Azərbaycan Olimpiadada 10 medala ümid edə bilər - PROQNOZ

Azərbaycan Londonda təşkil olunacaq 30-cu Yay Olimpiya Oyunlarına hazırlaşır. 27 iyul-12 avqust aralığında keçiriləcək dünyanın ən mötəbər idman yarışında məqsəd daha yaxşı nəticə göstərməkdir. Azərbaycan idmançıları artıq Olimpiadaya 53 lisenziyanı özləri üçün təmin ediblər. Ancaq bu da hələ son hədd deyil.


Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın anspress-ə verdiyi məlumata görə, idmançılarımızı Olimpiadanın startınadək atletika və kamandan ox atma kimi lisenziya xarakterli yarışlar gözləyir. Bu turnirlərdə uğurla çıxış etməklə idmançılarımız Olimpia lisenziyalarının sayını artıra bilərlər.


Olimpiadaya lisenziyanın sayının 50-ni ötməsini nəzərə alaraq Azərbaycanın Olimpiadaya geniş heyətlə qatılacağını demək olar. Bu isə 1996-cı ildən Olimpiadalarda müstəqil komanda kimi yarışan ölkəmiz üçün önəmli göstəricidir. Mötəbər yarışda idmançıların sayının çox olması medal qazanmaq şanslarını bir qədər də artırır.


Qeyd edək ki, Azərbaycan 2008-ci il Pekin Olimpiadasında 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc) qazanmaqla 200-dən çox ölkə sırasında 39-cu olmuşdu. Gənclər və idman naziri Azad Rəhimov da jurnalistlərə açıqlamasında budəfəki Olimpiadada idmançılarımızın 10-dan çox medal qazanacağına ümid etdiyini bildirib: "Hazırda mötəbər yarışa ciddi hazırlıq gedir. Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazansaq da, Londonda bunun sayı 10-dan çox ola bilər. Bu göstərici ilə ölkəmiz Avropada 15-ci, dünyada isə 20 ən güclü ölkə sırasına daxil olar".


Ümid edirik ki, idmançılarımız rekord sayda lisenziya qazandıqları kimi əldə edəcəkləri medal sayına və əyarına görə də bir ilkə imza atacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...