Əcnəbilər pul müqabilində mindən çox miqrantı “qeydiyyata alıblar”...
Sankt-Peterburqda mindən çox miqrantı qeyri-qanuni olaraq yaşadıqları yerdə qeydiyyatdan keçirən əcnəbilər saxlanılıb. Bu barədə Lenta.ru-ya Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxslər ofis icarəyə götürüblər və orada pul müqabilində miqrantlara yaşadıqları yerdə qeyri-qanuni olaraq saxta qeydiyyatlar veriblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müəyyən edilib ki, onlar bu yolla mindən çox insanı qeydiyyata sala biliblər.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, miqrantlar onlardan qondarma sənədlər paketi alıb, sonra isə Rusiya Federasiyası ərazisində qalmalarını qanuniləşdirmək üçün yaxınlıqdakı binada yerləşən miqrasiya mərkəzinə müraciət ediblər.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin 2-ci hissəsi (“Qeyri-qanuni miqrasiyanın təşkili”) ilə cinayət işi başlanıb.
Daha əvvəl bildirilmişdi ki, 2024-cü ilin əvvəlindən 65 mindən çox qeyri-qanuni mühacir miqrasiya qanununu pozduqlarına görə Rusiyadan çıxarılıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə