"Kəndimizdən çıxandan sonra çətin anlar yaşamışıq" - MÜSAHİBƏ

Qərbi Azərbaycan sakini Elmira Rüstəmovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Deportasiya günlərini necə xatırlayırsınız? Baş verən qarışıqlıqdan necə xəbər tutdunuz?

- Mənim 20 yaşım olanda bizə xəbər verdilər ki, ara qarışacaq və bizi kənddən çıxaracaqlar. Hələ deportasiyadan iki il qabaq idi. Bir müddət keçdi. Sonra dedilər ki, ermənilər bizi orada saxlamaq istəmir. Həmin ərəfələrdə bir gecə atamgilin evinə gəlmişdim və dedilər ki, hazır olun, hər an ermənilər basqın edə bilər. Sonra xəbər gəldi ki, ermənilər Vartana kəndini qırıblar. Biz də qorxuya düşdük və rusların evlərində, padvallarında gizlənməyə başladıq. Dayımın vasitəsilə Vartana sakinlərini bizim kəndə gətirdilər. İki gündən sonra bizim kəndə də gəldilər. Dayım Moskvadan əhalini kənddən çıxarmağa tank, maşın versinlər deyə komissiya tələb etdi. Həmin gecə 3-4 tank gəldi. Sakinlərin bəziləri ekarusla, bəziləri tanklarla kənddən çıxarılırdı. Sırf buna görə dayımı öldürmək istəyirdilər. Axırda biz də tankla Dilican sərhədinə gəldik. Sərhədə çatana yaxın tankımız qırıldı. Ondan sonra iki xəbərdarlıq atəşi açdılar və yeni tankın gəlişini gözlədik. Artıq ermənilər başımızın üstünü kəsdirmişdilər. Bizim tankda da 40 günlük körpə var idi. Anası bir körpəyə görə neçə adam qırılmasın deyə ağlayanda övladını sinəsinə necə sıxmışdısa, nəfəsi kəsilmişdi. Dayımın köməkliyi ilə uşaq yenidən həyata qayıtdı. Elə qorxu içində gözlədiyimiz anda yeni tank köməyimizə gəldi. Çox çətin anlar, dəhşətli qorxular içində olmuşuq. Bir kazarmada, daha sonra bizi ermənilərlə dəyişdirdilər və üç gün də Qazaxda qaldıq. Biz Qazaxda olanda kəndimizdə zəlzələ oldu. Əgər zəlzələ olmasaydı, bəlkə də oradan bir nəfər belə sağ çıxmayacaqdı.

- Kənddə ermənilərin sizə münasibəti necə idi?

- Kənddə günlərimiz yaxşı keçib. Amma nə qədər olmasa da, ermənilər hər zaman bizə təzyiq edirdilər. Bəzi erməni müəllimlərimiz bizi döyürdü, amma bəzi eyniəsilli müəllimlərimiz də var idi ki, bizi incitmirdilər. Biz malakanların içində yaşayırdıq. Orada 4-5 ev erməni ailəsi yaşayırdı. Doğrudur onlarla aramız pis deyildi, amma Hamzaçiman kəndinə gedəndə bizə xor baxırdılar. Məsələn, çörək növbəsində bizi itələyərdilər, söz atardılar. Uşaq olsaq da, yadımızda qalıb. İmkan vermirdilər ki, yaxşı yerdə işləyək. Onlarla münasibətdə olmağımızı istəmirdilər.

- Uşaqlığınızdan hansı xatirəniz yadınızda qalıb?

- Bir dəfə atamla anama sovxozdan ekskursiyaya getmək üçün məzuniyyət vermişdilər. Qardaşımla məni Zəngəzurda ekskursiyaya gətirdilər. Orada öz ermənilərinə dərs keçirdilər ki, guya türkləri onları necə öldürüb və s. Öz millətlərində bizə qarşı aqressivlik yaratmağa, nifrət hissi oyatmağa çalışırdılar. Azərbaycanlılar haqqında yaxşı bir şey eşitmək istəmirdilər. Bizə həmin ekskursiyada öz dilimizdə danışmağa imkan vermədilər. Bir sözlə, bütün ekskursiyanı burnumuzdan gətirdilər.

- Bakıya gəldikdən sonra necə adaptasiya oldunuz? Burada sizə qarşı münasibət necə idi?

- Biz Bakıya ilk gəldiyimiz günlərdə uyğunlaşa bilmirdik. Hər kəs haqqımızda bir söz deyirdi. Biz də gah qəbul edirdik, gah əsəbləşirdik. Sözün düzü, bir qədər utanırdıq. Düşünürdük ki, bəlkə bizi öz yurdumuza geri qaytararlar. O zamanlar özümüzü Bakıda qərib kimi sayırdıq. Doğrudur, Azərbaycanın hər yeri bizimdir, vətənimizdir. Amma yenə də ürəyimiz öz kəndimizdəydi.

- Erməni dilini bilirsinizmi?

- Erməni dilini yaxşı başa düşürəm, bir qədər danışa da bilirəm. Atam, anam, dayım və s. erməni dilini daha yaxşı bilirdilər. Onlarla birgə yaşamışıq deyə istər-istəməz dillərini də bilirdik. Amma daha çox rus dilindən istifadə edirdik.

- Kənddə nə işlə məşğul olurdunuz? Günləriniz necə keçirdi?
- Biz kənddə mal-qara ilə, kənd təsərrüfatı ilə məşğul olurduq. Daha çox kartof, kələm kimi məhsullar əkirdik. Turşumuz məşhur idi. Müxtəlif turşular qoyurduq və Rusiyada satırdıq.
Atam ot biçərdi, biz də anamla birgə gedib otu dırmıqlayardıq. Bizim yerlərin çoxu meşəlik idi. Meşələrdən moruq, qarağat kimi meyvələr yığırdıq. Atam ocaq düzəldərdi, biz də təbiətin nemətlərindən müxtəlif otlu çaylar dəmləyərdik. Yəni, çox maraqlı günlərimiz keçib.

- Bildiyimiz qədəriylə Qərbi Azərbaycan İcmasının üzvüsünüz. İcmanın fəaliyyəti haqqında nə düşünürsünüz?

- Qərbi Azərbaycan İcmasının yaranmasına çox sevindik. Sağolsun Azərbaycan Prezidenti İlham Əliyev öz doğum günündə İcmanın açılışını etdi. Mən də Qərbi Azərbaycan İcmasının üzvüyəm. Nə təklif olunsa, qayıdışımızın təmini üçün nə deyilsə, etməyə hazıram.

- Əgər qayıdış mümkün olsa, yenidən Qərbi Azərbaycanda yaşamaq istəyərsiniz?

- Əlbəttə ki, öz dədə-baba yurduma qayıtmaq istəyərəm. Orada mənim uşaqlığım, gəncliyim keçib. Ona görə də kəndimizi yenidən gəzmək istəyərdim. Amma yaşamaq bəlkə də mümkün olmaz. Çünki artıq valideynlərimiz, böyüklərimiz həyatda yoxdur. Necə yaşayarıq ki?! Qayıtsaq, ilk olaraq dağlarımıza gedib hər yanı seyr etmək, oranın havasını nəfəsimə çəkmək istəyərdim.

- İllərdir, doğma yurdunuzdan ayrısınız. Yəqin ki vətən həsrəti çəkirsiniz. Bu illər ərzində heç olubmu ki, kəndiniz yuxunuza girsin?

- 30 ildən çoxdur ki, vətənimdən didərgin düşmüşəm. Bu yaşa çatmışam amma hələ də evimiz, yollarımız, kəndimiz, orada keçirdiyimiz günlər yuxuma girir. Nə vaxt ki kəndimizi, oradan necə uzaq düşməyimiz haqqında fikirləşirəm, həmin gün yuxuma girir. Ayılandan sonra pis oluram, ağlayıram. Həmin an orada olmaq, yurdumun havasını içimə çəkmək istəyirəm. Düşünürəm ki, görəsən nə vaxtsa geri qayıdacağıqmı?!

- Son olaraq, əgər bilsəniz ki ermənilər sizi eşidir, onlara nə demək istəyərdiniz?

- Onlara demək istəyərdim ki, bu düşmənçilikdən əl çəksinlər, daha qan tökməsinlər. İki dövlətdə də canlar gedir, analar gözüyaşlı qalır. Biz daha şəhid vermək istəmirik. Onsuzda Qarabağ da, Qərbi Azərbaycan da bizimdir. Bunu bütün dünya bilir. Özlərini çox yormasınlar.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə