Müharibəsiz dünya quraq... - JURNALİST YANAŞMASI

Dünyada yaşayan millətlərin heç biri müharibə istəməz. Müharibə dəhşət, faciədir. Müharibə insanın illərlə qurduğu yurdunun, yuvasının viranəliyidir. Sakit, dinc həyata əlvida deməsidir. Müharibə yaradır, illərlə sızlayan, sağalmayan yara. Müharibə itkidir, əzizlərimizi bir anın içərisində itirmək təhlükəsidir. Müharibə göz yaşı, ağı, nalədir. Müharibə qatildir, ər, oğul, qız, övlad qatilidir. Minlərlə ailənin həsrəti, hicranıdır.

Hansısa dairələr nəyi əldə etmək, nəyəsə nail olmaq üçün müharibə etsələr də, bundan ən çox əziyyət çəkən uşaqlar, qocalar, analar, atalar, həyatını müharibəyə qurban verən gənclərdir. Bu səbəbdən də müharibəsiz bir dünya qurmaq nə gözəl olardı, deyilmi?..

Biz müharibə istəməyən xalqıq...

Biz azərbaycanlılar ümumiyyətlə, müharibə istəməyən xalqıq. Lakin əsrlərlə ölkəmiz yadellilərin hücumlarına məruz qalıb. Biz isə istər-istəməz özümüzü müdafiəyə qalxmışıq. Bir də uğursuz alın yazımız olan qonşu məsələsi ilə bağlı müharibəyə cəlb edilmişik. Qonşuluqdan kənar ermənilərin bizim torpaqlarımız hesabına “böyük Ermənistan” yaratmaq xülyaları Birinci və İkinci Vətən müharibələri ilə nəticələndi. Xalqımız böyük itkilər verdi. 30 il torpaqlarımızın 20 faizindən çoxu qəddar düşmənin işğalı altında qaldı. 30 ilin əvvəlində minlərlə şəhid verdik, minlərlə qazimiz oldu, həm də torpaqlarımız əlimizdən getdi. Çünki dövlət rəhbərləri yerində olmayan insanlar idi. 30 ilin sonunda -2020-ci ilin 44 günlük payızında isə yenə də minlərlə şəhidimiz, qazimiz oldu. Lakin bu dəfə torpaqlarımızı geri ala bildik. Çünki 30 il əvvəlkindən fərqli olaraq 30 il sonrakı dövlət rəhbərimiz 17 il idi ki, torpaqlarımızın geri qaytarılması uğrunda mübarizə aparırdı, ordumuzu gücləndirirdi, gənclərimizin vətənpərvər ruhda böyüməsi üçün ölkədə hərtərəfli tədbirlər həyata keçirilirdi. Elə bütün bu səbəblərdən də artıq iki ilə yaxındır ki, Ali Baş Komandanımız, dövlətimizin başçısının rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Hazırda azad torpaqlarda abadlıq, bərpa işləri həyata keçirilir ki, soydaşlarımız doğma yurdlarına, ev-eşiklərinə tezliklə qayıtsınlar.

Müharibələr yaşamış bir xalq kimi, istəmərik ki, dünyanın hansısa bir ölkəsində müharibə olsun. Çünki biz müharibənin acılarını görmüşük. Analarımızın göz yaşını, qara örpəyini, bala dağını görmüşük. Atalarımızın bükülən qəddini, üzünə “naxışlanan” qırışları görmüşük. Toyunun heç bir ili tamam olmayan dul qalmış gənc qadınlarımızı görmüşük. Onların saçlarına düşən vaxtsız bəyazları görmüşük. Müharibələr bizə yetim qalmış uşaqları, atasından söz düşəndə gözlərindən yaş sel kimi süzülən övladlarımızı göstərib. Nədir onların günahı, nədir? Nə üçün hansısa bir müharibə onların kiçik qəlbinə dağ çəkməli idi. Nə üçün onlar atasız böyüməli, atalarının rəsmləri ilə təsəlli tapmalı idilər. Müharibə bizə saçının bir tərəfini ağ, bir tərəfini qara hörüb şəhid uşaqları böyüdən anaları göstərdi. Onlar nə üçün tək başına uşaq böyütməli idilər?

Müharibə minlərlə qazi verdi bizə. Sağlamlıqlarını müharibədə itirən, həyatının qalan hissəsini məhdud sağlamlıqla yaşayan qazilərimizi. Nə idi onların günahı? Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı göstərilir, bəli. Lakin onlar itirdiklərinin acısı ilə bir ömür yaşamalı olurlar. Həyatlarının sonuna qədər bu acılar onların yol yoldaşına çevrilir.

Bu səbəblərdən də biz əsla müharibə istəmirik. Yaşadıqlarımızın təkrarlanmasının qəti əleyhinəyik. Özümüzlə bərabər dünyanın heç bir ölkəsində müharibə olmasını istəmirik. Çünki müharibənin acıları milliyyətindən asılı olmayaraq hər bir xalqın, ailənin, ata-ananın, həyat yoldaşı və övladın, ümumilikdə, Vətənin acısıdır.

Ey insanlar, müharibələri qızışdırmayın!

Artıq aylardır ki, Ukrayna ilə Rusiya arasında müharibə gedir. Televiziya vasitəsilə bu müharibənin dağıntılarını, itkilərini izlədikcə ürəyimiz yanır. Yenə də müharibənin acıları ilə qarşılaşdıqca öz müharibəli günlərimizi, həmin acıları yenidən yaşamalı oluruq. Buna görə də o insanları öz yerimizə qoyuruq. Hansı çətinliklərlə, ağrı-acılarla qarşılaşdıqlarını görür, hiss edir, duyuruq. Hər iki tərəfin dağılan əraziləri, xarabazarlığa çevrilmiş obyektlər, yollar, küçələr dünənədək abadlığı ilə göz oxşayırdı. İnsanların firavan həyatına xidmət edirdi. Bu gün isə illər sonra da əvvəlki halına düşə bilməyəcək vəziyyətə salınıb. Bütün bunlar ermənilərlə sərhəddə yerləşən rayonlarımızın kəndlərindəki evlərin, yolların obyektlərin mənzərəsini canlandırır gözlərimiz qarşısında. Günahsız insanların ömürlərindən ömür verib min bir həvəslə qurduqları evlərinin, həyət-bacalarının mənzərəsini açır qarşımızda. Ölənlərtin, itkilərin, yaralıların, dağıntılar altında qalanların hər biri bir taledir. Ətrafdakı onlarla insanın da həyatına ağırlıq, yoxluq çökdürən tale. Onların hər birinin itkisi ilə neçə-neçə qapılar bağlı qalır, uşaqlar yetim, qadınlar ərsiz, ata-analar övladsız qalır. Ən əsası isə yüzlərlə, minlərlə ömür yarımçıq qalır.

Ukrayna-Rusiya arasındakı müharibə həqiqətən bizim heç istəmədiyimiz müharibədir. Ukrayna bizim SSRİ dönəmində müttəfiqimiz idi, indi isə dostumuzdur. Rusiya isə qonşumuzdur. Hər iki dövlətin xalqı bizim üçün əzizdir. Biz onların bu cür məşəqqətlərə düşməsinə əsla razı olmazdıq. Lakin həyat belədir ki, sabah nə olacağı bilinmir.

Bu günlərdə sosial şəbəkələrdə belə bir xəbərə rast gəldim. Doğrusu onu oxuyan andan bu yazını yazdığım anadək hələ də sarsılmaqdayam. Xəbərdə deyilirdi ki, Kanadada səfərdə olan Almaniya kansleri Olaf Şolts AFR-in Ukraynaya əlavə olaraq hava hücumundan üç IRIS-T müdafiə sistemi, 10 zirehli təmir-təxliyə maşını, 20 raket qurğusu, yüksək dəqiqliyə malik döyüş sursatı və pilotsuz uçuş aparatlarından müdafiə sistemləri təqdim etmək niyyətini açıqlayıb.

Qeyd olunurdu ki, silahlar 2023-cü ildə veriləcək, lakin texnikaların bəzi növləri daha əvvəl verilə bilər. Olaf Şoltsun Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə töhfə adlandırdığı silah tədarükü planı hələ Bundestaqın büdcə komitəsi tərəfindən təsdiq edilməlidir.

Həqiqətən xəbəri oxuduğum an sarsılmaqla yanaşı, düşündüm ki, nə üçün belə dövlətlər bir-biri ilə müharibə aparan dövlətlər arasına sülh qoymaq əvəzinə bu müharibələrin daha da qızışması üçün silahlar verir. Düzdür, burada Almaniyanı anlamaq heç də çətin məsələ deyil. Almaniya 1941-1945-ci illərdə Rusiya ilə arasında olan müharibədə uduzduğunu, görünür, hələ də həzm edə bilmir. Bu səbəbdən də aradan 77 il ötməsinə baxmayaraq hələ də acısını unutmadığını hiss etdirir. Lakin böyük dövlət olaraq bunun əvəzində ortaya sülh qoymağa cəhd etməsi bütün dünya tərəfindən yaxşı qarşılana bilərdi. Çünki müharibə deyiləndə insan amili hər kəsi düşündürən birinci məsələ olmalıdır.

Eləcə də Ukrayna-Rusiya müharibəsində ABŞ-ın və digər qızışdırıcı mövqedə dayanan ölkələrin hərəkətləri də tarixin səhifələrinə yazılır və insanlığa təcavüz kimi yaddaşlara həkk olunur.

Nə olar, müharibəsiz bir dünya quraq...

Yenə də təkrarlamaq istəyirəm. Hansısa dövlətlərin nəyəsə nail olması naminə başlanan müharibələr insanların məhvi, həyatlarının tamamlanması, ömürlərini şikəst olaraq yaşamaları ilə nəticələnir. “Bu dünya Süleymana qalmayan dünyadır” deyimini əsas götürərək demək istəyirəm ki, müharibələri başlayanlara, onu qızışdıranlara da qalmayacaq bu dünya. Zamanla dünyaya gələn insanların hər biri haqq dünyasına qovuşacaqlar. Haqq dünyası deyərkən, bəli, bu dünya yalan, yalançı dünyadır, haqq dünyası isə son mənzilimiz olan dünyadır. Belə isə bu yalançı dünyadan haqq dünyasına getmək üçün niyə rəvan yolları seçmirik. Axı haqq dünyasında bu yalan dünyadakı bütün əməllərimiz soruşulacaq. Allahın yaratdığı, həyat və ömür verdiyi insanları vaxtından əvvəl öldürənlər onları o haqq dünyasında nələrin gözlədiyini görəsən düşünürlərmi?

Budur, ölkəmizdə İkinci Vətən Müharibəsi artıq iki ilə yaxındır ki, başa çatıb. Ermənilər kapitulyasiya aktını imzalayıb, uduzduqları ilə barışdıqlarını bu vasitə ilə bəyan etdilər. Lakin müharibədən sonrakı dövrdə 10 noyabr Bəyannaməsində nəzərdə tutulan bəzi işlərin həyata keçirilməsini bu gün yubadırlar. Düşünəndə bunu onlar etmir, ətrafdakı qızışdırıcı dövlətlərin nümayəndələri onları başdan çıxarır. Ermənilərin isə hər kəsin ardınca gedən bir xalq olduğunu hər kəs yaxşı bilir axı. Onlar əzəldən başqasının çaldığı havaya rəqs edənlərdir.

Lakin zaman da sübut etdi ki, bu, heç də yaxşı cəhət deyil. Erməni adlı düşmən havadarlarının heç də həmişə sözü üzərində durmadığını gördü. Bir də ki, bunlar heç vaxt düşünə bilməyiblər ki, sadəcə hansısa oyunun oyunçularıdır. Yoxsa kiminsə onlara xüsusi rəğbəti yoxdur. Beləliklə də müharibələri başlayanlar, qızışdıranlar olmasa, həyat öz axarı ilə daha rəvan şəkildə davam edər. Nə yurdlar, evlər, həyətlər, şəhər, kəndlər, yollar, parklar və yüzlərlə obyektlər dağılıb viranə qalar, nə də insanlar həyatlarını itirərlər. Dünya maraqlı, gözəl, sakit, rəvan bir dünyaya çevrilər. Dostluqla düşmənçiliyin nə qədər fərqli anlayışlar olduğu dərk olunar. Müharibəsiz bir dünya qurular. Hər kəs Yaradanın ona verdiyi ömrü sakitlik, əmin-amanlıq içərisində yaşayar. Uşaqlar yetim, qadınlar ərsiz, ata-analar oğul-qızsız, Vətən övladsız qalmaz. Düşünəndə ki, istər müharibə et, istər etmə, istər müharibələri qızışdır, istər qızışdırma, bu dünya sənə qalan dünya olmayacaq. Bu dünyada qalıb tarixin daşlaşmış səhifələrinə yazılanlar isə yalnız əməllər olacaq. Bu dünyadan o dünyaya aparacağımız, hər biri üçün sorğu-sual ediləcəyimiz əməllər...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə