Sahibsiz küçə heyvanları necə qorunmalıdır? - ARAŞDIRMA

Bu bir həqiqətdir ki, evdə əziz dostlarımızın, yəni ev heyvanlarının olması ayrı bir xoşbəxtlik mənbəyidir. Xüsusilə diqqət və sevgini sevən və sevgilərini göstərməkdən çəkinməyən itlər həqiqətən insanların ruhuna toxunur. Lakin bəzi insanlar sahibləndiyi itləri sonradan küçəyə atır və yaxud onların baxımına biganə yanaşır.

Səhər zəngli saatdan əvvəl gəlib sizi həyəcanla oyandıran, işdən qayıdanda yerində otura bilməyən bu şirin dostların qayğısına qalmaq çox yaxşıdır. Bu mərhələdə həm heyvanların, həm də insanların rahatlığını və sağlamlığını nəzərə alaraq hərəkət etmək də böyük əhəmiyyət kəsb edir.

Tarixi mənbələrdə Osmanlı dövrünə aid maraqlı qeydlər var.

- Məhəllələri itlər qoruyurdu.

- Bələdiyyə Təmizlik Xidməti olmadığı üçün zibilləri yeyirdilər.

- Yanğın olanda insanları xəbərdar etmək üçün hürürdülər. İtlərə yem vermək, onlara qulluq etmək xalq üçün xeyirxah iş sayılırdı.

Avropada və Amerikada niyə sahibsiz itlər və pişiklər yoxdur?

Fransız, Alman, İngilis, Amerikada heyvanları çox sevirlər. Fransada 80 milyon ev iti var. Digər ölkələrdə də oxşar rəqəmlərdir. Burada ev heyvanını küçədə buraxmaq işgəncəyə bərabər idi. Fransada bununla bağlı 30.000 avroya qədər cərimə və ya 2 ilə qədər həbs cəzası var. Heyvanların sağlamlığı, qidalanması və yaşayış mühiti ilə bağlı qanuni qaydalar qüvvədədir. “Heyvanı zorlamaq” təhrifinin cəzası 2 il həbs və 15 min avrodur.

Hollandiyada heyvan polisinə şikayət edən qaynar xətt var. 400 heyvan polisi işləyir. Bu rəqəm 800-ə yüksəlir.

Fransada cəzalar kimi sanksiyalarla yanaşı, ictimai xidmət öhdəliyi və bir il ərzində ev heyvanı saxlaya bilməmək kimi məhdudiyyətlər tətbiq edilib. Belçikada heyvanlara təcavüzə görə cəza 100 min avroya qədər artırılıb. Bundan əlavə, 2 ilə qədər həbs də var. Daha ağır hallarda cərimə 300 min avroya qədər artır.

Almaniyada isə 3 il həbs var. Pis rəftar, işgəncə və zorlama hallarında 3 ilə qədər həbs və 25 min avroya qədər cərimə tətbiq olunur.

İspaniyada eyni cəzalara əlavə olaraq, hər 6 saatdan bir ev heyvanını ən azı 20 dəqiqə gəzdirmək məcburiyyəti var. Bunu etməyənlər isə 100-400 avro arasında cərimələnir. Bütün sahibsiz itlər və digər heyvanlar “heyvanların mühafizəsi sığınacaqlarına” aparılır.

Bəs, ölkəmizdə küçə itləri və sahibsiz heyvanlarla bağlı hansı qayda qanunlar var? Qanunla necə tənzimlənir? Onlarla hansı qurumlar məşğul olur və ya olmalıdır? Harada müalicə olunurlar? Onlara hansı peyvəndlər tətbiq olunur? SİA mövzu ilə bağlı araşdırma apararaq sosioloq, ekspert, hüquqşünas və heyvansevərlərin fikirlərini öyrənib.

Azərbaycanda IDEA Heyvanlara Qayğı Mərkəzinin (IACC) təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulmuşdur. 2016-cı ilin sonunda Mərkəzin inşası başa çatdırılmış, 10 noyabr tarixində isə Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olmuşdur. 2017-ci ilin mart ayının 1-dən etibarən Mərkəz rəsmi olaraq fəaliyyətə başlamışdır.

IDEA Heyvanlara Qayğı Mərkəzi sahibsiz heynanlarla bağlı problemin həllində əsas diqqətini sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviqinə yönəldir.

Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan mövcuddur.

Mərkəzin baytarlıq klinası həm küçə, həm də sahibli heyvanlara xidmət göstərir. Küçə heyvanları üçün bütün xidmətlər tamamilə pulsuzdur. IACC-nin CVNR (tut-peynəndlə-axtala-burax) proqramı üzrə Mərkəzdə heyvanların tutulması üzrə xüsusi təlim keçmiş mobil qrup fəaliyyət göstərəcək, işçilər tərəfindən heyvanlar ən humanist üsullarla tutulacaqdır. Sterilizasiya edilmiş və peyvəndlənmiş itlərin qulaqlarına nömrələnmiş birkalar vurulur, pişiklər isə qulağın ucunun kəsilməsi ilə işarələnir. Bütün heyvanların profil və tibbi məlumatları IACC-nin xüsusi elektron məlumat bazasına daxil edilir.

Himayə bölməsində öz müxtəlif xüsusiyyətlərinə görə himayəyə verilməsi daha mümkün hesab edilən it və pişiklər yerləşdirilir. Bu heyvanlar sterilizasiya edilir, peyvəndlənir, mikroçiplənir və potensial sahibləri üçün tam hazır vəziyyətdə saxlanılır. Himayəyə verilən heyvanların profillərini öz internet səhifəsi və sosial şəbəkələrdə yerləşdirilir.

Mərkəzin fəaliyyətinin digər bir zəruri sahəsi heyvanlara qarşı humanist davranışın və məsuliyyətli sahibliyin təşviq edilməsi, cəmiyyətdə heyvanların rifahı haqqında maarifləndirmənin artırılması və Azərbaycanda insanların sahibiz heyvanlara münasibətinin dəyişdirilməsindən ibarətdir. Mərkəzin konfrans zalı və digər hissələri heyvanlarla bağlı müxtəlif tədbirlər, təqdimat və mühazirələrin keçirilməsi üçün istifadə ediləcək. Heyvanlara humanist və məsuliyyətli yanaşmaların bəslənməsi məqsədilə uşaqlar və gənclər üçün sinifdənkənar proqram və tədbirlərlərin həyata keçirilməsi, IACC-nin elektron resursları və nəşrləri vasitəsilə əhali arasında müvafiq məlumatlandırma işlərinin aparılması nəzərdə tutulur.

Sahibsiz heyvanların vəziyyətinə biganə olmayan könüllülərin köməyi Mərkəzin səmərəli fəaliyyəti üçün əsas şərtlərdən biridir. Mərkəzdə yerləşdirilən it və pişiklərə qayğı göstərməkdə yardım etmək istəyən heyvansevərlər IACC-nin xüsusi anket formasını doldurmaqla və daxili qaydalarına riayət etmək öhdəliyini imzalamaqla Mərkəzin fəaliyyətinə könüllü kimi qoşula bilər.

Vəkil Turan Abdullazadə: "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydalarına əsasən küçələrdə, bazarlarda, bağçalarda, bulvarda, çimərliklərdə, nəqliyyat vasitələrində və digər ictimai yerlərdə sahibsiz itlər, pişiklər, hətta cins itlər (xaltalı, jetonlu, buruntaqlı) sahibsiz heyvanlar saxlayan müəssisələr tərəfindən götürülməlidir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik), dövlət sanitariya nəzarəti, daxili işlər və yerli icra hakimiyyəti orqanları şəxslərin bu Qaydalara əməl etmələrinə nəzarəti həyata keçirirlər.

Şəxslərə məxsus ev heyvanlarının yoluxucu xəstəliklərə qarşı peyvəndlənmələrini, diaqnostik müayinələrini, digər baytarlıq-sanitariya tədbirlərini təşkil etmək məqsədi ilə onların Agentliyin regional bölməsində uçota alınmaları (identifikasiya olunması) insanların sağlamlığı və ərazinin epizootoloji sabitliyinin qorunması baxımından yerinə yetirilməsi vacib olan mühüm dövlət baytarlıq tədbiridir.

Baytarlıq idarələri hüquqi və fiziki şəxslərə məxsus heyvanlarda (it, pişik və s.) təlimata uyğun olaraq peyvəndləmələri, diaqnostik müayinələri, digər baytarlıq-sanitariya tədbirlərini və insan həyatı üçün təhlükəli xəstəlikləri olan itlərin, digər heyvanların məhv edilməsində baytarlıq xidmətini təşkil edir.
Sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

Sahibsiz heyvanlar problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir. Tutulan sahibsiz heyvanlar müvafiq sığınacaqlarda saxlanılmalıdır.

Göründüyü kimi, müvafiq qanunvericilik bazası mövcud olsa da, Azərbaycan Respublikasında heyvan hüquqları kifayət edəcək səviyyədə qorunmur. Bir vəkil kimi düşünürəm ki, heyvan hüquqlarının müdafiəsi sahəsində həm qanunvericilik aktlarına dəyişiklik edilərək heyvanlara qarşı zorakılıq aktları məsuliyyətin dərəcəsi ağırlaşdırılmalı, cərimənin məbləği artırılmalı, həm də əməli-maarifləndirici tədbirlər gücləndirilməlidir. Vətəndaşları isə bu cür hadisələrə qarşı həssas davranış nümayiş etdirməyə dəvət edir, habelə heyvanlara qarşı rəhmsiz davranış gördükləri təqdirdə dərhal video çəkiliş edərək aidiyyəti qurumlara və şəxslərə göndərmələrini tövsiyyə edərdim.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü madəsinə əsasən heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir. 31 may 2007-ci il tarixli "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş "Ev heyvanlarının mühafizəsi haqqında" 1987-ci il noyabrın 13-də Strasburq şəhərində imzalanmış Avropa Konvensiyasının 3.1-ci maddəsinə əsasən heç bir kəs ev heyvanına lüzumsuz ağrı, əzab və ya zərər verə bilməz.

Həmin Konvensiyaya əsasən Heyvanlar üçün sığınacaq dedikdə, çoxlu sayda heyvan saxlanıla biləcək qeyri-kommersiya xarakterli yer nəzərdə tutulur. Əgər milli qanunvericilik və/və ya inzibati tədbirlər buna imkan verirsə, belə sığınacaq sahibsiz heyvanları da qəbul edə bilər. Sahibsiz heyvan dedikdə, küçədə, yaxud sahibinin evindən kənar ərazidə yaşayan, sahibinin nəzarəti altında olmayan ev heyvanı nəzərdə tutulur.

Sahibsiz heyvanların tutulması, saxlanılması və onların həyatına son qoyulmasına dair bu Konvensiyada nəzərdə tutulmuş prinsiplərdən istisnalar yalnız xəstə heyvanların sayına nəzarət üzrə milli proqram çərçivəsində labüd olduğu hallarda edilə bilər.

"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən heyvanlarla rəhmsizcəsinə davranması nəticəsində onları şikəst və ya tələf etdikdə məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinin 4-cü bəndində dövlətin ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminatı qeyd edilmişdir.

Günümüzdə heyvanlara qarşı münasibətdə “hüquqi nihilizm”in ( boşluğun, etinasızlığın) şahidi oluruq. Təəsüflər olsun ki, heyvan hüquqlarının qorunması sahəsində qanunvericilik baxımından əməli tədbirlər tam olaraq görülməmiş, mütəmadi qanunvericilik səviyyəsində kompleks aktlar qəbul olunmamışdır".

Yazıçı kulturoloq, analitik-ekspert Aydın Xan Əbilov: “Azərbaycanda sahibsiz heyvanlara qarşı çox maraqlı münasibət var. Məsələn, hansısa bir heyvanı dövlət öz himayəsinə götürübsə, yaxud maraqlı heyvan və bitki növləri varsa onu hər kəs mühafizə etməyə çalışır. Amma şəhərdə və yaşayış məntəqələrinin kənarında insanlarla birgə yaşayan sahibsiz heyvanlar da var. Bu heyvanlara qarşı isə amansız münasibət var. Bu münasibət son vaxtlar zəifləsə də, əvəllər daha güclü idi. Bunları nəzərə alaraq, Azərbaycanın ictimai fəalları, ekologiya və ətraf mühitin mühafizəsi ilə məşğul olanlar, dövlət qurumları, Leyla xanım Əliyevanın başçılığı altında İDEA təşkilatının apardığı işlərin nəticəsi olaraq artıq Bakı və ətraf ərazilərdə heyvan sığınacaqları var. Bakıda və Qaradağda belə yerlər var. Lakin bunlar çox azdır.

Bizim sahibsiz heyvanlara qarşı olan münasibətimiz kordinal dəyişilməlidir. Biz anlamalıyıq ki, dünyada soxulcandan tutmuş, insana qədər hər kəs həyat zəncirinin bir hissəsidir. Onları mütləq qorumalıyıq.

Bu heyvanların yaşamını təmin etmək üçün həm özəl, həm də dövlət qurumları olmalıdır. İnsanlar bu heyvanlara aqressiya ilə yanaşmamalıdırlar. Biz onların müalicəsi ilə məşğul olmasaq onlar da yox olub gedəcəklər. Bununla ciddi məşğul olmaq lazımdır. İnanıram ki yaxın gələcəkdə bununla bağlı qanunlar olacaq, cərimələnmə və cəzalandıərma mexanizmi ilə insanların canlı mühitə olan fikirləri müsbət tərəfə yönələcək”.

Heyvansevər, hüquqşünas Ləman Ağayeva: “Azərbaycan Respublikasının qanunvericilik sistemində ev və vəhşi heyvanların qorunması ilə bəzi normativlər olsa da, sahibsiz heyvanların müdafiəsi ilə bağlı tətbiq olunan müddəa - Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsini göstərmək olar. Bu maddəyə əsasən heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə nəzərdə tutulub. Lakin bu müddəanın tətbiq olunmasının prosedur qaydaları uzun zaman tələb edir. Hər hansı bir heyvanla onun sahibinin və ya digər şəxsin rəhmsiz rəftar etməsi barədə şikayətlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq bölmələrində baxılır. Bununla bağlı polisə məlumat verilir, polis həmin şəxsi araşdırıb müəyyən etdikdən sonra bir sıra tədbirlər həyata keçirərək protokol tərtib edir. Əgər şəxsin hadisəni törətməsi sübut olunarsa, həmin şəxs barəsində tərtib olunmuş protokol məhkəməyə təqdim edilir. Məhkəmə işə baxdıqdan sonra yuxarıda qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulan 500 manat məbləğində cəriməni təyin edir. Bundan sonra həmin şəxs islah olunmaq əvəzinə daha da aqressivləşərək yenidən öz əməllərinə davam edir. Çünki özündən gücsüz birinə qarşı amansız rəftar edən şəxsin dərin psixoloji problemləri olduğu dəqiqdir. Bu inzibati cəzanın sanskiyasının şəxsin islah olunması üçün yetərli olmadığını düşünürəm. Heyvanların da canlı olduğunu və hisslərlə yaşadığını nəzərə alaraq digər inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də sərt qanunlar qəbul olunmalıdır. Belə olan halda sahibsiz heyvanları məruz qaldıqları haqsızlıqlardan bəlkə qismən də olsa, qoruya bilərik. Qanuna görə, inzibati xətanı təkrar törətdikdə daha ağır inzibati cəzalar tətbiq olunur, lakin bizim cəmiyyətdə heyvanlar o qədər lazımsızdır ki, sahibsiz heyvanların hüquqlarının qorunması üçün çox nadir insanlar hər hansı bir məslənin sonunadək mübarizə aparırlar. Bu praktika bizim nə aidiyyəti qurumlarda, nə də məhkəmə sistemində demək olar ki, işləmir. Cinayət Məcəlləsinə bu hüquq norması əlavə edilərək azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətdə azadlıqdan məhrumetmə cəzaları kimi məsuliyyət tədbirləri nəzərdə tutularsa, vicdanı olmayan bir şəxs Allahdan qorxmasa da, qanundan qorxaraq bu hərəkətləri etməz.

Bilirik ki, Azərbaycanda zooloji xidmət çox bahadır. Sahibsiz heyvanları xilas edən şəxslərin hər zaman onların müalicəsinə imkanı çatmır. Bununla bağlı sosial şəbəkələrdə saysız hesabsız səhifələr və qruplar mövcuddur. Bu qrupları idarə edən tək-tük insanlardır ki, onlara heyvanların müalicəsi ilə bağlı müxtəlif şəxslər tərəfindən göndərilən vəsiaiti təyinatı üzrə istifadə etsinlər, bir çox dələduz şəxslər insanların etibarını qazanaraq belə səhifələr yaradıb özləri üçün pul qazanırlar. Heyvanların pulsuz müalicəsi isə təkcə Heydər Əliyev Fondunun maliyyələşdirdiyi IDEA - heyvanlara qayğı mərkəzindədir. Bura isə növbə çoxluğundan düşmək olmur, gərək 2-3 ay öncədən növbən olsun ki, xilas etdiyin heyvanı ora müayinəyə və ya əməliyyata aparasan.

Sahibsiz heyvanların aqressiv olmamaları üçün ilk öncə həyətlərdə, yol kənarlarında yemək və su qabları quraşdırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qismən də olsa bunu edib. Ac heyvan insana yaxınlaşıb yemək istəyir, aqressiv heyvan isə bunu hücuma keçərək edir. Bu halların qarşısının alınması üçün isə heyvanlara ildə bir dəfə quduzluq və xəstəliklər əleyhinə vaskin vurulmalıdır. İDEA mərkəzinə növbə götürərək bunu pulsuz etmək olur. Heyvana 1 həftə öncə qurdlar əleyhinə çəkisinə uyğun dərman verilir, daha sonra vaskinləri vurulur. Belə heyvan nə aqressiv olur, nə insanlara hücum etmir, nə də özü xəstələnərək ətraf üçün təhlükə və probelm yaratmır. Bundan başqa onların qısırlaşdırılaraq çoxalmasının qarşısının alınmasına nail olmaq mümkündür. Qısırlaşdırılmış heyavnlarda da, aqressiya olmur və onlar daha uzun və sağlam ömür yaşayırlar (öldürən olmasa). Balaları olan itə qarşı amansızcasına rəftar edib, balalarını gözünün önündə vəhşicəsinə öldürüb və ya balaların qarşısında anasını öldürərək və s. rəhmsiz davranışları ilə onları aqressivləşdirib, daha sonra icra hakimiyyətlərinin 10 manata tutduğu vicdansız şəxslər tərəfindən vəhşicəsinə güllələnməsi və ya heyvanlara qayğı mərkəzi adı altında fəaliyyət göstərərək küçədəki heyvanları yığıb səbəbsizcə öldürən "TOPLAN" adında quruma şikayət etməklə bu problemlər öz həllini tapmayacaq. Bununla bağlı məktəblərdə məlumat xarakterli dərslər keçirilməli, şəhərin görünən yerlərində poster və məlumatlar asılmalı, televiziya və radiolarda verilişlər hazırlanmalıdır. Onların qayğısına qalmaq və xilas etmək üçün isə xarici təcrübədən istifadə etmək zəruridir. Çox təssüf ki, sahibsiz heyvanların mühafizəsi ilə bağlı Beynəlxalq müqavilələr, Konvensiyalar və s. normativlər Azərbaycanda ratifikasiya olunmur. Yoxsa bizim vəfalı dostlarımızın da qorxmadan, sağlam, tox və azad yaşamaqları üçün hüquqları olardı. Unutmayın ki, bu dünya tək insanlar üçün deyil, eyni zamanda digər canlıların yaşaması üçün müəyyən olunmuş planetdir. Heyvanların bizdən istədikləri bir qab artıq qalmış yemək və sevgidir. Bunu onlara çox görməyin”.

"Toplan" - Sahibsiz itlərə qayğı mərkəzi əməkdaşları: “"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi sahibsiz küçə itlərinə qarşı mübarizə tədbirlərini həyata keçirən səlahiyyətli qurumdur. Mərkəz fəaliyyətini “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 31 may 2007-ci il tarixli Qanununa , “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli Qərarına və digər təlimat və tövsiyələrə uyğun həyata keçirir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə