İrəvanın hansı özünəməxsus adət-ənənələri var? - TƏDQİQATÇI AÇIQLADI

“İrəvan bizim qədim tarixi torpaqlarımızdır. Azərbaycanın digər bölgələri kimi İrəvanın da özünəməxsus adət-ənənələri olub. Onlardan biri gəlinin başına alma atmaqdır. Mən ailə qurmamışdan öncə yoldaşım dedi ki, bizdə gəlinin başına alma atmaq kimi bir adət var. Mən təəccüblənmişdim. Eyni zamanda, başqa bir toy adət-ənənəsi isə bəy üçün “Qalın” adlı şirniyyatın bişirilməsidir. Çox dadlı və ətirli bir şirniyyatdır. Çünki onun xəmirini analar sevgi ilə yoğurur. Bu şirniyyatların kiçik bir hissəsini də gəlin üçün ayırırlar. Qalan hissəsini ilk Novruz bayramında bəy üçün göndərərdilər. Ümumiyyətlə, ilk bayramda xonça göndərmək bir adət idi”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq İrəvan tarixinin tədqiqatçısı Gülsüm Hüseynova deyib.

O bildirib ki, bundan əlavə, İrəvan öz quru meyvələri ilə məşhur idi. İndi Naxçıvanın bir sıra bölgələrində də quru meyvələr çox məşhurdur. Hansı ki Qərbi Azərbaycanla yaxın qonşu olublar. Bir çox adət-ənənələr Naxçıvan bölgəsinə də keçib”.

Tədqiqatçı sözlərinə davam edərək qeyd edib ki, Qərbi Azərbaycanlıların yallısı da özünəməxsus idi: “Bu yallının xüsusi bir ritmi var və getdikcə bu ritm sürətlənir. O qədər sürətlənir ki, artıq oyunçular sanki havada süzərdi. Həmin anda artıq qadınlar yallıdan çıxır. Çünki qadınları elə sürətli ritmlə yallı getməsi kənardan kobud görünür. Ümumilikdə yallı “birlik” deməkdir. Hamı da bilir ki, Qərbi Azərbaycanda hər kəs bir-birinin tərəfini tutur. Elə bir Qərbi Azərbaycanlı ola bilməz ki, yerlisinin ayağının altını qazsın. Qərbi Azərbaycanlılar ona görə bir-birinə belə bağlı olurlar ki, başqa bölgələrin insanları da ibrət götürsünlər. Bizdə xeyir işdə də, pis hadisələrdə də heç kim dəvət gözləməz. Məsələn, kiminsə yası düşürsə, qohum-əqrəba, dost-tanış öz evində yemək bişirib gətirər və beləcə o mərasimi ötüşdürərdilər. Başına bədbəxt hadisə gəlmiş həmin insan da öz kədərilə baş-başa qalardı. Hamı əl birliyi ilə işləri görürdü. Yəni, Qərbi Azərbaycanlılarda ayrı bir mehribançılıq, səmimiyyət olurdu”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə