Bakıda gənclər və idman sahələri üzrə əməkdaşlıq müqavilələri imzalanıb

Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə bir sıra xarici ölkələrin müvafiq nazirləri arasında əməkdaşlıq müqavilələri imzalanıb. SİA-nın məlumatına görə, müqavilələrin imzalanma mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, nazir müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov, Belorus Respublikasının idman və turizm naziri Oleq Katan, Ukrayna ailə, gənclər və idman naziri Ravil Safiullin, Makedoniya gənclər və idman agentliyinin sədri Dime Spasov iştirak ediblər.

 

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Belorus Respublikasının İdman və Turizm Nazirliyi arasında "2011-2012-ci illər üzrə əməkdaşlıq proqramı" imzalanıb. Proqrama A.Rəhimov və O.Katan imza atıb. Daha sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Ukrayna Ailə, Gənclər və İdman Nazirliyi arasında "2011-2012-ci illər üçün əməkdaşlıq proqramı", Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Makedoniya Gənclər və İdman Agentliyi arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında sənədi imzalayıblar. Sənədləri A.Rəhimov ilə adıçəkilən qurumların rəhbərləri imzalayıblar.

 

Tədbirdə həmçinin Belorus və Ukrayna, Moldova və Belorus arasında da müvafiq sənədlər imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə