşiliyinin bariz nümunələridir. Bunu başa düşməyən qoca və sərsəm "professor" Azərbaycan xalqını aşağılamağa, erməniləri isə "ucaltmağa" cəhdlər göstərib. Bu da, onun ermənilərdən sifariş aldığını göstərir. Əsl cəza isə xalqın ona olan nifrətidir. Belə bir "film" yalnız və yalnız erməni sifarişi ilə çəkilən bir qondarma "əsərdir".

Beləliklə, deyə bilərik ki, xalqın onun aldığı bütün mükafatlardan və titullarından məhrum edilməsini məqsədəuyğun hesab etməsi doğru tələbdir. Hətta o da sirr deyil ki, R.İbrahimbəyov bütün mətbuatı izləyir və haqqında yazılanları oxuyur. Ancaq peşmançılıq hissi keçirmir. Çünki peşman olsaydı, ən azından, çıxardı xalqın qarşısına və diz çöküb üzr istəyərdi. Amma bunu da etmədi... Etmədi və sübuta yetirdi ki, R.İbrahimbəyov sabah Rustov Abrahamyan olarsa, buna kimsə şübhələnməməlidir!

Afət TAHİRQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə