"Qərbi Azərbaycanda xalqımızın çox zəngin mədəni dəyərləri qaldı" - MÜNASİBƏT BİLDİRİLDİ

“Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasının açılışında iştirakını və icmanın üzvləri ilə görüşünü böyük həyəcan və ümid dolu baxışlarla izlədim. Hətta Prezidentin qətiyyətlə “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir” deməsi məni anadan olduğum doğma yurdumuza dönəcəyimizə daha da ümidləndirdi. Hətta bir anlıq xəyallara dalıb özümü uşaqlıqda gəzdiyim məhəlləmizdə hiss etdim, nə vaxtsa babalarımın qəbirlərini ziyarət edəcəyimi xəyal etdim. Baxmayaraq, lap uşaqlıq yaşımdan doğma torpağımızdan deportasiya olduq, hələ də unuda bilmədim Vətənimi, dəfələrlə yuxularıma girdi doğma Ləmbəlimiz...
Qarabağın Azərbaycanlı İcmasına məxsus binanın Qərbi Azərbaycan İcmasına verilməsi nəinki Ermənistana, həm də dünyaya siyasi, tarixi, rəmzi mesaj oldu. 44 günlük Vətən müharibəsi isə bizə Azərbaycanın 270 illik tarixində görünməyən bir Zəfər yaşatdı. Bu Zəfər bizi növbəti doğma torpaqlarımıza dönəcəyimizi əmin etdi”. Bu sözləri SİA-nın sorğusuna cavab Azərbaycan Turizm və Menecment Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə söyləyib.

O bildirib ki, Qərbi Azərbaycan ərazisində qədim xalqımızın çox zəngin mədəni dəyərləri qaldı: “Bu da təsadüfi deyil, çünki ulu-babalarımız min illər boyu bu torpaqlarda tarixi dəyərlər yaradıblar. Təəssüf ki, terrorçu ermənilər babalarımızın bizlərə yadigar qoyduğu dəyərləri yerlə-yeksan ediblər. Bunların arasında çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələr və s. olub. İrəvan şəhərindəki Xan sarayı, məscidlər, karvansaralar haqqında səyyahların, sənətşünasların, arxeoloqların, rəssamların əsərlərində geniş məlumatlar verilib. Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri memarlıq əsəri olan 310 məscid olub. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti – Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilib, onları dağıdaraq yer üzündən silməyə başlayıblar. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilib. Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalıb ki, onlardan birini - İrəvan şəhərindəki Göy məscidi “fars məscidi”, digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi qələmə verməyə çalışırlar. Ermənistan hökumətinin qərarı ilə “heç bir əhəmiyyət daşımadığı üçün” azərbaycanlıların qəbiristanlıqlarının qorunmaması qərara alınıb. Erməni vandalları azərbaycanlıların qəbiristanlıqlarını dağıdıblar”.

V.Məmmədzadə sözlərinə davam edərək bildirib ki, erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər: “Elə bu səbəbdən də bu gündən Qərbi Azərbaycan İcması tərəfindən alimlər qarşısında məqsəd qoyulmalıdır ki, Qərbi Azərbaycan tarixinə aid xüsusi tədqiqat işləri aparılsın və dünyaya ermənilər tərəfindən tariximizin saxtalaşdırılması isbat edilsin. Biz öz tarixi yurdumuza, dədə-baba ocaqlarımıza mütləq qayıdacağıq. Bu, bizim tarixi-mənəvi və hüquqi haqqımızdır. Təbii ki, bunu ölkə rəhbərinin həm müdrik siyasəti, həm də sülh yolu ilə həyata keçirəcəyinə əmin olmalıyıq. 44 günlük Vətən müharibəsində biz bir millət olaraq dəmir yumruq kimi birləşdik və Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi müdrik, uzaqgörən, qətiyyətli siyasəti nəticəsində tarixi Zəfər qazandıq. Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə