“Cəzanın veriləcəyi məhkəmənin səlahiyyətlərinə aid məsələdir” FOND PREZİDENTİNİN ŞƏRHİ

“Məhkəmə prosesi təqsirləndirilən şəxslərlə bağlı çox şəffaf keçirilir və demək olar ki, hər gün biz bu məluatları alırıq. Həm də bu onun göstəricisidir ki, Azərbaycan hökuməti, dövləti ədalət mühakiməsi bitidikdə bununla onu göstərmək istəyir ki, bununla birincisi bu şəxslərin hansı hərəkəti, hansı əməlləri ediblər və eyni zamanda bu şəxslərin məhkəmə hüquq və azadlıqları tam olaraq təmin olunur, bu məsələlərlə bağlı kiminsə hərhansı bir alt düşüncələrinə yol verilmir. İkinci bir tərəfdən isə, təqsirləndirilən şəxslər xüsusi vəkillərlə təmin olunur, onların vəkilləri vardır və vəkillərin də mütəmadi olaraq vəsatətlərlə çıxış etdiyinin biz şahidi oluruq və bu barədə də məlumat verilir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

Fondun prezidenti qeyd edib ki, məhkəmə prosesi obyektiv, sübutları dərindən araşdırmaqla həyata keçirilir, bu çox vacib bir məsələdir və çəkişmə prosesinin də tam olaraq həyata keçirilməsini biz məhkəmə prosesində görürük.

“Əlbəttə, məhkəmənin hansı qərar qəbul edəcəyini biz bəri başdan deyə bilmərik və söyləmək də doğru olmazdı. Sübutların qiymətləndirilməsi baxımından da hərhansı bir fikir söyləmək, kiminsə təqsirli olub-olmaması məsələsini də bizim tərəfimizdən, kənar şəxslər, məhkəməyə aid olmayan şəxslər tərəfindən söylənilməsi düz deyil. Ona görə, məhkəmə prosesinin tam ədalətli həyata keçirilməsi üçün bütün mümkün olan şərtlər icra olunmaqdadır. Onlar mütəşəkkil cinayətkar dəstə yaratmaqda, terror hərəkətləri etməkdə, sərhəddi qanunsuz keçməklə bağlı ittiham olunurlar və qanunvericilikdə də bunlar ağır, xüsusilə ağır cinayətlər sayılır. Xüsusilə ağır cinayətlərə görə, cəzanın müddəti 20 ilə qədər ola bilər və bu da artıq məhkəmə tərəfindən müəyyənləşdiriləcək ki, onların əməllərində cinayət tərkibi var, yoxdur, sübutlar yetərlidirmi onların əməlləri ilə bağlı, bu artıq məhkəmənin qiymətləndirməsi olacaq. Hansı cəzanın veriləcəyi də məhkəmənin səlahiyyətlərinə aid olan bir məsələdir və biz də onu görəcəyik.

O ki, qaldı onların verilməsi ilə bağlı, ekstradisiyası ilə bağlı məsələlər, Azərbaycan Avropa Şurasının ekstradisiya ilə bağlı konvensiyasına qoşulubdur. Doğrudur, Azərbaycanla Ermənistan arasında hərhansı bir diplomatik əlaqələr yoxdur. Qarşılıqlı hüquqi yardım haqqında da hərhansı bir müqavilə yoxdur. Bu müqavilənin olmaması onların gələcəkdə verilməsi ilə bağlı məsələdə problem yarada bilər. Amma, ektradisya məsələləri ilə bağlı Azərbaycan Avropa Şurasının konvensiyasına qoşulub, səhv etmirəmsə, ona görə də o çərçivədə gələcəkdə bu mümkündür. Lakin, bunun hansı formada həyata keçirilib-keçirilməməsi barədə də bu günlərdə hərhansı bir fikir söyləmək doğru olmazdı.

Əlbəttə ki, onlar bizim düşüncəmizə görə cinayət ediblər, məsuliyyətə cəlb edilməlidirlər, bu birmənalıdır, Azərbaycan cəmiyyətində də səslənən fikirlər budur. Amma yenə deyirəm ki, hər kəsin, həbs edilən şəxslərin hər birinin əməli fərdi olaraq qiymətləndiriləcək və onlara istinad edən əməlin baş verib-verməməsi məsələsi də məhkəmənin həll edəcəyi məsələ olacaq. Gələcəkdə onların verilib-verilməməsi ilə bağlı məsələ də artıq müvafiq struktirların səlahiyyətlərinə aid olan məsələ olacaq. Mən istisna etməzdim ki, gələcəkdə bu istiqamətdə də hansısa addımlar atılacaq. Amma, bütün hallarda dünya ictimaiyyəti də bilməlidir ki, bu adamlar, bu şəxslər ölkə ərazisinə qanunsuz olaraq daxil olublar, ölkə ərazisində mütəşəkkil dəstə yaradıblar, eyni zamanda ölkə ərazisində insanları qorxutmaq üçün bir çox terror aktlarına yol veriblər, yaxud bunu hazırlayıblar və buna görə də məsuliyyət məsələsi təbii ki, bizim fikrimizə görə baş verməlidir. Amma yenə də bu məsələlərdə məhkəmə prosesində araşdırlan sübutlara söykənərək qərar qəbul ediləcək.

Digər tərəfdən isə, bilirsiniz ki, Azərbaycan artıq bəzi şəxslərlə bağlı onların hərəkətlərində ağır cinayət olmadığını nəzərə alaraq, onların verilməsi ilə bağlı bir humanitar addım nümayiş etdirib. Azərbaycan hər zaman bütövlükdə proseslərin sülhlə həll olunmasını istəyir. Azərbaycan ərazisi işğala məriz qalıb, Azərbaycan ərazisinə erməni əsgərləri gəlib çıxıblar, bizim əsgərlər onların torpaqlarına daxil olmayıblar və onlar bizim həm mülki, həm də hərbi vətəndaşlarımızı qətlə yetiriblər. Eyni zamanda Avropa Məhkəməsinin də müvafiq qərarları olubdur. “Çıraqov qardaşları” ilə əlaqədar Ermənistana qarşı məsələn, qərarında göstərilirdi ki, Azərbaycan ərazisi erməni silahlı qüvvələrinin nəzarəti altındadır. Yəni, bu da işğalı göstərən nümunələrdən idi.

Eyni zamanda, Azərbaycan ərazilərində o zaman məskunlaşma baş vermişdi. Müxtəlif ölkələrdən erməniləri gətirib Azərbaycanda məskunlaşdırmağa çalışmışlar. Bir hissəsi də buna nail olmuşdu və buna sübutlar sənədlərdə öz təsdiqini tapmışdır. Həmçinin ATƏT-in o zaman Faktaraşdırıcı Missiyası da bu faktı müəyyənləşdirmişdi və sonradan onlar gəlməkdən imtina elədilər. Bununla belə ekoloji zaiyan vurulub, artıq komissiyanın məlumatları da açıqlanıb ki, hansı yaşayış məntəqələri məhv edilib, bütövlkdə ekologiyaya nə ziyan vurulub, ziyanın ümumi həcmi nə qədərdir. Yəni bütün bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayət əməlləri nəticəsində erməni ordusu tərəfindən, separatçılar tərəfindən, qanunsuz silahlı birləşmələr tərəfindən həyata keçirilibdir”, deyə Əliməmməd Nuriyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə