"Ukraynada inqilab olmayacaq. Hər şey müvəffəqiyyətsizliklə nəticələnə bilər. Ukrayna hakimiyyəti qeyri-demokratik yolla devrilə bilməz". Ukraynadakı vəziyyətlə bağlı belə bir fikri Polşanın sabiq prezidenti (1990-1995-ci illər) Lex Valensa "Rzeczpospolita" qəzetinə müsahibəsində səsləndirib.

Ötən əsrin 80-ci illərində etiraz hərəkatlarının lideri olmuş L.Valensa deyib: "Mən Ukraynada başçı görmürəm. Bir dənə də olsun böyük ictimai hərəkat, vahid partiya və təşkilat görmürəm".

O göstərib ki, Ukraynanın demokratik yolla seçilmiş Baş naziri və Prezidenti var. Mitinqdə iştirak edənlər isə demokratik prinsipləri poza bilmirlər, çünki sonradan həmin prinsipləri onlara da qarşı çıxış edərək pozacaqlar.

L.Valensa deyib: "Ukrayna hakimiyyəti qeyri-demokratik yolla devirə bilməz, çünki hətta qüsurlu da olsa, hər halda demokratiya bu xalqın nailiyyətidir".

Onun fikrincə, hazırda Ukraynada xaos hökm sürür. L.Valensa V.Kliçkonun liderlik şansını qiymətləndirərək deyib: "Kliçko küçədə hakimiyyətə gəlsə, çox tez də onu itirəcəkdir. Küçə onu yüksəldəcək, elə küçə də onu hakimiyyətdən məhrum edəcək. Ukraynada çox böyük xaos hökm sürür".

Onun sözlərinə görə, Ukraynanı rinqdəki kimi idarə etmək olmaz. L.Valensa deyib: "Mənim Ukrayna xalqına və Kliçkoya rəğbətim var, qəlbən onlarlayam, lakin bu xalq hakimiyyətdə və siyasətdə dəyişikliklərə hazır olmalıdır. Kliçkonun idarə etməyə hazır olduğunu görmürəm. Qoy "dəyirmi masa" iclasları keçirilsin, çünki dialoq və müdrik liderlər olmalıdır. Ukraynanı zor gücünə dəyişdirmək olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə