Referendumla bağlı imza toplanır PREZİDENTİN İSTEFASI ÜÇÜN

Venesuela Milli Seçki Şurası prezident Nikolas Maduronun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı referendumun keçirilməsi üçün imzaların toplanması tarixini yanvarın 26-na təyin edib. SİA xəbər verir ki, bu barədə Şuranın Twitter-dəki mesajında deyilir.

Qeyd edək ki, bir qədər əvvəl Maduro özü bu ideyanın tərəfdarlarının kifayət qədər sayda imza toplaya biləcəkləri təqdirdə, 2022-ci ildə istefası ilə bağlı referendum keçirməyə hazır olduğunu bəyan edib.

Bildirilir ki, referendumun keçirilməsi prosesinə başlamaq üçün hər bir rayon üzrə seçicilərin ən azı 20 faizinin imzasını toplamaq lazımdır. Əks halda, proses dayandırılacaq və konstitusiya müddəası qüvvəyə minəcək, ona görə məmurun seçildiyi müddət ərzində səlahiyyətlərinin vaxtından əvvəl xitam verilməsi ilə bağlı yalnız bir sorğu verilə bilər.

Xatırladaq ki, 2019-cu il yanvarın 10-da vəzifəyə başlayan Venesuelalı siyasətçi Maduronun səlahiyyət müddəti 2025-ci ildə başa çatır. Konstitusiyada ölkə vətəndaşlarının “kifayət qədər” imzası toplanacağı təqdirdə müddətin ortasında referendumun keçirilməsinin mümkünlüyü nəzərdə tutulub.

Venesuelada 21 yanvar 2019-cu ildə prezident Nikolas Maduronun and içməsindən az sonra ona qarşı kütləvi etirazlar başlayıb. Müxalifətin nəzarətində olan Milli Assambleyanın rəhbəri Xuan Quaydo qanunsuz olaraq özünü müvəqqəti dövlət başçısı elan edib. ABŞ başda olmaqla bir sıra Qərb ölkələri Quaydonu tanıdığını elan edib. Öz növbəsində Maduro parlament rəhbərini ABŞ-ın marionetası adlandırıb. Rusiya, Çin, Türkiyə və bir sıra digər ölkələr Maduronu legitim prezident kimi dəstəkləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə