Dünəndən miras qalanlar və sabaha aparacaqlarımız
Onuncu məqalə
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. 1 may 30 sentyabr tarixləri arasında reallaşdırılacaq layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımız bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz Türk dünyasıdır. Ailəmizin etibarlı təməllər üzərində qurulması həm də ortaq tarixi keçmişimizə sahib çıxmaqdan keçir. Layihənin məqsədi Türk dünyasında bu istiqamətdə atılan addımları, ortaq mirasımızla bağlı tarixi faktları türk dünyasına, o cümlədən uşaq, yeniyetmə və gənclərə çatdırmaqdır. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 12 məqalənin hazırlanması nəzərdə tutulub. Müxtəlif sahələri əhatə edəcək həmin 12 məqalənin onuncusunu oxuculara təqdim edilir.
Bu məqalədə Türk dünyasında önəmli yer tutan və ortaq dəyər olan musiqidən bəhs edəcəyik.
Bu istiqamət üzrə həmsöhbətlərimiz- Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli və Qazaxıstanın Türk xalqları arasında Ədəbi ilişkiləri gəliştirmə Vəqfinin başqanı, DGTYB Qazaxıstan təmsilçisi, yazıçı-publisist Erkinbek Serikbaydır.
İkinci haşıyə isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynovanın “Xalq qəzeti”ndəki 15.12.2023-cü il tarixli “Qazax xalqının musiqisi” yazısındakı məqamlarla bağlıdır. Müəllif vurğulayır ki, Qazax xalqının ənənəvi musiqi mədəniyyəti xalq və şifahi ənənəli professional musiqi yaradıcılığını özündə birləşdirir. Buraya xalq mahnıları, dastanlar, instrumental musiqi, habelə peşəkar müğənni və çalğıçıların zəngin yaradıcılığı daxildir ki, sonuncular həm də bəstəçidirlər: “...Qazax mahnılarının iki adı var: ən və ölənq. Ən – mahnının musiqi tərəfinə aiddirsə, ölənq onu ədəbi janr kimi səciyyələndirir. Mahnıların ifası zamanı qazaxlar çox vaxt dombra alətinin müşayiətindən istifadə edirlər. Bu alət peşəkarların əsas aləti olmaqla yanaşı, eyni zamanda məişət musiqisində də geniş istifadə olunur. Qazax xalq mahnılarının da janr təsnifatına əmək, mərasim, məişət və tarixi mahnılar daxildir”.
Müəllif əlavə edir ki, toy mahnıları içərisində “jar-jar” nəğmələri geniş yayılıb: “Bu mahnılar öz adını daim təkrarlayan “jar-jar” rədifindən götürür və toy mərasimində növbə ilə qadınlar və kişilər tərəfindən oxunur. Bu sayaq mahnəlara özbək və türkmən xalqlarının musiqisində də “yar-yar” və “yor-yor” adı ilə rast gəlmək mümkündür”.
Bildirilir ki, Qazax xalq mahnı yaradıcılığının ən geniş hissəsini məişət mahnıları təşkil edir: “Buraya laylalar, uşaq mahnıları, lirik və məzəli mahnılar aiddir. Məişət mahnıları arasında ən böyük yeri, digər xalqlarda olduğu kimi, lirik mahnılar tutur. Məhz bu mahnılarda inkişaflı melodika və kuplet forması müxtəlifliyi ilə seçilir. Qazax məişət mahnıları arasında digər xalqlarda, o cümlədən özbək, qırğız və azərbaycanlılarda olduğu kimi, dialoq (deyişmə) forması çox yayılıb. Bunlara aytıs(atışma- Red.) deyilir”.
Müəllifin qənaətinə görə, ümumiyyətlə, dialoq forması qazaxların mahnı yaradıcılığında son dərəcə populyardır.
Yazıda o da bildirilir ki, qazaxların tarixən 40-a yaxın musiqi aləti olub: “Lakin hazırda daha çox istifadə etdiyi musiqi alətləri bunlardır: dombra, kobiz, sıbızqıı, şan kobız, jetigen, danqıra. Görünən budur ki, digər türk xalqları kimi, qazaxlar da zəngin folklor və musiqi ənənələrinə sahibdirlər. Təqdirəlayiq haldır ki, müstəqil Qazaxıstanda bu ənənələrin qorunması və inkişaf etdirilməsi üçün dövlət səviyyəsində davamlı işlər görülür”.
Aşıqla jırşı eyni səhnədə: Musiqi körpülərinin qurulmasığ
Elə buradan da digər ekspertimiz Erkinbek Serikbayın fikirlərinə yer verək.
Ekspert öncə onu qeyd etdi ki, dünəndən bizə qalan bu musiqi xəzinəsi – sadəcə folklor deyil, kulturoloji kod, kimlik göstəricisi və kreativ gələcəyin qaynağıdır: “Azərbaycanla Qazaxıstanın ortaq musiqi yaddaşı, gələcəyin mədəni körpülərinin qurulmasında unikal imkanlar yaradır. Məsələ artıq yalnız folklorun qorunması deyil – yenidən işlənməsi, aktuallaşdırılması və çağdaş dilə çevrilməsi mərhələsinə çatmışdır”.
Erkinbek Serikbayın dedi ki, son illərdə Azərbaycan və Qazaxıstan arasında mədəni işbirliyi çərçivəsində baş tutan musiqi festivalları, ustad dərsləri və qarşılıqlı çıxışlar – bu birliyin təməlini qoymaqdadır: “Ancaq belə fəaliyyətlərin daha sistemli və strateji səviyyəyə qaldırılması zəruridir. “Aşıqla Akın” layihəsi, hər iki ölkənin dövlət dəstəyi ilə, gənc ifaçıların ortaq repertuarla yetişdirilməsi istiqamətində gerçəkləşdirilə bilər. Belə bir layihə vasitəsilə ortaq musiqi dili formalaşar, hər iki taydan gələn səs eyni səhnədə çalınar”.
Ortaq rəqəmsal musiqi xəzinəsi: Mədəniyyətin arxivləşdirilməsi və yayılması
O da bildirildi ki, XXI yüzil – rəqəmsallaşma yüzilliyidir: “Bu səbəbdən, qədim türk musiqisinin müxtəlif janrlarını, ifaçılarını və alətlərini əhatə edən ortaq bir multimedial baza yaradılmalıdır. Qazax jirları, Azərbaycan muğamı, qopuz, saz və dombra ifaları, qədim dastan fraqmentləri, aşıq havaları və jırörnəkləri bir platformada toplanaraq, beynəlxalq elmi və musiqi ictimaiyyətinə açıq şəkildə təqdim olunmalıdır. Bu, həm elmi araşdırmalar üçün zəmin yaradar, həm də “Türk dünyası musiqi atlası” ideyasına gerçək zəmin təmin edər”.
Saz və dombra: UNESCO çətiri altında ortaq tanıtım
Ekspertin sözlərinə görə, Azərbaycan aşıq sənəti və Qazax akınçılıq gələnəyi– ortaq irs sayılaraq, ayrı-ayrılıqda deyil, ortaq kök üzərindən dünyaya təqdim edilməlidir. “Sazın və dombranın ortaq türk mənəvi aləmi içindəki funksiyası” mövzusunda beynəlxalq simpoziumların təşkili, elmi əsərlərin, sənədli filmlərin hazırlanması, məktəb proqramlarına daxil edilməsi bu istiqamətdə önəmli addımlar olardı.
Gənclik və texnologiya: Keçmişin gələcəyə transformasiyası
Öz növbəsində Bəhmənli dedi ki, əgər biz bu mirası sabaha daşımaq istəyiriksə, onu gəncliklə tanış etdirməli, çağdaş texnologiyalarla birləşdirməliyik: “Elektron musiqidə saz, dombra sədası, hip-hop ritmləri üzərində aşıq deklamasiyası, animasiyalarla dastan motivləri – bunlar artıq mümkündür. Mədəniyyət yalnız qorunmaq üçün deyil, yaradılmaq üçün də vardır. Keçmişin ruhunu gələcəyin texnologiyası ilə canlı, cazibədar və paylaşılabilən hala gətirmək, onu yeni nəsil üçün daha anlamlı edəcəkdir”.
Səsimizin kökü eyni, nəfəsimizin sabahı bir olsun
Beləliklə, türk dünyasının ortaq musiqisi haqqında yazımıza son qoyuruq. Və bu məqamda yenə də azərbaycanlı araşdırmaçı-yazar Əkbər Qoşalının sözlərinə istinad etsək, deyə bilərik ki, Qazaxıstan və Azərbaycanın ortaq mədəni-sənət, o cümlədən musiqi mirası, sadəcə keçmişin yadigarı deyil, gələcəyin strateji mədəni kapitalıdır. Biz bunu bütün türk dünyasına şamil edərək bildirək ki, bu miras – təkcə simli alətlərin titrəyişində, dastanların nəğməsində deyil, tarixi yaddaşda, identitet (kimlik, mənlik) şüurunda və gələcək üçün mədəni dizayn potensialında yaşayır. Dədə Qorquddan başlayan bu yol – türk dünyasının mütəfəkkirlərinin, musqi xadimlərinin izləriylə bu günümüzə gəlmiş və indi bütün dünyaya yayılıb.
Sonda bir məqamı da qeyd edək. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin açılışını birgə etdiyi - qardaş ölkənin Azərbaycana hədiyyəsi olan – Füzuli şəhərində tikilən Uşaq Yaradıcılığın İnkişafı Mərkəzinin məhz Kurmanqazının adını daşıması da təsadüf sayılmamalıdır. Çünki Kurmanqazı Sağırbayulı (Kurmangazy Sagyrbayuly) qazaxların klassik bəstəkarı, instrumentalist və ulu el sənətkarıdır. Kurmanqazinin adının işğaldan azad edilmiş Füzulidə əbədiləşdirilməsi iki ulu sənətkarın ruhi bağını, onların ruh şadlığını da ifadə edir. Bu, həm də türk dünyasının musiqi və ədəbi ruhunun birliyini simvolizə edir.
Cavid Şahverdiyev
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə