Küçə mədəniyyəti nədir və hansı qaydalara riayət olunmalıdır? - MÜNASİBƏT BİLDİRİLDİ

“Küçə mədəniyyəti ifadəsi ilk baxışda mənfi anlam daşısa da artıq bu ifadə bizim leksikonumuza da daxil olub. Amma küçə mədəniyyəti deyiləndə nə başa düşülür?”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Əziz Ələkbərli bildirib.

Onun sözlərinə görə, bu mövzuya iki bucaqdan yanaşmaq olar: “Birincisi küçə mədəniyyəti dedikdə küçə adları, reklam löhvələrinin yerləşdirilməsi, yol işarələri, keçidlərin işıqlandırılması və s. bütün bu kimi məsələlər nəzərdə tutulur. Yəni bunlar hamısı küçə, yol mədəniyyətinin tərkib hissələridir. Bütün bu sadaladığım məsələlər eyni zamanda ölkə haqqında, bu ölkənin sakinləri haqqında ölkəyə gələn turistlərdə müəyyən fikir formalaşdırır. Millətin bir növ mədəniyyətinin göstəricilərindən biridir və dövlətin mədəniyyətini nümayiş etdirir.

İkinci bir tərəfdən isə insanaların özlərini küçədə, cəmiyyət içərisində necə aparması da küçə mədəniyyətinin tərkib hissəsi hesab olunur. Təbii ki, hər bir insan küçədə, parkda davranışlarına fikir verməlidir. Məsələn, küçədə yerə zibil atmaq, siqarət kötüyünü, kağız parşasını, saqqızı, yemək qalıqlarını zibil qutularına yox, küçəyə atmaq hər halda böyük mədəniyyətsizlikdir. Küçədə birgə gedən insanların birlikdə ucadan danışması, söyüş söyməsi də təbii ki, mədəniyyətsizlikdir. Buna görə də hər bir insan şəhərdə gəzdikdə, yol getdikdə, parklarda istirahət etdikdə ətrafı nəzərə almalıdır. Öz hərəkətləri, danışıqları ilə ətrafdakılara narahatçılıq verməməlidir. Çünki fərdlərin hərəkətləri cəmiyyət haqqında kənar şəxslərdə müəyyən xoşagəlməz fikirlər formalaşdıra bilir. Buna görə də heç şübhəsiz küçədə insan özünün davranışına nəzarət etməyi bacarmalıdır. Başa düşməlidir ki, millət deyilən bu toplumun bir parçası, fərdidir. Öz hərəkətləri ilə başqalarında mənfi rəy formalaşdıra bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə