Avropa Gimnastika İttifaqının adı dəyişdirilib

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa Gimnastika İttifaqının ikiillik Baş Assambleyası keçirilib.

SİA-nın məlumatına görə, ölkəmizi tədbirdə Azərbaycan Gimnastikası Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə, İcra Komitəsinin üzvü Mariana Vasileva, federasiyanın beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev və texniki direktoru Natalya Bulanova təmsil ediblər.

Qırx yeddi üzv federasiyanın iştirak etdiyi Baş Assambleyada bir sıra mühüm qərarlar qəbul edilib. Əsas qərarlar isə gimnastikanın gələcək inkişafı naminə təşkilatın Nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi və təşkilatın adının dəyişdirilməsi sayıla bilər. Bundan sonra Avropa Gimnastika İttifaqı “Avropa gimnastikası” adlanacaq. Bu dəyişiklik isə 2020-ci il aprelin 1-dən qüvvəyə minəcək.

“Avropa gimnastikası”na 2006-2017-ci illərdə AGF-nin baş katibi olmuş, azərbaycanlı Fərid Qayıbov rəhbərlik edir.

Təşkilatın Baş Assambleyasının növbəti iclası isə 2021-ci ilin dekabrında Portuqaliyanın Albufeyra şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə