"İrəvan Dram Teatrının mədəni mühitə verdiyi töhfələr - ŞƏRH EDİLDİ

"İrəvan şəhərində ilk teatr tamaşaları XIX əsrin ikinci yarısında göstərilib. 1873-cü ildə Bakıda və Tiflisdə bir-birinin ardınca göstərilən tamaşalar haqında qəzetlərdə verilən xəbərlər İrəvanda da teatr sənətinə böyük maraq və həvəs oyatmışdı. Erməni müəllifləri hər sahədə olduğu kimi, İrəvanda azərbaycanlı teatrının tarixini də özlərinə sərf edən tərzdə saxtalaşdırmağa çalışıblar". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa deyib.

Onun sözlərinə görə, İrəvanda Azərbaycan teatrının formalaşması Yunis Nurinin adı ilə bağlıdır: "1878-ci ildə İrəvan şəhərində anadan olmuş Yunis Hacı Süleyman oğlu Süleymanov fitri istedadlı aktyor, teatr təşkilatçısı və rejissor kimi ömrünü İrəvan teatrına həsr edib. 1950-ci ildə vəfat edən Yunis Nurinin həyat və fəaliyyətinə həsr edilmiş kitablar və məqalələr yazılıb. XX əsrin əvvəllərində İrəvan teatrının formalaşmasında Yunis Nuri ilə yanaşı, Mirzə Mustafa Rəcəbovun, Kərim Əhmədovun, Mirabbas Mirbağırzadənin, Cəfər Əhmədovun, Əkbər Rzayevin, Məcid Rəcəbovun, Mehdi Kazımovun, Asif bəy Şəfibəyovun xidmətləri böyük olub. İrəvanın adlı-sanlı zadəganlarından Pənah xan Makinskinin və Əli xan İrəvanskinin mülklərində xeyriyyəçilik məqsədilə İrəvan teatrının tamaşaları oynanılıb.

İrəvan teatrının aktyorları daha təcrübəli Bakı və Tiflis teatrlarının repertuarlarını izləyir, orada oynanılan tamaşaları öz repertuarlarına daxil edirdilər. 1908-ci ilin 19 yanvarında İrəvan ziyalıları məşhur türk yazıçısı Namiq Kamalın “Vətən” əsəri Asif bəy Şəfibəyovun rejissorluğu ilə şəhər klubunda tamaşaya qoyulmuşdu. 1909-cu ilin mayında Hüseyn Ərəblinskinin teatr truppası İrəvana qastrola gəlmiş, şəhər klubunda “Bəxtsiz cavan”, “Nadir şah”, “Zorən təbib”, “Yəhudilər” əsərlərini tamaşaya qoymuşdu. “Məşhur aktyor Sidqi Ruhulla 1910-cu il mayın 19-da səyyar aktyor sifətilə İrəvana gəlmiş, yerli həvəskarların iştirakı ilə “Müsibəti Fəxrəddin” tamaşasını səhnələşdirmişdi".

N.Mustafa sözlərinə davam edərək qeyd edir ki, 1914-1917-ci illər İrəvan teatrı üçün çox uğurlu illər olmuş, daşnakların hakimiyyətə gəlməsinədək İrəvan teatrı sözün həqiqi mənasında intibah dövrünü yaşamışdır: “1918-1920-ci illərdə ermənilər İrəvan şəhərində kütləvi qırğınar törətdiklərindən başda Yunis Nuri olmaqla İrəvanın həvəskar aktyor truppası İranın Xoy şəhərinə mühacirət etmiş, üç ilə qədər orada qalmış, hərdən teatr tamaşaları da göstərmişdilər. 1921-ci ilin ikinci yarısından etibarən İrana, Türkiyəyə və Azərbaycana sığınmış irəvanlı qaçqınlar tədricən geri qayıtmağa başlamışdılar. 1922-ci ilin fevralından Mərkəzi türk klubu adlanan klubun nəzdində Yunis Nurinin başçılığı ilə həvəskar artistlərin cəmləşdiyi Türk teatr truppası fəaliyyətini bərpa etmişdir. Türk truppasının tamaşaları Mərkəzi türk klubunda hazırlanır və orada da nümayiş etdirilirdi. İrəvanda yaşayan qeyrətli ziyalıların və uzun illər böyük fədakarlıqla fəaliyyət göstərən teatr həvəskarları 1928-ci il mart ayının 15-də istəklərinə nail oldular: – Ermənistan hökumətinin qərarı ilə səyyar tipli İrəvan Dövlət Türk (Azərbaycan) Dram Teatrı yaradıldı.

Ümumiyyətlə, 1934-1935-ci illərdə İrəvan Türk Teatrı 142 kənddə 160-dan çox tamaşa göstərmişdi.1935-ci ildə İrəvandakı Teatr Texnikumu nəzdindəki türk qrupunda 4 qız və 21 oğlan təhsil almışdı. Tələbələr yataqxana ilə və təqaüdlə təmin edilmişdilər. 1935-ci ildən teatr “C.Cabbarlı adına Ermənistan Dövlət Türk Teatrosu” adlanırdı.

SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı İrəvan teatrına da ağır zərbə vurdu. 1949-cu ilin sentyabrında İrəvan teatrı azərbaycanlı ailələrinin demək olar ki, yaşamadığı Basarkeçər rayon mərkəzinə sürgün edildi. 1952-ci ildə isə teatrın maliyyələşdirilməsi tamamilə dayandırıldı. Lakin bu teatrın fədakar aktyorları onun tamamilə sıradan çıxmasına imkan verməmiş, onu xalq teatrı kimi yaşatdılar. Lakin maddi çətinlik üzündən teatrın istedadlı kollektivinin üzvlərinin əksəriyyəti Bakı və Gəncə teatrlarında özlərinə yeni iş yerləri tapmaq məcburiyyətində qalmışdılar".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə