Uşaq bezləri -rahatlıq, yoxsa sağlamlıq? - ARAŞDIRMA

Günümüzdə yeni anaların əksəriyyəti körpəsi doğulmadan uşaq bezlərini alıb saxlayır. Lakin bez alarkən diqqət etməli olduğunuz çox mühüm bir məqam var.

Əvvəla körpəniz çox sürətlə böyüyəcək. Bunun üçün etməniz lazım olan, körpəniz üçün saxlayacağınız uşaq bezlərinin yalnız yeni doğulanlara uyğun olanlarını almamağınızdır. Demək olar ki, hər ölçüdə uşaq bezlərindən istifadə edəcəyini nəzərə alsaq, hər ölçüdən bir az almaq daha məntiqli olardı. Daha sonra bezləri bitdikcə yenisini alın. Birdəfəlik alıb saxlamaq büdcəyə zərər vurur.

Bundan başqa, unutmayın ki, alacağınız uşaq bezi körpənin dərisinə uyğun olmalıdır. Hansı materialdan hazırlandığına diqqət yetirin. Bir uşaq bezi markasını sınamağa qərar verdiyiniz zaman, körpənizin dərisi qıcıqlanırsa, qızarırsa dərhal dəyişdirin. Uşağınızın sağlamlığı uşaq bezlərinə xərclədiyiniz puldan daha vacibdir.

Diqqət yetirilməli digər vacib məqam uşaq bezlərinin nömrələridir. Ümumiyyətlə, markaların uşaq bezi nömrələri çəkiyə görə dəyişir. Bu zaman edilməli olan uşaq bezləri alarkən yaşa deyil, çəkiyə görə seçim etməkdir. Bəzi körpələr 3 kilo, bəzi körpələr 5 kilo doğula bilər və uşaq bezləri yaşa görə deyil, çəkisinə görə alınmalıdır. Bu, yeni anaların ən çox etdiyi səhvdir.

İndi oğlanlar və qızlar üçün uşaq bezləri üçün müxtəlif variantlar var. Oğlan və qız uşaqları anatomik cəhətdən fərqli olduqları üçün istifadə etdikləri uşaq bezləri onlar üçün xüsusi istehsal olunmalıdır. Oğlanlar üçün istehsal edilən uşaq bezlərinin ön hissələri daha çox hopdurucu olduğu halda, qız uşaq bezlərinin orta hissələri daha çox hopdurucudur.

Başqa bir məsələ, külot şəkilli uşaq bezlərindən istifadə etmək istəməyinizdir. İstifadə etmək istəyirsinizsə, körpənizin hazırkı çəkisini nəzərə alaraq almanızı məsləhətdir. Əks halda, bəzi körpələrin ayaqları daha qalın olduğundan, bu uşaq bezləri onların ayaqlarını sıxa bilər. Əksinə, çox zəif olan körpələrdə daşma, axma kimi problemlər ola bilər. Bunlara da diqqət yetirməlisiniz.

Başqalarının istifadə etdiyi və bəyəndiyi uşaq bezlərini sınaqdan keçirin. Bu tövsiyələrin hamısı əsasən yeni ana olacaqlar üçündür.

Bəs, düzgün uşaq bezini necə tapmaq və uşaq bezi alarkən nələrə diqqət etməliyik? SİA mövzu ilə bağlı araşdırma apararaq pediatrların fikirlərini öyrənib.

Mütəxəssis pediatr Yüksel Hüseynli: “Valideynləri ən çox narahat edən mövzulardan biri də övladına uşaq bezi seçimidir. Bu, xüsusən də ilk dəfə valideyn olanlar üçün həssas mövzulardandır.

Uşaq bezi seçimində diqqət etməli olduğumuz məqamlar bunlardır:

  • Quru saxlama xüsusiyyəti
  • Yumuşaqlıq
  • Maye keçiricilik
  • Yan bandların elastikliyi
  • Hava alması
  • Tərkibi.

Maye keçiriciliyi zəif və hava dövranı pis olan bezlər uşaqlarda bişməcələrə səbəb ola bilir. Tərkib demək olar ki, əksər bezlərdə eynidir. Bəzi bez markaları parfüm və boya maddələri istifadə edirlər.Təhlükəsiz olduğu deyilsə də,uşaqlarda allergik reaksiyalara səbəb ola bilər. Ona görə bez seçərkən tanınmış, illərdir istifadə olunan və çevrəmizdə də etibarla istifadə olunan markaları seçməliyik.

Uşaq bezlərinin nömrəsinin seçimində ən uyğun göstərici uşağın kilosudur. Yaşından kiçik ölçülü bezlərin alınması uşaqda narahatlıqlara, bezin ətrfaları sıxması nəticəsində bişməcə, qan dövranı pozulmasına səbəb ola bilər. Böyük bezlərdə isə kənardan axıntı ola bilər. Ən idealı bir dəfəlik bir neçə qutu bez almaq əvəzinə, bez bitdikcə uşağın çəkisi nəzərə alınıb bez almaqdır.

Uşaqlarda tualet alışqanlığı dövründə isə daha ucuz və su keçirən markalar uşağın bezdən ayrılmasına kömək olacaq. Eyni zamanda, yuyula bilən bezlər də həm sağlamlıq nöqteyi nəzərdən, həm də tualet alışqanlığına keçid dövrü üçün uyğundur.

Ümumi olaraq ələ alsam bez müasir dövrdə, xüsusən işləyən analar üçün ideal vasitədir. Uşaq üçün ən idealı isə rahat, yumuşaq, hava keçiriciliyi yaxşı olan, uşaqda allergik reaksiyalara səbəb olmayan və ailənin büdcəsinə uyğun sınanmış bezlərdir”.

Pediatr Sevda Novruzova: “Son illərdə istifadə olunan uşaq bezləri uşağın orqanizmi üçün çox faydalıdır. Onlar uşağı bir neçə saat içərisində quru vəziyyətdə saxlayır. Bu bezlər mayeni tam özünə çəkir və uşaq nəmlik hiss etmir. Həmçinin, mütxəlif dəri səpkiləri və bişməcələrin qarşısını alır.

Əvvəllər analar parçalardan istifadə edirdilər və bu da bir müddətdən sonra uşağın bədəninin soyuq maye ilə kontakta salırdı. Nəticədə də bədənin müqaviməti zəifləyirdi. Uşaq dəriləri çox həssasdır və sidikli parça uşaq dərisini qıcıqlandırraraq dəri problemi yaradır.

Uşaq bezi uşağın ayına uyğun olmalıdır. Yəni, ölçü nə kiçik, nə də böyük olmamalıdır. Uşaq adi su ilə yuyulur, pambıq material parça ilə qurudulub sonra bezdən istifadə etmək lazımdır.

Bir məqam da var ki, uşağın bədəni bezdə çox qaldıqda bu orqanizmə mənfi təsir göstərir. Bezlər 3 saatdan çox olmamaq şərti ilə dəyişdirilməli və nəcis ifrazı olubsa 3 saat gözlənilməməlidir. Tez bir zamanda uşaq bədəni yuyulub qurudulmalıdır. Bütün bu qaydalar yerinə yetirilsə bezlər uşaq üçün sağlamlıq demək olacaq. Problemin yaranması bezin istifadə olunmasının fəsadı deyil, düzgün istifadə olunmamağın fəsadıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə