İranın baş prokuroru Müntəzeri bazar günü ölkədə əxlaq polisinin ləğv edildiyini bildirib. Bu qərar bütün dünyada “hökumətin hərəkətlər qarşısında geri addım atması” kimi şərh olundu. Lakin dünən heç bir rəsmi qurum baş prokurorun sözlərini təsdiqləməyib. İran mətbuatı da xəbəri “görməməyə” üstünlük verib. SİA xəbər verir ki, sentyabrin 16-da İranda 22 yaşlı Məhsa Əmininin hicab qanununa əməl etmədiyi səbəbilə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra vəfat etməsi ölkədə gərgin etirazlara səbəb olub. Əxlaq polisinə və hicab qanununa etirazlar rejim əleyhinə nümayişlərə çevrildi.

Etirazların üçüncü aya yaxınlaşdığı bir vaxtda İranın baş prokuroru Məhəmməd Cəfər Müntəzeri bazar günü əxlaq polisinin ləğv edildiyini açıqlayıb. Dünya mətbuatı hadisəni “flaş xəbər” kimi elan edib. Lakin prokurorun dünənki açıqlamaları rəsmi mənbələrdən təsdiqlənməyib. Əxlaq polisinə cavabdeh olan Daxili İşlər Nazirliyindən açıqlama verilməyib.

Prezident İbrahim Rəisi ilə görüşündən sonra danışan millət vəkili Nizaməddin Musəvi “Hökumət vətəndaşların tələblərini nəzərə alır” deyərək əxlaq polisinin bağlanması ilə bağlı açıqlama verməyib. İran mətbuatında müxalifəti dərc edən cəmi 4 qəzetdə xəbərlər yer alıb. Onlardan 3-də xəbərin doğruluğu şübhə altına alınıb.

Mövzu ilə bağlı dövlət mediasında heç bir xəbər yox idi. Digər tərəfdən, dünən Tehranda bir əyləncə parkı "hicab qanununa əməl edilmədiyi" səbəbi ilə bağlanıb. Ötən günlərdə sosial mediada əksini tapan görüntülərdə Elmas Ticarət Mərkəzi şəhərciyindəki əyləncə parkı işçilərinin hicab qanununa əməl etmədiyi görülüb.

Müəllif: Sədaqət Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə