“Şaxtyor” “Roma”nı şoka saldı 3:2

Artıq Ukrayna klublarının Çempionlar Liqasında da hökmranlıq etməsi faktı tam olaraq özünü sübuta yetirir. Siasport.az saytı xəbər verir ki, dünən Çempionlar Liqasınım 1/8 final mərhələsinin ilk qarşılaşmasında İtaliyada "Roma"nın qonağı olan Donetsk təmsilçisi "Şaxtyor", "canavarlar"a futbol dərsi keçib. Mirça Luçeskunun yetirmələri, Yuli Sezarın torpağında 3:2 hesablı qələbə qazanaraq növbəti mərhələyə keçmək üçün əla şans əldə ediblər. Düzdür qarşılaşmada hesabı 28-ci dəqiqədə Perrotta açaraq meydan sahiblərini önə keçirib. Amma bundan cəmi bir dəqiqə sonra Jadson mükəmməl qol vuraraq hesabı bərabərləşdirib. "Canavarlar" özünə gəlməmiş qarşılaşmanın 36-cı dəqiqəsində Kosta, və 42-ci dəqiqədə Adriano bir-birindən gözəl qollara imza ataraq italyanları şoka salıblar. İkinci hissədə "Roma" var gücü ilə irəli atılaraq "şaxtaçılar"ı cəzalandırmağa çalışsa da, vurulan qollardan yalnız birinin əvəzini çıxa bilib. Oyunun 62-ci dəqiqəsində Menez vurduğu qolla ukraynalı qonaqların torunu sirkələyib. Qarşılaşmada başqa qol olmayınca 3:2 hesablı qələbəyə sevinən "Şaxtyor" növbəti mərhələyə keçməyə çox yaxındır.

Bütün xəbərlər Facebook səhifəmizdə