"Vətən insanın ürəyində dəyişməyən bir sevgidir" - MÜSAHİBƏ

Qərbi Azərbaycanlı əməkdar mədəniyyət işçisi, Televiziya və Radio Akademiyasının rektoru, şairə, publisist, nasir Telli Pənahqızının SİA-ya müsahibəsini təqdim edirik:

- Telli xanım, ilk növbədə dədə-baba yurdunuzdan danışmağınızı istərdim. Qərbi Azərbaycan yaddaşınızda necə qalıb?

- Hər bir insanın doğulub, böyüdüyü yurd yeri onun yaddaşında əbədi həkk olunur. Mən Vedibasarda doğulmuşam. Bizim rayonumuz Qərbi Azərbaycanın çox axarlı-baxarlı, gözəl bir guşəsi idi. Ümumilikdə, Qərbi Azərbaycan Allahın və təbiətin verdiyi nemətlərlə zəngin bir bölgə idi. Bəlkə də elə ona görə bizim murdar qonşularımız o yerləri qarmalamağa cəhd etdilər. Təbii ki, o yerdə mənim uşaqlıq illərim, xatirələrim, atalı-analı günlərim, dostlarım qalıb. Bütövlükdə Vedi deyəndə həmişə gözümün qabağında bir xəritə cızıram, hansı ki məktəbə getdiyim cığırlar, yaylağa getdiyimiz çətin və mürəkkəb yolların əks olunduğu yerlər. Mənə elə gəlir ki, hər bir insan doğulduğu yurda bağlıdır. Möcüzəvi şəhərin göbəyində yaşayan birindən soruşsalar belə sənin üçün ən əsrarəngiz guşə haradır deyə, həmin insan mənim öz doğma yurdum deyər. Vətən insanın ürəyində dəyişməyən bir sevgidir. Uzaq düşəndə isə o sevgi ağrıya çevrilir.

- Doğma yurdunuzla bağlı yaddaşınızdan silinməyən, hələ də təsirindən çıxa bilmədiyiniz bir xatirəniz varmı?

- Əslində, çox belə xatirəm var. Mənim gəzib-gördüyüm hər yerdən fərqli olaraq bizim məhəllədəki evlərin hamısı sanki yallı gedirmiş kimi bir-birinə söykənmiş idi. İki darvazanın bir divarı var idi. Bu da insanlar arasındakı münasibəti, doğmalığı qoruyub saxlamağa kömək olurdu. Məsələn, bizdə heç vaxt qapılar bağlanmazdı. İstər həyət qapısı olsun, istərsə də evin qapısı. Ancaq gecədən-gecəyə həyətə it-pişik girməsin deyə qapıya bir qarmaq atardılar. Mən Bakıya gəldikdən sonra uzun müddət bu xasiyyətimdən əl çəkə bilmədim. Hətta qonşularımız mənə deyirdilər ki, bura Bakıdır, evə gələndən sonra qapını bağlı saxla.

Düzü, Vedidə bitən ağaclar heç yerdə yoxdur. Orada bitən meyvələrin ətrini başqa heç yanda duya bilməmişəm. Özünəməxsus bir gözəlliyi var idi. İnsanlarının başqa bir özəlliyi var idi. Bəlkə də bir-birləri ilə qohum deyildilər, amma hamı xoş-acı gündə də bir-birinin yanında olurdu. Uşaqlar özləri üçün oyunlar tapırdılar. Qızlar "beşdaş", "qırxdaş", "ip atlama" kimi oyunlar oynayırdılar. Yəni, hər kəs öz dünyasını yaratmağı bacarırdı. Təbii ki, bunların hər biri unudulmaz xatirədir. Amma təəssüf ki, uzun illərdir biz o yerlərdən uzaq düşmüşük. Yenə də əminəm ki, bu köç mütləq geri dönəcək. Çünki bizim olanı bizə qaytarmaq lazımdır. Cənab Prezidentimiz sağolsun ki, son 200 ildə Azərbaycan torpaqlarından kəsilən qalıqları birləşdirməyə çalışır.

- Qərbi Azərbaycan adət-ənənələri haqqında nə deyə bilərsiniz? Hansı adət-ənənələr var idi? Oradakı bu adətlərin digər bölgələrdəkindən fərqi nə idi?

- Mən desəm ki, Vedibasarla Zəngibasarın adət-ənənələrində böyük fərq var, bu yalan olar. Çünki əslində, o qədər də böyük bir ərazi deyildi və adət-ənənələrdə də yaxınlıq var idi. Amma göyçəlilər daha çox saza-sözə bağlıdır. Göyçə camaatının sazla, sözlə, dastanla əlaqəsi daha çoxdur, çünki onların Aşıq Ələsgər kimi bir ustadı olub. Daha çox Naxçıvan ərazisinə yaxın olduğum üçün bəlkə də Xıdır Nəbi bayramı, Novruz bayramı, baharın gəlişinin xüsusi təmtəraqla qeyd olunması və s. kimi adət-ənənələrimizin bir çoxu oradan bizə keçib. Bahar gələndə xüsusi bayram təmizliyi edirdik, Novruz bayramında buğda qovururduq və s.

Vedi camaatının qoçaqlığı, qəhrəmanlığı öz yerində, xüsusilə qadınları çox səbrli, ədəb-ərkanlı, geyimini, danışığını bilən, gözəl danışmağı bacaran idilər. Mən Bakıya gələndə hamı mənə deyirdi ki, sən niyə belə ədəbi dildə danışırsan. Deyirdim, bizim evimizdə hamı belə danışır. Yəni, o ədəbi dilin normalarını biz qoruyub saxlayırdıq. Çünki biz kitab oxuyurduq. Edidə elə bir ailə tapılmazdı ki, onun evində balaca da olsa, kitab şkafı olmasın. Mən 4-5-ci siniflərdə oxuyanda dastanlar oxuyurdum və camaat da mənə qulaq asırdı. Yəni, elmi, savadı gənc nəslə aşılamaq Vedidə bir ənənə idi.

Rayonumuzun özünəməxsus toy, nişan gəlin görmə adətləri var idi. Bu adətlərdə də bir kollektivçilik özünü göstərirdi. Məsələn, gəlin görməyə gedirdilərsə, qonşu səndən qabaq hazır olardı.

- Bildiyiniz kimi, artıq o adət-ənənələr bir qədər unudulub. Bəs, onları yaşatmaq üçün nə etməliyik?

- Bu telefonlar çıxandan insanlar bir-birini yadırğadılar. Qonaq getmək unudulur. Hətta qonaq gedilsə belə hər kəsin əlində telefon olur, heç kim bir-biri ilə maraqlanmır. Dövran dəyişib və elə bir zaman yetişib ki, heç kim digərinin ərizəsini oxumur. İndi o adət-ənənələrə əməl edənlərə də qəribə yanaşırlar. Amma əgər insanları yaşadan torpaqdırsa, o torpağı yaşadan da onun insanlarıdır. Adət-ənənəsi ilə, onlardan doğan musiqisi, rəqsi, xəzinəsi ilə torpaq yaşayır. Bugünkü gündə ermənilər bizim olanı məharətlə öz adlarına keçirməklərinə adam məəttəl qalır ki, bu qədər həyasızlıq olar. Amma təəssüf ki, dünya bir xaça bağlıdır. Bir xaç bütün insanların, xüsusilə də müsəlmanların taleyini həll etməyə qadir olduğunu düşünür. Ona görə gənclərimiz daha çox oxumalı, məlumatlı olmalıdır. Mən həmişə xaricdə yaşayan soydaşlarımıza da deyirəm ki, siz Azərbaycanı, onun daxilində də Qərbi Azərbaycanı təbliğ edin. Nə qədər torpaqlarımızı itirə-itirə bu vəziyyətə gəlib çatmışıq. Çünki biz təbliğat işini kifayət qədər apara bilmirik. Yenə də nə yaxşı ki, Ümummilli Liderimizdən sonra cənab Prezident İlham Əliyev cəsarətlə o yerlərin Azərbaycan torpaqları olduğunu və bizim ora qayıdacağımızı vurğulayır. Bu baxımdan gənclərin üzərinə böyük məsuliyyət düşür. Təkcə yazmaqla deyil, eyni zamanda xaricdə yaşayan insanlara dönə-dönə başa salmaq lazımdır ki, bu adət-ənənələr, torpaqlar bizimdir. Ermənistan yaxşı təbliğ etdiyinə görə dünyanı inandıra bilir. Amma bizimkilər filankəs nə deyər deyə düşünür. Heç nə deməyəcəklər. Əksinə insanlara xoş gəlir ki, biz öz adət-ənənələrimizə sahib çıxırıq.

- Məlumdur ki, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasında da fəaliyyət göstərirsiniz. Bəs, İcmanın fəaliyyətində, eyni zamanda Qərbi Azərbaycana qayıdış prosesində qadınların rolunu necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, ilk növbədə qadınlardan başlamaq lazımdır. Çünki qadınlar anadır, evin sahibidir və hər zaman ərləri ilə yanaşı bir sırada düşmənə qarşı mübarizə aparıblar. Qadınların böyük qüvvəsindən istifadə etmək lazımdır. Qadın tərbiyəçi, yol göstərəndir. Kişilər inciməsin, amma ən güclü kişinin də arxasında bir qüdrətli qadın dayanır. Bu qadınlar özünü elə tərbiyə etməlidir ki, onlara yurd sevgisi təkcə ana südü ilə deyil, eyni zamanda nəvazişi, nağılları, nəsihəti ilə hopsun canına. Artıq üzü yaya doğru gedirik. Bölgələrimizə səfərlərimiz olacaq. Həmin bölgələrdə də Qadınlar Şurasının artıq dayaq nöqtələri mövcuddur. Onlarla da iş aparmaq lazım gələcək. Əminəm ki, qadınlarımız bu prosesdə çox fəal iştirak edəcək.

- Telli xanım, yaradıcılığınızda da Qərbi Azərbaycana yer ayırmısınız. Həmin əsərləri ərsəyə gətirəndə hansı hisləri yaşamısınız?

- “Ayrılıqdan sonra çəkilmiş şəkillər” adlı kitabım Vedibasar mahalının tanınmış insanlarına həsr olunub. Mən bu kitabı hazırlayanda Musa adında rəhmətlik müəllimim bəzi məsələlərdə mənə kömək etdi. Vedibasardan olan tanınmış adamlarını axtardı-aradı, bəziləri haqqında məlumat tapdı, bəziləri ilə məni görüşdürdü. Lakin mən kitabı bitirəndə artıq onun ömrü yetmədi. Mən onu həmişə çox böyük minnətdarlıq hissi ilə yad edirəm. Həmin dönəmdə mən insanlarımızı tanıdım. Başa düşdüm ki, bizim insanlar harada olmasından asılı olmayaraq ürəklərində vətən sevgisini daşıyırlar. Çox sevindim ki, onların içində kifayət qədər tanınmış insanlar var.

Azərbaycanın qadın şairləri içində bəlkə də ən çox yurda şeir həsr edən mənəm. Çox qəribədir ki, onların içində bilavasitə Vedinin adı ilə bağlı şeirlər də var. Mən də yanğımı bu cür söndürürəm. Düşünürəm ki, nə vaxtsa o qapını birdə açacam.

- Bilirik ki, doğum gününüz yaxınlaşır. İndidən sizi təbrik edir, həyatınızda və fəaliyyətinizdə uğurlar arzu edirik. Son olaraq yeni yaşınızda arzularınızı eşitmək istərdik.

- Ən böyük arzum odur ki, gələn il mayın 24-də Qərbi Azərbaycana gedə bilək. Bəlkə də bizim üçün orada yaşamaq tez olacaq. Çünki ermənilər bizim torpaqlarımızı işğal edib, evlərimizi dağıdıblar. Cənab Prezidentin dediyi kimi, ləyaqətli şəkildə biz torpaqlarımıza qayıtmaq istəyirik. Əminəm ki, qayıdacağıq. Yenidən evlərimizi tikəcək, binalarımızı salacağıq. Allah qismət etsin ki, o günləri hamımız görək və orada açılan qapılardan biri də mənim olsun.

- Telli xanım, bu gərgin iş şəraitində bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.

- Siz sağolun. Minnətdaram.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə