Saakaşvilinin vəziyyəti kəskin şəkildə pisləşib

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəziyyətinin kəskin pisləşməsi ilə bağlı məhkəmə iclası keçirilə bilməyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə onun vəkili Şota Tutberidze bildirib.

Qeyd edək ki, görüş müxalifətçinin müalicə olunduğu “Vivamed” klinikasında keçirilməli idi.

“...Bu gün məhkəmə və prokurorluq nümayəndələri heç bir xəbərdarlıq etmədən Mixail Saakaşvilinin xəstəxanasına soxularaq ondan sübut almağa çalışıblar. Bu qanunsuz hərəkətlər yataq istirahətində olan Saakaşvilinin səhhətinin kəskin pisləşməsinə səbəb olub”.

Bunu “İnterfaks” Saakaşvilinin vəkilinə istinadən xəbər verir. Tutberidze qeyd edib ki, Saakaşviliyə təcili tibbi yardım göstərilib.

Prokuror Levan Vepxvadze əlavə edib ki, siyasətçi ifadə verməkdən imtina edib, lakin buna baxmayaraq məhkəmə prosesi oktyabrın 19-da davam etdiriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə