“Ukraynaya hərbi dəstək məsələsinə yenidən baxmağı planlaşdırırıq"

Cənubi Koreya hökuməti Ukraynaya silah tədarükü ilə bağlı mövqeyini yenidən nəzərdən keçirəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Cənubi Koreya Prezidentinin milli təhlükəsizlik müşaviri Çanq Ho-cin açıqlayıb. O, rəsmi Seulun Şimali Koreya ilə Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasından sonra belə qərara gəldiyini bildirib.

“Ukraynaya hərbi dəstək məsələsinə yenidən baxmağı planlaşdırırıq", -deyən Çanq Ho-cin Cənubi Koreyanın Ukraynaya ölümcül silah verməkdən imtina siyasətini dəyişdirməyi təklif edib. O, Ukraynaya mümkün silah tədarükü ilə bağlı konkret tədbirlərin daha sonra elan ediləcəyini, bu istiqamətdə planları əvvəlcədən açıqlamaqdansa, Rusiyanın reaksiyasını öyrənməyin maraqlı olacağını bildirib. Bununla belə, Çanq Ho-cin Ukraynaya tədarük olunması mümkün silah siyahısına hava hücumundan müdafiə sistemlərinin də daxil edilə biləcəyini deyib. Çünki Ukrayna Rusiyanın hava hücumlarına qarşı çıxmaq üçün texnikaya çox ehtiyac duyur.

Ölkəsinin Şimali Koreya-Rusiya hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinə etirazını bildirən milli təhlükəsizlik müşaviri əlavə edib ki, hərbi qüdrətini artırmaq üçün Pxenyanla istənilən formada əməkdaşlıq BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

Cənubi Koreya rəsmisi Rusiya ilə Şimali Koreya arasında silah və neft transferində iştirakını iddia etdiyi Rusiyanın 4 gəmisinə, 5 təşkilatına və 8 fərdi şəxsinə qarşı sanksiyalar tətbiq edəcəyini bildirib. Bundan başqa, Ukraynadakı müharibəyə görə Rusiyaya ixracı qadağan edilən malların siyahısı daha da genişləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə