Cənubi Koreya özünü öyrənən çip yaradır

Bu, süni intellekt sahəsində bir irəliləyişdir

...Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimləri öz-özünə öyrənmə və uyğunlaşma qabiliyyətinə malik neyromorfik çip yaratmaqla süni intellekt sahəsində əsl sıçrayışa imza atıblar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “New Voice” yazır.

İnsan beyninin fəaliyyətini təqlid edən bu innovativ çip smartfonlardan tutmuş tibbi avadanlıqlara qədər müxtəlif texnologiyaların inkişafı üçün yeni imkanlar açır.

Yeni çipin əsas xüsusiyyəti onun öz-özünə öyrənmə qabiliyyətidir. Təlim üçün böyük həcmdə məlumatların əvvəlcədən işlənməsini tələb edən ənənəvi kompüterlərdən fərqli olaraq, yeni çip işləyərkən öyrənə bilər.

Məsələn, o, müstəqil şəkildə videoşəkildəki obyektləri tanımağı və ya real vaxt rejimində tibbi məlumatları təhlil etməyi öyrənə bilər.

Bu texnologiyanın əsasını memristor - üzərindən keçən elektrik yükündən asılı olaraq müqavimətini dəyişə bilən elektron cihaz təşkil edir.

Memristorlar insan beynindəki sinapsların işini təqlid edərək, məlumatın saxlanmasına və hesablamaların eyni vaxtda aparılmasına imkan verir.

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun tədqiqatçıları möhkəm memristor hazırladılar və onun əsasında ətraf mühitdəki dəyişikliklərə effektiv şəkildə uyğunlaşa bilən inteqrasiya olunmuş sistem qurdular.

Bu, çipin müxtəlif cihazlarda, məsələn, şübhəli fəaliyyəti müstəqil tanıya bilən ağıllı təhlükəsizlik kameralarında və ya real vaxt rejimində xəstənin vəziyyətini təhlil edə bilən tibbi cihazlarda istifadə etməyə imkan verir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə