ASEAN ölkələri razılığa gəldilər

“Covid-19” sertifikatlarının qarşılıqlı tanınması barədə

Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası (ASEAN) ölkələri “Covid-19” peyvəndi sertifikatlarının qarşılıqlı tanınması barədə razılıq əldə etdilər.

SİA-nın əldə etdiyi məlumata görə, ASEAN ölkələrinin səhiyyə nazirləri mayın 15-ində İndoneziyanın Bali şəhərində ASEAN Səhiyyə Nazirlərinin 15-ci Toplantısı çərçivəsində bir araya gəlib.

Malayziyanın səhiyyə nazirinin müavini Aaron Aqo Daqanq ASEAN-ın səhiyyə nazirlərinin sərhədlərarası rahat və təhlükəsiz səyahəti təmin etmək üçün “Covid-19” peyvəndi sertifikatlarının qarşılıqlı tanınması barədə razılığa gəldiklərini bildirib: “Sözügedən addım ASEAN Universal Doğrulama Mexanizmi və ya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki spesifikasiyası əsasında hazırlanmış digər mexanizmlərdən istifadə edilərək həyata keçiriləcək. Sərhədlərin rəvan açılmasını və ASEAN ölkələrinin “Covid-19”dan sağalmasını daha da sürətləndirmək vacibdir.”

Sinqapur Səhiyyə Nazirliyi tərəfindən edilən şərhdə isə yazılır: “Omicron” törəmə variantları olaraq təyin edilən 3 yeni yoluxma halı aşkar olunub. Sözügedən xəstələrdən ikisi “Omicron” BA.4, digəri isə BA.5 variantına yoluxub. 3 xəstənin BA.4 və BA.5 variantına yoluxması təsdiqlənən ilk haldır”.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi bu yaxınlarda bu variantları "narahatlıq doğuran növlər" kimi təsnif edib və Ümumdünya Səhiyyə Təşkilatı aprel ayında BA.4 və BA.5 variantlarını izləmə siyahısına salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə