Çimərliyə hansı qidaları aparmaq olmaz? - AÇIQLANDI

“Müasir qida təhlükəsizliyi prinsiplərinə əsasən, hər hansı qida məhsulunun keyfiyyətli və təhlükəsiz şəkildə istehlakçıya çatdırılması üçün istehsaldan istehlaka qədər “soyuq zəncir”in qorunması əsas şərtdir. Bu, məhsulun temperatur rejiminin zədələnmədən saxlanması və mikrobioloji çirklənməyə yol verilməməsi baxımından vacibdir. Əgər qidanın saxlanma və daşınma prosesində bu temperatur sabitliyi pozularsa, məhsulun xarab olması, mikroorqanizmlərlə çirklənməsi və nəticə etibarilə insan sağlamlığı üçün təhlükəli hala gəlməsi mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov sözlərinə belə davam edib: “Soyuducularda və sərin şəraitdə saxlanıla bilən bəzi məhsulların daşınması qısamüddətli olduqda müvəqqəti çəmirli (termos və ya izolyasiyalı qablarda) şəraitdə mümkündür. Lakin bəzi yüksək riskli qida kateqoriyaları – məsələn, mayonez tərkibli məhsullar, göbələk, balıq, konservlər və digər tez xarab olan məhsullar – mütləq şəkildə sabit temperaturda, yəni soyudulmuş şəraitdə daşınmalıdır. Əgər bu məhsullar günəş şüaları altında və ya isti şəraitdə saxlanılarsa, qida zəhərlənməsi riski son dərəcə artır.

Eyni zamanda yay mövsümündə təzə kənd təsərrüfatı məhsullarının, xüsusilə də qarpuzun istehlakı ilə bağlı da ehtiyatlı olmaq tövsiyə olunur. Qarpızlar düzgün aqrotexniki qaydalara uyğun becərilmədikdə, xüsusilə də yüksək dozalarda azot gübrəsi və ya nitratlarla yetişdirildikdə, meyvənin tərkibində zərərli maddələr toplanır. Belə məhsulların həddindən artıq miqdarda qəbulu insan orqanizmində nitrat zəhərlənməsinə səbəb ola bilər.

Nəticə etibarilə, rəsmi nəzarətdən keçmiş, düzgün saxlanma və daşınma şəraiti təmin olunmuş qidalar sağlamlıq üçün təhlükəli deyil. Əksinə, soyuducu zəncirə əməl olunmayan, qeyri-rəsmi və nəzarətsiz şəkildə istehlakçıya çatdırılan məhsullar yay aylarında xüsusilə zəhərlənmə riski daşıyır. Buna görə də həm fərdi səviyyədə, həm də ümumi ictimai səhiyyə baxımından bu məsələlərə diqqətli yanaşmaq zəruridir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə