Xoşbəxtliyə aparan yol nələrdən keçir? - ARAŞDIRMA

Pul mal və xidmətlərin mübadiləsinin ən geniş yayılmış vasitəsidir. Pul sözü, ümumiyyətlə, sikkə və əskinaslara aid olsa da, iqtisadiyyatda tələb olunan depozitlər və kredit kartları da pul qazanma elementləri hesab olunur.

Pul və xoşbəxtlik arasında müsbət əlaqə var. Günümüzdə bu müsbət əlaqə daha yüksəkdir. Lakin belə bir məsələ də var ki, pulun varlığı daha çox qazanmağa, yəni hərisliyə səbəb olur ki, bu da insana ciddi problemlər yaradır.

Bir araşdırmada göstərilir ki, pul olmadan belə xoşbəxt olmaq olar:

Yuxumuzu almaq.

İşimizə yaxın evdə yaşamaq.

Təmiz hava almaq.

Səfər etmək.

Nəfəs almaq.

Gülümsəmək.

Zehni rahatlıq üçün stresin öhdəsindən gəlməyin yollarını öyrənmək.

Düşünürəm ki, pulsuz səfər etmək mümkün deyil. Adi gün ərzində evdən çıxmaq belə pul deməkdir, qalmışdı ki, səfər etmək. Səfər etdikdə yola çıxmaq üçün yol pulu, yolda ən azından yemək yemək, gedəcəyimiz yer üçün ərzaq almaq da pulla mümkün olacaq məsələlədir. Nəticədə heç kim bizə pulsuz səfər etmək üçün ərzaq və ya yolpulu verməyəcək.

İşimizə yaxın evdə yaşamaq söhbətinə gəldikdə isə bu gün əksər iş yerləri şəhərin mərkəzindədir. Mərkəzdə olan evlərin qiyməti də hamıya məlumdur. Buradan da dönüb-dolaşıb pul məsələsinə gəlirik.

Daha sonra gülümsəmə məsələsi var. Yəni, pulsuz gülümsəmək olur? Evdə uşağının çox istədiyi bir şeyi pulu olmadığı üçün ona ala bilməyən ata axşam o evə gələrkən necə gülümsəsin?! Yaxud azyaşlı uşağı ilə marketə düşən ana körpəsinin istədiyi şokoladı ona ala bilmirsə necə xoşbəxt ola bilər?! Bunların da başında maddiyyat və pul dayanır.

Bəzən hələ çox gənc olan cütlüklər də deyir ki, pul hərşey deyil, əsas sevgidir. Siz heç dilənçiyə aşiq olan birini görmüsünüz? Bu 99 faiz mümkün deyil. Gənclər evləndikdə sevsələr belə, qarşı tərəfin maddi vəziyyətini də nəzərə alır. Bu gün bir çox boşanmaların səbəbi pulsuzluqdur. Əgər evdə qadın işləmirsə və bütün maddi-mənəvi yük kişinin üzərinə düşürsə, bu, ikiqat problemdir.

İnsana xoşbəxt olmaq üçün nə lazımdır? Pul faktorunun buradakı yeri nə qədərdir? SİA mövzu ilə bağlı ekspert, sosioloq və psixoloqların fikirlərini öyrənib.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Xoşbəxtlik nisbi anlayışdır, insana görə dəyişir. Cavan olanda əksəriyyətimiz xoşbəxtliyi var-dövlətdə, pulda axtarırdıq. Müəyyən yaşa dolandan sonra arzumuzun ünvanı dəyişdi. Həyat sübut etdi ki, insanın canı sağ-salamat olmayandan sonra pul da, var-dövlət də heç nəyə yaramır. Amma xoşbəxt olmaq üçün bunlar da bəs etmir.

Ləyaqətli insan özü ilə yanaşı, ailə üzvlərinin, əzizlərinin, doğmalarının, qohumlarının, bir sözlə, tanıdığı hər kəsin xoşbəxt olmağını arzulayır. Yəni xoşbəxt olmaq təkcə özümüzdən asılı deyil. Əgər canı canımızdan, qanı qanımızdan olan insanlar dərd-qəm içindədirlərsə, bir dəfə üzləri gülmürsə, biz necə xoşbəxt ola, deyib-gülə, şənlənə bilərik? Məncə, fərdlərin xoşbəxtliyi həm də cəmiyyətin xoşbəxtliyi ilə bağlı olan məsələdir. Buna görə də hamılıqla yaşadığımız ölkədə hər kəsin xoşbəxt olması üçün çalışmalıyıq. Sovet dövründə insanların beyninə yeritmişdilər ki, pul əl çirkdir. Məncə, pul halal yolla qazanılanda, nəcib işlər üçün sərf olunanda, heç də çirkin bir şey deyil. Çoxlu pul xoşbəxtlik gətirmir, amma dəhşətli yoxsulluq bədbəxtlik gətirir. Çox adam ona görə xoşbəxt deyil ki, sadəcə, xoşbəxt olmağı bacarmır.

Hazırda məzuniyyətdəyəm. Yay tətilini ailəmlə birlikdə İsmayıllı rayonunun məşhur Qalacıq kəndində keçiririk. Səhər-axşam övladlarımla birlikdə çay kənarında gəzir, meşədə quşların şirin nəğməsini dinləyə-dinləyə böyürtkən yığırıq. Bu sadə həyat tərzi bizi ailəlikcə xoşbəxt edir. Demək istədiyim odur ki, xoşbəxt olmaq çətin deyil. Yetər ki, azla qane ola biləsən”.

Psixoloq Fərqanə Mehmanqızı: “Xoşbəxtlik nisbi anlayışdır. Bu, həyat tərzindən, xarakterdən, həyata baxışdan qaynaqlanır. Ona görə də xoşbəxtliyin qanunu yoxdur.

Ümumi ana xətt budur ki, insan nəylə rahatlıq tapırsa, onun üçün xoşbəxtlik budur. Bəziləri üçün övladları, digəri üçün maddi sıxıntıların olmamağı, kimin üçünsə karyera, digəri üçün sevdiyi insan, özünün şəxsi rifahı xoşbəxtlikdir. Burada konkret qayda yoxdur.

Xoşbəxtlik anlarla yaşanıldığına görə ümumi deyil. O an sənə nə lazımdırsa və sən onu əldə etmisənsə xoşbəxt olursan.

Maddi güc təbii ki, özgüvən verir. Bu, həqiqətdir. Amma pulun insana nə qədər xoşbəxtlik verəcəyi isə həmin insandan asılıdır”.

Fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub: “Bu gün müasir dövrdə dünyanın mütərəqqi universitetlərinin tədqiqat mövzularından biri xoşbəxtlik məsələsidir. Bəlkə də bu, bizə bir qədər qəribə görünə bilər. Amma fakt budur ki, bu gün xoşbəxtlik ciddi araşdırma mövzusuna çevrilib. Bu mövzuda müxtəlif sorğular keçirilir və bu sorğular elə ölkələrdə aparılır ki, həmin ölkələr sosial təminat və rifah baxımından ilk onluğa daxil olan ölkələrdir.

Bəs, bu araşdırmalara səbəb nədir? Heç nə səbəbsiz deyil, zəmin var. Məsələ burasındadır ki, müasir dünyada, mütərəqqi cəmiyyətlərin bəzilərində insanlar depressiya yaşayırlar və antidepresan vasitələrin istifadəsi faizi çox yüksəkdir. Məsələn, İsveç, İsveçrə və bu kimi ölkələr.

Xoşbəxtlik məsələsi ciddi mövzudur. Sual olunur ki, insan necə xoşbəxt ola bilər? Bu, çox geniş müzakirə mövzusudur. Bir fakt var və bu fakt ondan ibarətdir ki, xoşbəxtlik yalnız pul və maddi rifahla təmin edilən bir gerçək deyil. Xoşbəxtlik elə bir hiss deyil ki, sırf maddi vəziyyətin düzəlməsi ilə hasil olsun. Belə olsaydı, maddi rifah baxımından yüksək səviyyədə olan ölkələr insanların özünü xoşbəxt hiss etmə indeksinə görə də yüksəkdə olardı. Amma bu belə deyil və həmin ölkələrdə intihar halları da çoxdur.

Əgər insanların özlərini xoşbəxt hiss etmələri maddi vəziyyətə bağlı deyilsə, o zaman bu mənəvi-psixoloji əsaslara dayanır. Biz o zaman özümüzü xoşbəxt hiss edə bilərik ki, maddiyyatdan başqa sahəyə də yönələk. Çünki biz insan olaraq mənəvi-psixoloji cəhətə də sahibik və bunu da unutmayıb təmin etməliyik.

Konkret nəticə budur ki, sırf pulla insan xoşbəxt ola bilmir. Pul vacibdir, amma kafi deyil. Xoşbəxt olmaq üçün təkcə pul yetmir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...