Ümrə ziyarətinə kimlər gedə bilər? - DİN XADİMİ AÇIQLADI

“Ümrə ziyarəti kiçik həcc ziyarətidir. Ümrə ziyarətinə gedən insan ilk olaraq sağlamlığına diqqət yetirməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, Ümrə ziyarətinə gedən insanın maddi durumu yaxşı olmalıdır: “Yəni ailəsinin ehtiyyacları varsa Ümrə ziyarətinə getmək şərt deyil. Ümrə ziyarəti 1 həftə çəkir. Bu ziyarətdə yaş həddi yoxdur. Uşaqlar da valideynləri ilə bərabər bu ziyarətə qatıla bilər. Ölkəmizdə Ümrə ziyarətinə görə turlar təşkil olunur. Təbii ki, Ümrə ziyarətinə gedən insan mütləq şəkildə namaz qılmağı bilməlidir ya da öyrənib getməlidir. Ümrə ziyarətində niyyət birinci şərtdir. Niyyətdən sonra 2 hissə ağ parça ilə özünü bükür. Kəbə evinin təvafına yollanır. 7 dəfə təvaf etdikdən sonra Kəbə evinin yanındakı İbrahim məqamında 2 rükət təvaf namazı qılır. Bu vacibdir. Bundan sonra isə dırnağından və ya saçından bir parça kəsir. Bununla da Ümrə ziyarəti tamamlanır. Qalan vaxta isə istənilən qədər Kəbə evini ziyarət edə bilər. Zəvvar 3 ya 4 gün Məkkədə qalır, sonra isə Mədinəyə, Peyğəmbər ziyarətinə gedir. Ümumi Ümrə ziyarəti gediş-gəlişlə bərabər 1 həftə olur. Turlar insanları qruplarla Ümrə ziyarətinə aparırlar”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə