Ukrayna Rusiya ilə sərhədlərini gücləndirir

Rusiyadan gözlənilən silahlı təcavüzü nəzərə alan Ukrayna hakimiyyəti qonşu dövlətlə sərhədlərinin gücləndirilməsinə start verib.

Ukraynanın Dövlət Sərhəd Xidməti son günlər xüsusi olaraq Sumi bölgəsində işlərin davam etdirildiyini bildirib.

Hətta xidmətin saytında yer alan videogörüntülərdən birində xüsusi texnikanın köməyi ilə səngərilərin qazıldığı, avtomobillərə qarşı maneələrin tikildiyi əks olunur. Bununla yanaşı, videogörüntüdə Ukrayna təhlükəsizlik qüvvələrinin zirehli maşınlarda sərhəddə keşik çəkdikləri, dronlarla vəziyyəti yuxarıdan müşahidə etdikləri də göstərilir.

Ölkənin sərhəd xidmətindən verilən məlumata görə, Kiyev mühəndislik elementləri və texniki nəzarətləri birləşdirəcək "sərhəd mühafizəsinin hərtərəfli modelini" təqdim etməyi planlaşdırır.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba, səlahiyyətlilərin onları gücləndirmək üçün kifayət qədər pul yatırmaması səbəbiylə dövlət sərhədlərinin hələ də həssas olduğunu söyləmişdi. Onun sözlərinə görə, bu gün Lukaşenkanın göndərmək qərarına gələn təxribatçı qrup və miqrantlar ölkəyə daxil ola bilərlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə