Məhəmməd Nicat

İlahiyyatçı, pedaqoq və araşdırmaçı

Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər), aykido müəllimi

Dünyada bir sıra dinlər vardır ki, hər birinin özünəməxsus inancları vardır. Hər bir inanclıda öz inamına əməl etməkdə məsuldurlar. Dünya dinlərinin inanc və önəmli mövzularını araşdıran alimlər, İslam dininin idmana çox əhəmiyyət verdiyinin şahidi olmuşlar. İslam dini kamil və uca bir din olaraq, həyatın bütün sahələri üzrə əmr və qadağaları vardır. Görəsən İslam dini idman haqqında insanlar nə buyurur? Hansı idman növləri qadağandır? Müqəddəs Quranda, peyğəmbərlər və imamların kəlamlarında bu haqda nə buyurulur?

İdmanın tərifi və tarixi

İdman, müxtəlif məqsədlərə çatmaq və sağlam bədən quruluşuna malik olmaq üçün, bədənin proqramlaşdırılmış formada və ardıcıl olaraq hərəkətlərindən ibarətdir. Deməli proqramlaşdırılmadan və insan sağlamlığına zərər vuran hərəkətlər, əslində idman sayılmır. Bu gün idmana və yarışlara, dünyada baş verən siyasi, iqtisadi və ictimai məsələlər kimi önəm verilir. Keçmişdə idmanın bir neçə məhdud növləri vardır. Amma bu gün idmanın bir çox növləri vardır. Tarixi baxımdan bir sıra idman növləri hər hansı bir nəslin məşğuliyyəti olmuşdur. Məqsəd isə münasib bədənə malik olmaq, döyüş bacarıqlarının nümayişi, tayfalar arası yarışların təşkili, azyaşlıların və yaşlı nəslin istirahət vaxtlarının səmərəli keçməsi və bəzən də müalicə üçün olmuşdur. Miladdan (İsa peyğəmbərin doğumundan) 2500 il öncə idman, Çinlilər tərəfindən xəstəliklərin müalicəsi və uzun ömürlülük üçün istifadə edilirdi. Aşurlular, Babillilər, Misirlilər və İranlılar arasında çox geniş yayılmışdır. Amma əsasən yunanlıların vasitəsi ilə idman daha geniş yayılmağa başlayaraq yüksək pilləyə çatdı. İnsan qədim zamanlardan cisminin, ruhunun və psixologiyasının inkişafı üçün çalışmışdır. Məsələn: Meşə, dəniz və dağlardan qida əldə etməkdə yaxud düşmənlə mübarizədə gərək güclü və sağlam bədənə malik olsun. Deməli insan, yer üzünə ayaq qoyan gündən idmana və sağlamlığa önəm vermişdir.
Məşhur Yunan tarixçisi Herodot demişdir: Bir çox xalqlar öz övladlarına beş yaşından at çapmağı, ox atmağı və düzgün danışmağı öyrətmişlər. Gün doğandan qaçmaq, nizə və daş atmaq, at çapmaq, ov etməklə məşğul idilər. Həmçinin Yunan alimi Hensteyn demişdir: Partalılar döyüş və ov etməyi çox sevirdilər. Bu tayfa uşaq vaxtlarından ox atmaq, ov və çətin döyüş üslubları ilə məşğul olublar.

İdman növləri

1) Sadə idman. Misal üçün, dərindən nəfəs almaq və piyada gəzmək.

2) Xüsusi vəsaitlərlə baş tutan idmanlar. Misal üçün, top, minik, dəmir alətləri və s... .

3) Geyim əşyaları ilə baş tutan idmanlar. Misal üçün, üzgüçülük və boks.

4) Parça geyimləri ilə baş tutan idman növləri. Misal üçün, karate, güləs, aikido, cido və s... .

Bir çox insanlar elə düşünürlər ki, hər hansı bir idmanla məşğul olmaq üçün, maddiyyata ehtiyac vardır. Məşğul olmaq istədikləri idman növünün ləvazimatlarını maddi sıxıntıları olduğu üçün, ala bilmədiklərini düşünərək idmandan uzaq olublar. Amma əslində belə deyil. Çünki bir çox idman növləri ilə vardır ki, xərc tələb etmir. Buna misal olaraq: Piyada gəzmək, qaçmaq, dağa dırmanma, ip atdı, futbol, güləş və s... . İdman dedikdə məqsəd sırf yarışlarda iştirak etmək və qalib olmaq deyil. İdman, insanın sağlamlığı üçün bədən hərəkətlərindən ibarətdir.

İslam dini idmana xüsusi önəm verir. Təkamülə çatdıracaq hər bir əməli, islam dəyərləndirir. İnsanın yaradılışından məqsəd Allaha çatmağı biliriksə, gərək idmanında bu yolda nə qədər təsirə malik olmasını anlayaq. Təbii ki, cihad və oruc kimi ilahi əmrləri yerinə yetirmək üçün, insanda sağlamlıq, güc və taqət lazımdır. İslam dini kamil bir din olduğu üçün, insanın xeyrinə olan hər bir şey barəsində fikrini bildirib. İslamın idman haqqında fikirlərini bilməkdən ötrü gərək Qurana, peyğəmbərlər və imamların həyatına nəzər salaq.

Quranda idman

Əsl güc, islam əmrlərini yerinə yetirə bilmək üçün sağlam bədənə malik olmaqdan ibarətdir. Quran, islam düşmənlərinin qarşısında dayanıb döyüşməyi istəyir. “ Bacardığınız qədər düşmən qarşısında dayanın ”. (Ənfal surəsi ayə 60) Deməli insan düşmən qarşısında durmaqla, Allah əmrinə əməl edərək Allahın sevimlisinə çevrilir. Təbii ki, güclü və qüvvətli olmaq üçün xüsusi bədən hərəkətlərinə ehtiyac vardır. Talut peyğəmbər haqqına Allah Quran belə buyurur: “Allah Talutun elmini və cismini güclü etmişdir ”. (Bəqərə surəsi ayə 247) Allah – taala bu ayədə elmin və bədənin güclülüyünü bir – birinin yanında gətirmişdir. Sanku Quran baxımından hakimlik etmək üçün yüksək elmə və güclü bədənə ehtiyac vatdır. Quranda ən çox adı çəkilən (136 dəfə) Musa peyğəmbər barəsində, Allah – taala belə buyurur: “Musa yetkinlik çağına çatıb kamil olan vaxtı, ona hikmət və elm verdik. Bu yolla yaxşı əməl sahiblərinə mükafat veririk”. (Qəsəs surəsi ayə 14) Qurani – Kərimi açıqlayan təfsir alimlərinin fikirlərinə əsasən, yetkinlik çağından məqsəd, Musanın “güclü” olmasıdır. Kamil sözündən məqsəd isə, “yaradılışın kamil forması və ədalətdir”. Bu ayəyə nəzər saldıqda aydın olur ki, cismani güc - qüvvətlə elm və hikmətə sahib olmaq arasında əlaqə vardır. Tarixə əsasən bəşərin hidayəti üçün Allah, yüz iyirmi dörd min peyğəmbər göndərmişdir. Onların heç biri zəif və qüsurlu olmamışdır. Hətta peyğəmbərlərin canişinlərində də bu qüsur və zəiflik olmayıb. Aydın olur ki, cismin güclü olması və sağlamlıq əsas amillərdən biridir. İmam Əli (ə) Misirdə nümayəndəsi olan Malik Əştərə göndərdiyi əhdnamədə, İslam qoşunu başçılarının xüsusiyyətlərini qeyd edir. O xüsusiyyətlərdən biridə, başçının çətinliklər qarşısında möhkəm və güclü olmasını qeyd etmişdir. (İmam Əlinin fərmanları. Səhifə - 201)

İdman hədislərdə

Müqəddəs İslam dinində insanın bədəni təhqir olunmayıb. Güclü olmaq dedikdə, bədənin enli və çəkinin ağır olması demək deyil. Bədən hansı formada olursa olsun sağlam və güclü olmalıdır. İslam, insanın bədənini dəyərsiz hesab etmir. Çünki insanın bədəni, təkamülə çatması üçün bir vasitədir. Hədislərdə bədənin sağlamlığı və güclü olması haqqında çoxlu göstərişlər qeyd olunmuşdur.
İslam peyğəmbəri (s) buyurmuşdur: “Güclü mömin zəif mömindən yaxşı və sevimlidir”. (İslam və tibb. Səhfə 263) Başqa bir hədisdə peyğəmbərimiz (s) buyurmuşdur: “İnsanın xoşbəxtçiliyi ondadır ki, İslam dinini qəbul edib, qazancı ilə öz yaşayışını təmin etsin və güclü bədənə sahib olsun”. (Bəharul ənvar. Cild 72, səhfə 67) İmam Əli (ə) buyurmuşdur: “Güclü və qüvvətli olmaq, ən gözəl nemətlərdər biridir”. (Ğurarul – hikəm. Cild 1, səhfə 263) İmam Hüseyn (ə) buyurmuşdur: “Ömrünüz boyu güclü olmaq üçün çalışın”. (Təhqul – uqul). Bu hədislərə fikir verərkən aydın olur ki, dünyada İslam qədər heç bir din bədən sağlamlığına və güclü olmağa bu qədər önəm vermir.

İdman İslamdan öncə

İslam dinindən öncə, idman haqqında məlumatımızın olması üçün, gərək Qurani – Kərimə və tarixə nəzər salaq. Qurana nəzər saldıqda İslam peyğəmbərindən (s) öncə idmanın olması nəzərə çarpır. Təbii ki, o dövrün insanları çətin şəraitdə yaşadıqları üçün ova və düşmən qarşısına çıxmaq üçün güclü bədənə malik olmalı idilər. Buda ardıcıl olaraq təlimlərlə hasil olurdu. İslam peyğəmbərindən (s) öncə yaşamış Talut, Davud, İsa, Musa və digər peyğəmbərlər, güclü bədənə malik olmalarının sayəsində, din və dövlət vəzifələri baxımından yüksək pillələrə çatmışdılar. Misal üçün, peyğəmbərlərin və canişinlərinin yadigarı kimi tanınmış güləş idmanını göstərmək olar. Vaiz Kaşifi adlı İslam alimi güləşi, peyğəmbərlərin və canişinlərinin yadigarı kimi qeyd edərək belə demişdir: Əgər soruşsalar ki, güləş nə vaxtdan qalmışdır de ki, Yaqub peyğəmbərin övladlarından. Çünki, Yaqub bu elmi bilirdi və övladlarına öyrətmişdir və deyərdi ki, bu elm düşmənlərin zərərindən amanda qalmaq üçündür. Hətta tarixə əsasən Adəm peyğəmbər dörd yüz qırx sənət (peşə) bilirdi ki, onlardan biridə güləş olmuşdur. Güləş, Adəm peyğəmbərdən gələn irsdir. (İslam alimləri baxışından bədən tərbiyəsi. Səhifə 150). Ayə və hədislərə nəzər saldıqda, idmanın İslamdan da qabaq olduğu aydın olur. Çünki, o dövrdə düşmən qarşısında güclü və qüvvətli olmaq, önəmli məsələlərdən biri olub. Peyğəmbərlərin tarixinə nəzər saldıqda onların dağlarla əlaqəsi olduğunu görürük. Təmiz hava qəbul etmələri, dağa çıxarkən güclü olmaları və Allahla təklikdə sirləşmələri üçün münasib yer olub. Nuh peyğəmbər Ağrı dağını, İbrahim və Musa peyğəmbər Tur dağını, İsa peyğəmbər Sair dağını, Muhəmməd (s) peyğəmbər də Nur dağında olan Hira mağarasını özləri üçün seçmişlər. (İlk universitet və sonuncu peyğəmbər. Səhfə 14 – 270) Adətən şəhərdən kənarda yerləşən dağları seçirdilər ki, o dağların xüsusi havası və suyu vardır. Dağların xüsusi hava və suyu olduğu üçün, bədənin sağlamlığına çox böyük müsbət təsiri vardır. Xüsusən də dağlarda olan ağaclar hər biri hər gün onlara maddələr özlərindən xaric edirlər ki, bu da insan sağlamlığına çox xeyirdir. Dağa çıxarkən əzələlər və ayaqlar daha da möhkəm olur.

İslamın ilk çağlarında idman növləri

Quran və hədislərə əsasən müsəlmanın sağlam bədənə və güclü olmağa ehtiyacı vardır. İnsan fitrətində pisliyə nifrət, yaxşılıq etməyə meyl, ata – anaya qarşı mehriban olmağa çalışdığı kimi, sağlam bədənə və güclü olmağa da meyllidir. Elə bir insan tapılmaz ki, sağlam olmaq və güclü olmaq istəməsin. İslamın ilk çağlarına nəzər salsaq, bir neçə növ idman növləri və o haqda hədislər görəcəyik.

1) Ox atmaq

İslam peyğəmbəri (s) buyurmuşdur: “Övladlarınıza ox atmağı öyrədin. Çünki ox atmaq düşmənin məhvinə səbəb olar”. (Kənzul – ummal. Cild -16, səhfə 443)

2) At sürmək

İslam peyğəmbəri (s) buyurmuşdur: “Allah dərgahında ən yaxşı idman və oyun, ox atmaq və at sürməkdir ”. (Kənzul – ummal. Cild – 4, səhfə 344)

3) Üzgüçülük

İslam dininin xüsusi əhəmiyyət verdiyi və öyrənmək üçün təkid etdiyi idman növlərindən biridir. İslam peyğəmbəri (s) buyurmuşdur: “Ox atmağı və üzgüçülüyü övladlarınıza öyrədin ”. (Furue kafi. Cild – 6, səhfə 47). Yenə başqa bir hədisdə İslam peyğəmbəri buyurmuşdur: “Bədəni isitmək üçün ən yaxşı iş, üzgüçülükdür” (Mizanul – hikmət. Hədis – 18069)

4) Piyada gəzmək

İslam piyada gəzməyi qida yemək kimi mühüm sayır. Qidaya olan ehtiyacımız kimi, piyada gəzməyə də ehtiyaclıyıq. İnsanın sağ qalması üçün qidaya ehtiyacı olduğu kimi, piyada gəzməklə də sağlam olaraq öz ömrünü uzada bilər. Piyada gəzməyin nə qədər insan həyatına xeyirli olduğunu hamımız bilirik. Xüsusən də tənəffüs orqanlarına olan xeyri daha çoxdur. İslam dinində sağlamlıq üçün ən gözəl yol, piyada gəzməkdir. Düzdür piyada gəzmək xüsusi idman növü olmasa da, yaşayışın önəmli məsələlərindən biri kimi hesab etmək olar. Kəbə evinin yeddi dəfə dövr etmək, Səfa və Mərvə dağları arasında yeddi dəfə get – gəliş etmək buna əyani sübutdur. İslam peyğəmbəri (s) buyurmuşdur: “Allah adı çəkilməyən işdə xeyir yoxdur. Məgər bu dörd işdə: Ər – arvadın zarafatlaşması, atın tərbiyə olunması, üzgüçülüyü öyrənmək və piyada gəzmək”. (Kənzul – ummal. Cild – 2, səhfə 211) Yəni Allah adı ilə başlanmayan iş yarımçıq qalar, yaxud sonu xeyirlə bitməz hədisinə əsasən, bu dörd işdə Allah adı çəkilməsə belə, ziyanı yoxdur.

5) Güləş

Elə bir idman növüdür ki, gözəl insani keyfiyyətləri, təvazökarlığı, fədakarlığı, qarşı tərəfə hörmət etməyi və s.... xüsusiyyətləri özündə toplamışdır. Bildiyimiz kimi İslam peyğəmbərinin (s) rəftarı, sözü yaxud kiminsə hər hansı bir əməlini gördükdə susması, onun razılığını bildirir. Eləcədə tarixdə qeyd olunur ki, İslam peyğəmbəri (s) bir – biri ilə güləşən iki nəfəri görür və onları danlamır. (İlk universitet və sonuncu peyğəmbər. Səhifə 14, 207,237) Peyğəmbərin susması və onları danlamamsı, onun razılığını bildirir. Bir gün İslam peyğəmbəri (s) nəvələri İmam Həsən (ə) və İmam Hüseynlə (ə) qızı Xanım Fatimənin (ə) evinə daxil olur. Peyğəmbər (s) İmam Həsən (ə) və İmam Hüseynə (ə) buyurur: “Qalxın və bir – birinizlə güləşin”. İmam Həsən (ə) və İmam Hüseyn(ə) güləşməyə başlayır. Xanım Fatimə (ə) evdə yox idi. Evə daxil olarkən övladlarının güləşdiyinə şahid olur və eşidir ki, atası (peyğəmbər) İmam Həsəni(ə) qələbəyə həvəsləndirərək buyurur: “Həsən tut, möhkəm saxla, onu yerə vur .... ”. Xanım Fatimə (ə) təəccüblə soruşdu: “Ya rəsuləllah, məgər qələbə üçün böyüyü dəstəkləyirsən? Böyük kiçiyə qələbə çalsın?” İslam peyğəmbəri (s) buyurdu: “Mən Həsəni (ə) qələbəyə dəstəkləyirəm, qardaşım Cəbrayıl mələk isə Hüseyni (ə) dəstəkləyir ” . (Qırx hədis. Səhfə 76)

6) Qılınc oynatma

İslam peyğəmbəri (s) buyurmuşdur: “Cənnət, qılıncların kölgəsi altındadır ”. (Mehdinin qiyamı. Səhfə - 93) İmam Cəfər Sadiq (ə) Ənfal surəsinin 60 – ci ayəsində işlədinlən “qüvvət” sözündən məqsəd, qılınc və qalxanı qeyd etmişdir. (“Onlara qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın”)

7) Pəhləvanlıq

İslam peyğəmbəri (s) yol gedərkən bir qrup insanlarla rastlaşır. Camaatın arasında bir pəhləvanı görür ki, çəkisi ağır olan daşları qaldırır. Onun bu gücü camaatı çox təəccübləndirmişdir. İslam peyğəmbəri (s) buyurdu: “ Burada nə baş verir? ”Camaat dedi: Bu insan pəhləvandır. Çox ağır daşları qaldırır. Çox güclüdür. İslam peyğəmbəri (s) buyurdu: “Əsl pəhləvan camaatın böhtanlarının və acıdilliklərinin qarşısında, əsəblərini cilovlayan və səbir edəndir”. Təbii ki, peyğəmbər (s) güc baxımdan bu idman növünü pisləmir. Əxlaqi baxımından daxildəki əsl gücün necə olmasını qısa cümlə ilə izah edir. Səbirdən məqsəd, susmağın ifrat dərəcəsi nəzərdə tutulmur. Sadəcə insan özünü böhtan atan şəxsin səviyyəsinə qoymamasını bildirir. (Məaniyul - əxbar. Səhifə 348)

8)Dəvə və fil sürmək

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Hər hansı bir yarışlarda mərc etmək, qumar olduğu üçün doğru deyildir. Məgər üç halda mərc etmək olar: 1)Ox atma və qılınc oynatma yarışlarında. 2)Yüyənli heyvanların yarışında. (at və dəvə kimi) 3)Ayaqları enli olan heyvanların yarışında. (fil və dəvə kimi) (Vəsailuş – şiə. Cild – 13, səhifə 348). Həmçinin bir çox hədis və tarixi mənbələrə əsasən, İslam peyğəmbəri (s) şəxsən özü dəvə yarışlarında iştirak edirdi. Bəzən qələbə çalardı, bəzən də məğlub olardı.

9)Daş və nizə atmaq

Çobanlar öz işlərinə uyğun olaraq həmişə sapand atmaqla məşğul olarmışlar. Sürülərini, hücum edən heyvandan qorumaq üçün sapanda daş qoyaraq atıb vurardılar. Müqəddəs Qurani – Kərimdə Talut peyğəmbərin dövründə yaşayan zalım padşah Calutun, Davud peyğəmbərin vasitəsi ilə öldürülməsindən söz açaraq, belə buyurulur: “Allahın izni ilə onlar düşməni məğlub etdilər. Talutun qoşununda olan güclü və cavan Davud, Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi və ona istədiyini öyrətdi”.(Bəqərə surəsi ayə 251). Peyğəmbərlərin bir çoxunun peyğəmbərlikdən öncə çoban olmaların nəzərə alsaq, Davud peyğəmbərdə həmçinin peyğəmbərlikdən öncə çobanlıqla məşğul olmuşdur və bu məharət çobanlıq dövründən qalan bir bacarıq olmuşdur.

İdmanın zəkatı

Allah insana hər hansı bir nemət verirsə, onun qarşısında müəyyən vəzifələr təyin edir. Əgər birinin elmi və savadı vardırsa, gərək elminə əməl etsin, təvazökar olsun və xalqa xidmət etsin. İslam maarifi üç hissədən ibarətdir. 1)Usuliddin (yəni dinin kökü, əqidə və ideologiya) 2) Furuiddin (yəni dinin budağı, əməllər) 3)Əxlaq. Əməl bölməsi on hissədən ibarətdir. Onlardan biridə zəkatdır. Müəyyən mallar təyin olunmuş miqdarda olarsa, müəyyən hissəsini imkansız olanlara verilir. (Zəkat haqqında ətraflı məlumat əldə etmək istəyənlər, şəriət kitablarına müraciət edə bilərlər) İslam peyğəmbəri (s) buyurmusdur: “Hər bir şeyin zəkatı vardır ”.

Bədənin zəkatı oruc tutmaqdan, şücaətin zəkatı Allah yolunda döyüşməkdən, sağlamlığın zəkatı Allaha itaətdə çalışmaqdan, qələbənin zəkatı yaxşılıq və güzəşt etməkdən, qüdrətin zəkatı isə insaf və ədalətlə davranmaqdan ibarətdir. (Əlhəyat. Səh – 273)

İdmançının zəkatı və vəzifələri

Qeyd olunan beş xüsusiyyətə malik olduğu üçün, zəkatın hər birini ödəməlidir. Yəni idmançı gərək yüksək insani keyfiyyətlərə malik olsun. İdmançı gərək cəmiyyətə nümunə olsun. Necə ki, peyğəmbərlərimiz və imamlarımız hər bir cəhətdən cəmiyyətə əxlaq nümunəsi olublar. “Peyğəmbərdə sizlər üçün bir nümunə vardır” (Əhzab surəsi ayə 21) “İbrahimdə sizlər üçün bir nümunə vardır” (Mumtəhinə surəsi ayə 4) “Allah siz əhli – beyti hər bir qüsurdan təmiz etdi” (Əhzab surəsi ayə 33)
İdmançı gərək təqvalı, (Allah halallarını halal, haramlarını haram sayan) gözəl əməl sahibi, savadlı, güzəşt edən, zəifi qoruyan, təvazökar və nəfsi istəklərinə qələbə çalan olsun.

İdmandan hədəf nədir? Bu suala cavab vermək üçün İmam Əlinin (ə) məşhur Kumeyl duasından İmamın özü buyurduğu kimi cavabandıraq. “ İlahi sənə itaət və xidmət etmək üçün mənim üzvlərimi və bədənimi güclü et. Mənim fikir və düşüncələrimi daha da möhkəm et” .

İlahi dinimizə, millətimizə və ölkəmizə xidmət etmək üçün, bədənimizi sağlam, düşüncələrimizi möhkəm, gözümüzə nur, qolumuza qüvvət ver. Amin!

Bütün xəbərlər Facebook səhifəmizdə